Muəllif:

Birdəfəlik sosial inyeksiyalar yaxşıdır, yoxsa sistemli qərarlar?..

 

“Ümid çox şirnikləndirici bir əmtəədir, xüsusən də onu itirənlər üçün”. Heç bilirsinizmi, artıq müəllifini belə unutduğum bu sözləri niyə sitat gətirdim? Bəzən ümidin özü ümid yaradır, çünki ümid də qısamüddətli və uzaqmüddətli olur. Və bir də görürsən ki, qısamüddətli ümidlərin çin olması uzaq müddətli, əgər belə demək mümkünsə, strateji ümidlə bağlı da başqa bir ümid, başqa bir gözlənti yaradır…

Bəli, etiraf etmək lazımdır ki, son bir neçə gündə hökumət 26 ildə etdiyindən daha çox sosial layihə həyata keçirdi. Biz onları burada bir-bir sadalamayacağıq, çünki cəmiyyət hər şeyi çox böyük diqqətlə izləyir və hamısını bizsiz də yerli-yataqlı, yaxşıca bilir və dəyərləndirir.

Misal kimi tək bir məsələni deyək ki, nəyi gözləsək də problemli kreditlərlə bağlı hansısa kardinal bir qərar gözləmirdik və hətta ötən il dekabr ayında Gürcüstan hökuməti kredit borclarının böyük hissəsinin silinəcəyini bəyan edəndə oxşar addımın Azərbaycanda da atılacağı heç ağlımıza gəlməzdi, çünki adi insanlar da buna inanmır, sadəcə, gileylənirdilər ki, niyə hökumət Gürcüstana və yaxud Belarusa simvolik şərtlərlə milyonlarla dollar kredit ayırdığı bir halda öz vətəndaşları ilə bu qədər sərt davranır? Ən başlıcası da nəyə görə bizim hesabımıza özlərinin problemlərini həll edən Gürcüstan və ya Belarus kimi ölkələrdə insanların sosial müdafiəsi Azərbaycankından qat-qat güclü olmalıdır?..

Amma budur, bu problem də ən azı qismən həll olundu. Fəqət, biz məsələyə bir azacıq fərqli rakursdan baxmaq istərdik. Qəti ona görə yox ki, “əbədi narazı insanlar kateqoriyası” deyilən kəsim də var və özümüzü də həmin o kateqoriyaya aid edirik — əsla yox, qətiyyən belə deyil.

Sadəcə, konkret, birdəfəlik, ünvanlı sosial proqramlara bizim öz yanaşmamız var; biz onlara “birdəfəlik sosial inyeksiyalar” deyirik və bu qərarların müəyyən zaman intervalında müəyyən adamların problemlərini həll etməsini yüksək dəyərləndirsək də, yenə də daha dərin sosial qərarların, sistemli və institusional dəyişikiliklərin tərəfində qalmaqda davam edirik.

Elə etmək lazımdır ki, dövlətin sosial siyasətindən tək Məmməd və yaxud Həsən, özü də yalnız bircə dəfə yox, gələcəkdə də oxşar kateqoriyalara daxil olan adamlar yararlana bilsinlər. Amma indi nə baş verir?

Minimum əmək haqqının artırılmasının ertəsi günü siqaretlərin də qiyməti qalxdı! Yaxud problemli kreditləri götürək: bunların böyük hissəsi insanlar tərəfindən alınıb və “yeyilib” – böyük ehtimalla onlar sırf istehlak xarakterli olub, heç bir kretaiv təşəbbüsə xidmət etməyiblər.

