Muəllif:

Baş tutmayan bir “sui-qəsd”…

və bu “qəsdlə” bağlı aparılmış məhkəmənin doğurduğu suallar haqqında

Yalan sıx meşə kimidir: nə qədər uzağa getsən, çıxmaq da bir o    qədər çətin olacaqdır.

                                                                                       Anton Çexov (rus yazıçısı)

Heç bir istedad yalanı həqiqətə çevirə bilməz. İstintaq və məhkəmə AzTV-nin keçmiş sədri Arif Alışanova, guya sui-qəsd edilməsi cəhdinə həqiqət donu geyindirməyə çalışdı, amma alınmadı. Bu tamaşada yalanlar dağ silsiləsi kimi yan-yana düzülsə də, onun gerçəkliyinə inanan olmadı.

Lap əvvəldən bilinirdi ki, sui-qəsd söhbəti quramadır, əslində bu işin adı yüksək vəzifəli şəxsin öz biznes şəriki ilə haqq-hesab çürütməsidir. Sadəcə, məsələ təkcə maddi iddia, biznes və pul motivlərilə araya çıxsaydı, vəzifə sahibi üçün bu, “ayıb” olar, Alışanov qınanar, onun bu pulları korrupsiya ilə əldə etdiyi gündəmə gələ bilərdi. Amma ortaya cazibədar “qətl sifarişi” girirsə, necə deyərlər, məsələnin rəngi dəyişir, iş bir az da dedektiv havası verməyə başlayır. Amma bu illüziyalar doğrulmadı, ssenari yalan üzərində qurulduğundan istintaq da, məhkəmə də birmənalı qarşılanmadı, ortaya çoxlu şübhələr, müəmmalar və suallar çıxdı. Həmin sualların cavabı isə belə bir qənaətə gəlməyə əsas verdi ki, bizim cəmiyyətdə istənilən harınlamış məmur heç nədən çəkinmədən adamları saxta ittihamlarla həbs etdirə, əmlaklarını əllərindən ala, hüquq-mühafizə orqanlarını öz məqsədlərinə alət edə, məhkəmələrə təsir göstərə və bütövlükdə ölkənin hüquq sistemini gözdən sala bilər…

* * *

Bu məsələdən bixəbər olanlar üçün qısaca deyim ki, başqa “fəaliyyətləri” ilə yanaşı Bakı, Xızı, Quba, Zərdab, Gəncə bölgəsində torpaq biznesinə də girişmiş A.Alışanov son 5-6 ildə təkcə Şamaxı rayonu ərazisində ümumi dəyəri təxminən 6 milyon manat olan 200 hektara yaxın sahə alıb. Bu işdə həmin rayonda broker fəaliyyəti göstərən, vaxtilə Alışanovun yaxın olub, ailəvi  dostluq etdiyi, amma indi həbsdə yatan Şücayət Əkbərov vasitəçilik edib. Ş.Əkbərov sahələri tapdıqca, Alışanov da onları alıb ailə üzvlərinin, qohumlarının və sürücüsünün adına rəsmiləşdirirmiş. Amma günlərin bir günündə AzTV sədri torpaqların ona baha satılması qənaətinə gəlib, verdiyi pulları geri almaq, həm də Ş.Əkbərovu cəzalandırmaq fikrinə düşüb. Bu niyyətini gerçəkləşdirmək, eləcə də borclu qaldığı 860 min manatı maklerə ödəməmək üçün o (yaxud tərəfdarları), məlum “sui-qəsd” planını işə salıb.

