Muəllif:

İlyas Ərnəfəsin dizləri

Bir gün xas şair Əlisəmid Kürü gördüm, məndən öndə gedirdi. Tanımadığım bir adamla üzü “Azərbaycan nəşriyyatı”na tərəf irəliləyirdi. Nə haqdasa qızğın-qızğın danışırdı. Ancaq danışan təkcə Əlisəmidin dili deyildi, əli-ayağı, addımları, saçı, çiyinləri, kəsəsi, bütün bədəniylə danışırdı. Danışa-danışa ara-bir dönüb sağa-sola, göyə, yerə, geriyə baxırdı. Geriyə baxırdı, ancaq məni görmürdü. Bir də arxaya döndü. Üzünə baxdım.

Əlisəmidin üzü üz deyildi – bütün dərin qırışlarıyla ovcunun içiydi. Elə bil haçansa üzü atəşdən yandığı anda, yaxud nəyəsə heyrətlənəndə əllərini üzünə sıxmış, ovcunun bütün xətləri üzünə köçmüş, möhür kimi həkk olunmuş, bir daha pozulmamışdı.

O anlarda nədənsə o cür yuxa ürəyi olan adam canavara oxşayırdı. Sanki o, danışdığı sözləri, havanı, yeri-göyü, həmsöhbətini, özünü, ətrafda olan hər kəsi, elə məni də zalımcasına yeyə-yeyə gedirdi. Dözmədim, addımlarımı yeyinlədib ona çatdım. O vaxt nəşriyyatın qarşısına çatırdıq.

Yaz idi, hər yan yaşıllaşmışdı. Salamımı alıb mənə salam əvəzinə bizdən otuz-qırx addım aralı ağac kölgəsində dizini dizinin üztünə atıb yatan İlyas Ərnəfəsi nişan verib: “Yaz, — dedi, — qardaşım, yaz. Bax, bunu mütləq yaz: “İlyas Ərnəfəsin dizləri…”

“İlyas Ərnəfəsin dizləri…” Bu ifadə 9-cu qatda yerləşən redaksiyamıza qalxandan xeyli sonra da dayanmadan beynimdə təkrarlanırdı. Bir saat sonra onu görmək üçün aşağı baxdım…

İlyas Ərnəfəs həmişəki postunda ayıq-sayıq durub özüylə bitib-tükənmək bilməyən söhbətlərini davam elətdirir. İlyas dəqiq bilir ki, bu ölkədə başqasıyla söhbətin onsuz da bir xeyri yoxdu. Bilməyinə biz də bilirik. Əməl eləyəni İlyasdı. Neynəsin, gedib Yazıçılar İttifaqında, ya hansısa məzmunsuz ədəbi tədbirdə boş-boşuna çənə döysünmü? Bütün şair və yazıçılar kimi hansısa qəzetdə, saytda çörəkpulu dərdiylə redaktor, korrektor vəzifələrində qarısınmı – “bir gün gələr, yazaram”, — deyə. Ama arkadaş yazarlar, özümüzü bica yerə aldatmayaq, “o gün” heç vaxt gəlməyəcək (ən azı bizim nəsil üçün), “Gələcək gün”ləri yazanlarımız çoxdu və həmişə də usanmadan öz makulatura ədəbiyyatlarını yaradacaqlar; hələ bir şeyləri olmayan (ola da bilməz!), di gəl iddialı, möhtəşəm yüklə yükləndiyinə iddialı bizlər o YÜK-ü boşaldacaq məchul “o gün”ü dada bilməyəcəyik. Bir gün bizi tutduğumuz bu fəxri “korrektor” postlarımızdanca yaradanın səhvi nəticəsində mətnə düşmüş artıq hərf (HƏRİF) kimi qaralayıb, içində çürümüş ümidlər, boynubükük, karikatur məzmunlu iddialar, qıcqırmış ideyalarla tabuta yükləyib torpağa tapşıracaqlar. “Gələcək gün”lər isə hər il yazılacaq… Ancaq heç vaxt gəlməyəcək. Nə isə!..

Bir vaxtlar — AZADLIĞ-ın ölkəmizə gəlməyə hazırlaşdığı 1990-da «Azərbaycan» qəzetində “Koroğlu kəşfiyyatı” səhifəsində İlyasla yanaşı çıxmışdı şerimiz — biz, simvolların məntiqiylə Koroğlunun DƏLİləri cərgəsinə qoşulmuşduq: mən “Sümüyümə düşən hava”yla, İlyası xatırlamıram; gəl ki, zamanla o HAVA “…sümüyümə düşən hava, gəlir başıma indi”, — deyən mənim yox, İlyasın başına gəldi, — mənim başıma sadəcə, sıradan İŞlər gəldi. Mən işləməyə başladım, İlyas havalanmağa.

Elə həmin — şerlərimizin dərc edildiyi gün təsadüf İlyasla məni Azərbaycan Tele-radio şirkətində görüşdürdü. İlyas məndən soruşdu: “Nəşə çəkirsənmi?” “Yox”, — dedim. “Səndən şair olmayacaq!” — İlyas qızıl-qırmızı üzümə dedi.

Haqlıymış. Nə mən, nə mənim tay-tuşlarımın heç biri şair ola bilmədik. Heç nə ola bilmədik. İlyasın “nəşə”sində gələcəyin mesajı varmış bizə — şairin nəşə çəkib-çəkməməsi şərt deyilmiş, çəkməsə belə, cibinə nəşə atıb tutacaqmışlar. İlyasın “nəşə” dediyi, əslində, şairin əbədi “korrektorluqdan” xilas yoluymuş. Nəslimizin bütün yazarlarını bir-bir xəyalımdan keçirirəm. İddialı romanlar yaza biləcək elə bir adam tapa bilmirəm ki, sübh-tezdən gecə yarısınacan hansısa redaksiyada hərflərlə əlləşməsin; bizim nəsibimiz bir hərf artırıb, bir hərf azaltmaq oldu, qardaşlar! Bizlər cırmaqlayan sözlər yazmaq yerinə, dizlərimizi YERə dirəyib özümüz bilmədən belə, torpağı cırmaqlamaqla özümüzə gor qazmaqla məşğulkən İlyas Ərnəfəs dizlərini GÖYə dirəyib, şerlərini şəriksiz körpəsi kimi dizləri üstə atıb-tutmaqla Tanrıya acıq verdi.

İndi bilmirəm, hansımız ağıllıyıq – İlyasmı, bizmi? Tanrı bilər yəqin…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (7 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 340