Muəllif:

Çaşan dillər və üzə çıxan həqiqətlər…

Atalar yaxşı deyib: “Dil çaşar, düzünü deyər”.  Qərara gəldim ki, son günlər çaşan dillərin dedikləri həqiqətlər haqda yazım.

Son günlər həbsdə olan bloger Mehman Hüseynovun ona qarşı irəli sürülən əlavə ittihama etiraz əlaməti olaraq aclıq aksiyasi elan etməsi gündəm mövzusudur. Media, sosial şəbəkələrdə hər kəs bu haqda yazır. Bir çox insan mövqe sərgiləyir, Mehmana dəstək nümayiş etdirir. Bəziləri isə ya dəstək nümayiş etdirməkdən ehtiyat edir, ya da əks mövqe sərgiləyir. Əks mövqe sərgiləyənlərin etirafından danışacam.

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib ki, Mehman Hüseynovla bağlı kampaniyanın əsl məqsədi Azərbaycana təzyiq göstərmək cəhdidir. Indi mən Səyavuş müəllimə sual vermək istəyirəm. Kimdir buna şərait yaradan? Azərbaycana təzyiq göstərməyə şərait yaradanlar Mehman Huseynovdur yoxsa Mehmankimiləri həbs edənlər? Mehmana yenidən ittiham irəli sürənlər? “Sən vurmadın, mən yıxılmadım.” Sən istədiyini, daha doğrusu istəmədiyini qondarma ittihamla həbs etdir, həbs müddətinə az qalmış yenidən ittiham irəli sür, onun həbsdən çıxmaması üçün çalış. Bundan ötrü sizə söz deyəndə isə səsini qaldır ki, bizə təzyiq edirlər.

Səyavuş Novruzov daha sonra bildirib ki, “Mehman Hüseynov insanların şəxsi əmlakını çəkərək cəmiyyətə təqdim etməyə çalışır və bu yolla da onların mülkiyyət hüquqlarını pozurdu.” Aha…. Deməli Mehmanı niyə həbs etdiyinizi boynunuza alırsız?! Deməli etiraf edirsiz ki, Mehmanı oliqarx-məmurların şəxsi əmlakını çəkdiyinə görə həbs etmisiz?!

Daha bir sitat: “Onun qardaşı Emin Hüseynov da bir müddət İsveçrənin Bakıdakı səfirliyində yaşadı, sonra İsveçrəyə getdi. Yəni bu adamların məqsədi dövlətə, xalqa xidmət deyil, ölkəmiz, dövlətçiliyimiz, xalqımız haqqında mənfi informasiya yaymaqdır”. Deməli etiraf edirsiz ki, Emin Hüseynov və Mehman Hüseynov sizə sərf etməyən tənqidi jurnalistika ilə məşğul olduğuna görə cəzalandırmısız?!

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev öz facebook səhifəsində yazıb ki, “ «Washington Post»da yenə ölkəmizin hədəfə alındığı növbəti yazı dərc edilib. Hətta ABŞ Prezidenti Trampın da total saxtakarlıqda suçlandırdığı bu qəzet bildirir ki, bizdə hazırda 10 jurnalist həbsdədir.” Bəli. Bu “Washington Post”dur. “Washington Post” isə yayımlandığı ölkənin prezidenti tərəfindən total saxtakarlıqda ittiham edilsə də, bu gün rahatlıqla ölkəsində nüfuzlu bir media orqanı olaraq yayımlanır və qəbul edilir. Prezident isə onu yalnız quru böhtanla suçlaya bilir. Bu, prezident Riçard Niksonu “taxtdan salan” “Washington Post”dur.  Yadınızda deyilsə, “Watergate” qalmaqalı barədə özünüzə əziyyət verib oxuyun. Azad mediadır. Sizin öyrəşə bilmədiyiniz. İstəyəndə öz ölkəsindəki əyriliklərdən də yazacaq, başqa ölkələrdə baş verənlərdən də. Kimsə onu bloklaya bilməyəcək və ya belə bir fikrə düşməyəcək.