Bu ssenari reallaşdıqdan sonra Ş.Əkbərov həbs edilib. Şəraitdən dərhal bəhrələnən “zərərçəkmiş” AzTV sədri “həddini aşmış” maklerin Şamaxıdakı fermasını,  mal-qarasını, lizinqlə götürülmüş çoxsaylı texnikasını, hətta yaşadığı evi ələ keçirib. Bunun üçün guya alqı-satqı olub və Şamaxı notariusu həmin əməliyyatı Ş.Əkbərovun keçmiş həyat yoldaşının da zorla gətirildiyi rayon polis idarəsində reallaşdırıb. Bütün bunları bilə-bilə istintaq formal və birtərəfli aparılıb. Qarşı tərəfin şikayətini heç kim dinləməyib, onların məhkəmədə həqiqətin üzə çıxacağına olan ümidləri də özünü doğrultmayıb…

                                                     * * * 

Deyilən səbəblərdən “sui-qəsd” məhkəməsi sona yetəndə gözlənilməz heç nə baş verməyib (məhkəmə salonunda A.Alışanovun Şamaxıda hansısa qızı qətlə yetirməsi iddiası səslənməsəydi, bu proses ümumiyyətlə, diqqəti cəlb etməyəcəkdi). Bir neçə maddə ilə təqsirləndirilən şəxslərə uzunmüddətli cəzalar verilib. Məhkəmənin gedişatında ittiham edilən tərəfin verdiyi 30-a yaxın vəsatətin heç biri qəbul olunmayıb, proses çox başdansovdu, həm də neyçünsə tələm-tələsik aparılıb. Bütün bunlar isə ortaya xeyli maraqlı nüanslar çıxarıb. Həmin vacib nüanslardan bəzilərinə diqqət yetirək.

Əvvəla, belə bir sual yaranır ki, əgər Prezidentin təyin etdiyi yüksək vəzifə sahibinə qarşı sui-qəsd və terror planı var idisə, nəyə görə bu mümkün qətl  barədə  güc strukturları və dölət başçısı məlumatsız olub? Bəs ortada məlumat ola-ola həyatına qəsd ediləcək adamın özü niyə bunu bilməyib? İnandırıcıdırmı?

Yəqin, sonralar öldürüldüyü deyilən rusiyalı jurnalist Arkadiy Babçenko olayını xatırlayırsınız. O vaxt qətl sifarişinə dair məlumat almış Ukrayna Təhlükəsizlik Xidməti  Babçenkonu məlumatlandırmış və hətta onu qatillərin ifşa olunması üçün hazırlanan əməliyyata daxil etmişdi. Bizdə isə hadisələr bir az “başqa cür” cərəyan edib. Yəni polis AzTV sədrinə “sui-qəsd” edilməsi barədə bir ay əvvəl “məlumat” alsa da, bunu A.Alışanova bildirməyi “unudub”, həm də hadisəni önləmək üçün heç bir tədbir görməyib. Nəticədə “öləcəyindən” xəbərsiz olan AzTV sədri dəfələrlə və rahat-rahat Şamaxıya gedib (həm də tək yox…),  potensial qatili ilə yeyib-içib, dağlarda onunla təkbətək gəzib. Sui-qəsdə hazırlaşan “qatil” də ayağına gəlmiş “qurbanı”nı öldürməyib… İstintaqın iddiasına görə, Şamaxı ərazisində iki ayda A.Alışanova 4 dəfə (?!) sui-qəsd cəhdi olub. Adam da Rembo kimi, lap elə ölməz Kaşşey kimi bütün təhlükələrdən sağ-salamat çıxıb. Belə məntiq mümkündürmü? Əlbəttə, yox!

Bəs “sui-qəsd” məlumatını almış Daxili İşlər Nazirliyinin (DİN) məsul əməkdaşı və onun rəisləri bu müddətdə niyə əməliyyat qaydasında yuxarı instansiyaları xəbərdar etməyiblər? Halbuki araşdırılsa, məlum olacaq ki, nə DTX, nə də Baş Prokurorluqda Alışanova sui-qəsd cəhdi ilə bağlı heç bir informasiya yoxdur. Heç DİN rəhbəri, nazir Ramil Usubov da bu barədə məlumatlandırılmayıb. Olsaydı, mütləq ittiham aktında yazardılar ki, “məsələ şəxsən nazir R.Usubovun nəzarətində olub” və s.

