Muəllif:

O kəndin qaranlıq küçələri…

Biz Nəzrin haqda danışırdıq. Yaşıl gözlü, gülüşündən dünya işıqlanan Nəzrin haqda. Hər gün kəndlərindəki evdə soyuq divarlar arasında yuxudan oyanıb, ağır çəkmələrlə məktəbə gedən Nəzrin haqda…

Cüzeppe Tornatorenin “Oskar” mükafatı almış “Poradizo” kinoteatrı” filmi nostalji hisslərdən danışdığı qədər həm də əyalətin ümumi mənzərəsini özünəməxsus şəkildə göstərir. Salvatore kinonu çox sevir. Rejissor olmaq istəyir. Kinomexanik Alfredə çox kömək eləyir. Amma rejissor olmaq üçün bu kiçik Cankaldo şəhərini tərk eləmək lazımdır. Bu şəhərin adamları hələ kinonu bütün çılpaqlığı ilə qəbul eləməyə hazır deyil. Filmlərin bəzi yerlərini kəsib çıxarmaq lazım gəlir. Alfred anlayır ki, Salvatorenin istedadı Cankaldonun sərhədlərinə sığmır. Getmək lazımdır. Alfred kiçik dostuna bunu da məsləhət görür: get, geriyə baxmadan get, bir daha bura qayıtma.

Nəzrinin yaşadığı kənddə həyat başqa rəngdədir. Nəsə tünd rəngdədir. Səhərlər uşaqlar uzun çəkmələrlə palçıqlı yollarla məktəbə gedirlər; çəkməni məktəbin çölündə çıxarıb, içəri yüngül ayaqqabı ilə keçirlər. Bumbuz sinif otaqlarında iki dərsdə əyləşib, sonra yenə o yollarla soyuq evlərə qayıdırlar. Bu məktəbdə uzağı dörd il oxuya biləcəklər. Həyatın qalan hissəsi qeyri-müəyyən…

İndi o uşaqların gələcəyini təsəvvür eləyin. Hansı işıqlı gələcəkdən danışmaq olar? Necə təhsil alacaqlar? Necə iş tapacaqlar? Necə dolanacaqlar? Necə yaşayacaqlar?

Bölgələrdə, ucqar kəndlərdə insanlar yaşam mücadiləsi verir. Kəndlərdə ailələr var, acından ölür. Yaşayış üçün minimum şəraitinin olmadığı dağ kəndləri var. Məktəb yox, nəqliyyat yox, qaz yox, su yox, iş yox… Necə qınamaq olar o kəndləri tərk eləyənləri? Kəndlər var, qış yuxusuna gedir. Yəni payız bitən kimi kəndə yığışırlar, bir də yaz gələndə oraları tərk eləyə bilirlər. O müddətdə uşaqlar dərs üzü görmür. Çünki başqa kəndlərə getmək imkanı olmur. Kənd camaatı bir qışlıq ərzaq tədarükü görüb, evlərinə çəkilirlər. Kənddə həyat sönür…

Hər il bölgələrin sosial-iqtisadi inkişafı üçün büdcədən milyonlarla pul ayrılır. Əvəzində hər rayon mərkəzində bir-iki küçədə divarların rənglənməsi, yeni hasar çəkilməsi, icra hakimiyyətinin binasının təmiri, bir də həmin binanın qarşısında ağacsız park… Adamlara isə iş lazımdır. Adamlara çörək lazımdır. Adamlara qışda istilik lazımdır. Normal səhiyyə lazımdır. İşıqlı gələcək lazımdır…

Bütün almanlar böyük şəhərlərdə yaşamır. Mən bu haqda bir material oxumuşdum. Almaniyadakı kənd həyatı barədə yazılanları oxuyanda heyrətlənməmək mümkün deyil. Kənddə yaşayış keyfiyyəti, demək olar, şəhərdəki mənzillərdən fərqlənmir. Evlər çox rahatdır, bütün şəraiti, o cümlədən daimi isti suyu var. Kənddə yollar da əla səviyyədədir. Dövlətin sosial proqramları var. Adamların maddi rifahı yaxşı yüksək səviyyədədir. Alman insanının gözü şəhərdə qalmır.

Yaponiyada bir tələbəyə görə qatarı onun yaşadığı ucqar kəndə sürürlər. O kənddəki dayanacaqdan qatara ancaq o tələbə minir. Dövlət vətəndaşın təhsili üçün hər cür fədakarlığa gedir. Budur insanın dəyəri…

Nəzrinin yaşadığı kəndə isə heç marşrut avtobusu da işləmir…

İndi ölkə əhalisinin az qala, yarısı Bakıda yaşayır. Regionların inkişafı barədə nağıl danışmaqla deyil, adamlar paytaxta həm də bölgələrdə sosial vəziyyətin ağırlığına görə üz tutub. Axşam 6-7-dən sonra istənilən rayon mərkəzinə ayaq basın, elə bil həyat sönüb. Küçələrdə ayaq səsinizi özünüz eşidəcəksiniz. Adamların əyləncəsi yox, asudə vaxtı səmərəli keçirməkdən söhbət gedə bilməz. Yeknəsəqlik ürək sıxır. Bakıdan bölgəyə gedəndə sanki dərin boşluğa düşürsən. Həyat şərtləri arasında kəskin fərq var. Kəndlərdə insanlar böyük bataqlığın içində boğulmamaq üçün döyüşür. Çox vaxt uduzurlar…

Bakının işıqları gur sayrışır. Bakı cəlbedici görünür. Amma Bakının sayrışan işıqları Nəzrinin addımladığı küçələri işıqlandırmır. O işıqlar kəndin qaranlığını aydınlatmır. O işıqlar insanların həyatında yoxdur. Hər yer qaranlıqdır…

Salvatore doğulduğu şəhərə qayıdır. Rejissor kimi qayıdır. Alfred daha həyatda yoxdur. Kinoteatrı söküb yerində dayanacaq tikiblər. Alfreddən ona çatacaq mücrü var. İçində filmlərdən kəsib çıxardıqları bütün kadrlar…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (4 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 197