Bəli, aldıq və “yedik”, sonra da borclu qaldıq: bir hissəmiz əsəbdən və həyacandan əsəb, yaxud da ürək xəstəliyinə tutuldu. Axırda problem gedib nəhayət ki, “yuxarı”lara çatdı və hökumətin insanlara yazığı gəldi, mərhəmət göstərib borcların bir hissəsinin silinməsinə qərar verdilər…

Amma problemin kökü qalır axı! Məsələn, bizdə kredit faizləri çox yüksəkdir; banklar çox aşağı faizlərə aldıqları kreditləri vətəndaşlara qat-qat yüksək faizlərlə verirlər. Niyə belə olmalıdır? Niyə proses hansısa formada nizamlanmamalı və tənzimlənməməlidir? Axı indi kiminsə borcu silinirsə, bu o demək deyildir ki, bir neçə ildən sonra eyni mənzərə yenidən təkrarlanmayacaq.

Yaxud sosial sahədən başqa misal. Ötən il büdcə layihəsi müzakirə olunarkən yeni doğulmuş körpələrə və ümumiyyətlə, azyaşlı uşaqlara görə müavinətlərin artırılması təklif olundu, amma ki, hökumət müxtəlif bəhanələrlə bundan boyun qaçırdı.

Bəli, burada da demək olar ki, ölkədə sosial yardım ünvanlı xarakter daşıyır. Amma sizə elə gəlmir ki, bizdə əslində çox şey “ünvanlı” xarakter daşıyır və bunların ən azı ümumiləşməyə ehtiyacı var, çünki uşaqlarla bağlı qərarı götürsək, əlbəttə, müəyyən təbəqə var ki, onların bu yardıma ehtiyacı yoxdur.

Amma burada da gənc ailələrin gəlirlərindən asılı olaraq müəyyən əmsallar tətbiq etmək olardı ki, bir növ “bərabərləşdirmə” prosesi getsin və müxtəlif sosial qrupların həyat səviyyəsi arasında çox da kəskin  uçurum meydana çıxmasın.

Həm də azyaşlılarla bağlı siyasətə də “paket xarakteri” və ya kompleks şəkil vermək olar. Məsələn, aydın deyil ki, niyə MDB ölkələri arasında ödənişli analıq məzuniyyətinin ən qısa müddəti Azərbaycanda olmalıdır?

Doğrudanmı, gənc Azərbaycanın öz demoqrafik siyasəti yoxdur və yaxud da “demoqrafik siyasət” deyəndə daha çox əhalinin sayı nəzərdə tutulur, sağlam və savadlı nəslin yetişməsi isə heç kimi maraqlandırmır?

Arabir düşünürük ki, sosial-iqtisadi göstəricilərimizi süni şəkildə şişirtmirik ki? O gün baxıram, deyirlər ki, son 15-20 ildə ölkəyə 250 milyard dollardan çox investisiya qoyulubdur. Deyim ki, təxminən 16-20 milyard dollarlıq büdcəsi olan ölkə üçün bu heç də pis göstərici deyil, əksinə bəlkə də çox böyük rəqəmdir.

Əlbəttə, dəqiq statistikamız yoxdur, amma adi müşahidə belə deməyə əsas verir ki, xarici kapital ölkədə elə də geniş və sistemli şəkildə təmsil olunmayıb.

Düzdür, burada da belə arqument söylənilir ki, büdcəmizin özü investisiya yönümlüdür və əsas investorlardan biri də elə dövlətimizin özüdür.

Olsun. Amma iqtisadçı olmasaq da, düşünürük ki, bu heç də sağlam situasiya deyil və dövlətin iqtisadiyyata yüksək müdaxiləsinin göstəricisidir. Elə bu səbəbdən yazının əvvəlində taktiki və strateji ümidi ayırmağa çalışdıq. Bu baxımdan demək olar ki, taktiki sosial ümidlərimiz tam şəkildə olmasa da, əhəmiyyətli bir dərəcədə doğrulub.

Gəl ki, bunu strateji ümidlərlə bağlı demək olarmı? Məsələn, demək olarmı ki, yaxın gələcəkdə bu ölkədə hər bir vətəndaşın layiq bir həyat yaşamaq imkanı olacaqdır və ömür vəfa etsə, biz də birdəflik “sosial inyeksiyadan” yox, sistemli və institusional bir siyasətdən danışacağıq?..

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 106