Daha bir etiraf. Sahib Alıyev mediaya bildirib ki, “Onların yazdıqları, paylaşdıqları materiallar jurnalistikanın tələblərinə qətiyyən cavab vermir. Ümumiyyətlə, hazırda sosial şəbəkələrdə Mehman Hüseynov kimi oyunbazlıqlara gedərək diqqət çəkmək istəyənlərin, yazdıqlarının və dediklərinin məsuliyyətini dərk etməyənlərin sayı minlərlədir”. Deməli, onları məhz sizə sərf etməyən, sizin standartlarınıza cavab verməyən jurnalist fəaliyyətlərinə görə həbs etmisiz?! Yazdıqlarına və dediklərinə görə cəzalandırırsız?!

Daha bir özünüyandıran etiraf. Məşhur KVN-şik Tahir İmanov adlı profildən sosial şəbəkələrdə Mehman Hüseynovu dəstəkləyən status paylaşıldı. Az keçmədi ki, şən və hazırcavab Tahir İmanov mediaya bildirdi ki, həmin profil saxtadır. Sitat: “Sosial şəbəkədəki bu profilin, habelə orada yer alan fikir və çağırışların mənimlə heç bir əlaqəsi yoxdur. Mən Heydər Əliyev ideyalarına sadiq insanam və Prezident İlham Əliyevin siyasətini dəstəkləyirəm. Odur ki, mənim belə bir şəxsi müdafiə etməyim mümkün deyil”. Yəni? Nə əlaqə? Bu Mehman Hüseynovun siyasi məhbus olduğunun etirafı deyilmi? Yəni Mehman Heydər Əliyev ideyalarına sadiq olmadığı və prezident Ilham Əliyevin siyasətini dəstəkləmədiyi üçün həbs olunub?!

Çox yaza bilərəm. Bu son günlər bizə çox şeylər göstərdi, çox maskaları cırdı, çox həqiqətləri, eləcə də kimin kim olduğunu üzə çıxardı.

Mehmanın nə üçün həbs olunduğunu yaxşı bilirik. Elə biz də, siz də yaxşı bilirsiniz. Amma ki, bunu illərdir etiraf etməyən dilinizin çaşaraq deməsi, əvəzolunmaz zövq verir. Kaş ki, Mehman kimi şərlənərək həbs olunan siyasi məhbusların hamısı azad olunsa da, siz  bu əziyyətdən, biz bu zövqdən qurtulsaq…

Bir neçə kəlmə də Mehman haqqında. Mehman Hüseynovu şəxsən tanıyıram. Xətrini istədiyim gənclərdəndir. Onun gördüyü işləri peşəkar hesab etməsəm də, deməliyəm ki,  böyük işlər görürdü. Hətta bir çox jurnalistlərin edə bilmədiklərini jurnalistika standartlarını tapdalayaraq edirdi.  Və qeyri peşəkarlığına baxmayaraq  sevənləri, tamaşaçı ordusu vardı.  Elə hakimiyyəti də qıcıqlandıran onun çəkdikləri, dedikləri və tamaşaçı ordusu idi.

Mehmanın qeyri-peşəkar olduğunu əlində bayraq edənlərə isə demək istəyirəm ki, vaxtı ilə Çingiz Mustafayevin də çəkdikləri, dedikləri də peşəkar deyildi. Amma o həqiqətləri dediyi üçün xalq ona inanırdı, sevirdi, qəhrəman kimi qəbul edirdi. Neçə-neçə jurnalist tanıyıram ki, məhz Milli Qəhrəman Çingiz Mustafayevi özlərinə ideal seçərək jurnalistikaya gəliblər. İllər ötməsinə baxmayaraq bu gün də Çingiz Mustafayev Milli qəhrəman, jurnalist kimi xalq tərəfindən sevilir, xatırlanır…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (4 оценок, среднее: 9,75 из 10)
Oxunma sayı: 638