Həqiqət dayağını itirəndə yalan ayaq tutub yeriyir. Yalan isə qartopu kimidir – diyirləndikcə artıb böyüyür (M.Lütter). İttihamnaməni oxuduqca əmin olursan ki, ibtidai istintaqı aparmış müstəntiq Kamal Talıbov bu yalanı reallığa çevirmək üçün çox “zəhmət” çəkib. Sonra da məhkəmə bu yalanın əl-ayağını yığışdırmaq əziyyətinə qatlaşmayıb, prosesə sədrlik edən hakim Əfqan Hacıyev işdəki incəlikləri çözmək əvəzinə hüquqçu enerjisini daha çox ittiham olunan tərəfin üstünə çımxırmağa sərf edib.

İkinci sual bu “sui-qəsd” tamaşasında cinayəti sübut edəcək dəlillərin inandırıcı olmaması ilə bağlıdır. Ortada Ş.Əkbərovun gül kimi “yağlı” müştərisini öldürməyə cəhd cinayətini birbaşa sübut edəcək heç bir dəlil yoxdur. İşdə dolaşıq (və öyrədilmiş) şahid ifadələri, maşına silah qoyulması, vedrə və əlcək maddi sübut kimi qeyd edilir.

Belə məlum olur ki, “sui-qəsd” məsələsini polisə Şamaxıda qanunsuz silah alverçisi kimi tanınan Müsabi adlı şəxs xəbər verib (!?). Sui-qəsdə “hazırlaşan” Ş.Əkbərovun maşınına da silahları həmin adam qoyub. Bu barədə izahat verən əməliyyat müvəkkili Rövşən Camalov ətraflı izahat verib. Deyib ki, “… günortaya yaxın Müsabi zəng edərək silahların hamısının Şücayətə məxsus “Toyota Prado”  markalı avtomobilə qoyulduğunu və çıxaraq Şamaxı şəhərinə gəldiklərini” bildirib… Bir qədər keçmiş Müsabi zəng edərək “Ağsu yolu” deyilən ərazidə onları gözləmələrini söyləyib. S.Ə.Şirvani küçəsində maşından düşən Şücayəti saxlayıblar. Maşına baxış keçirərkən silahlar götürülüb”. Hər şey aydındırmı?

Sizdə belə bir fikir yaranmadımı ki, Müsabi “silahları maşına qoymuşam, hazırdır”,- deyə mesaj verib? Şəxsən mənə belə gəldi.

Əlbəttə, polisin bu “uğurlu” əməliyyatında Ş.Əkbərov “bismillah” edib silaha toxunsaydı, onu əlinə alıb Alışanovu “qarşılamağa” getsəydi, bəlkə də “sui-qəsd”ə bənzər bir şey uydurmaq olardı. Amma belə deyil axı! Bir ay boyunca Alışanovun qətlini səbrlə gözlədikdən sonra bəs nə yaxşı polis Ş.Əkbərovu cinayət başında yaxalaya bilməyib. Maşında silahın olması, Müsabinin “Şücayət adam öldürməyə hazırlaşır” deməsiylə cinayət sübut olunmur, cənablar! Bir də Şücayət cinayət üstündə yaxalansaydı, onun həddi nə idi ki, məhkəmədə çeşidli vəsatətlər versin, həbsxanada müalicə istəsin, tutulandan bir gün sonra Alışanovun yağmaladığı əmlaklarını geri tələb eləsin?   Guya müstəntiq və ya hakim bunları bilmir?

Üçüncüsü, ortaya çıxan suallardan biri budur ki, belə “möhtəşəm” sui-qəsd ssenarisi kimin planıdır, Alışanovun, yoxsa əməliyyatçının?

İstintaq zahirən belə bir mənzərə yaradıb ki, mümkün sui-qəsd barədə guya Alışanovun xəbəri yoxdur və hər şeyi guya “cinayəti” xəbər verən Müsabi və DİN-nin əməliyyat müvəkkili R.Camalov planlayıb. Əslində isə bu işin gerçək ssenarisi belədir: Alışanov hansısa səbəbdən, çox güman ki, elə maddiyyatdan dolayı (hərçənd burada qız qətli iddiasında şahidlik söhbəti də var!) ondan artıq pul almış Ş.Əkbərovu cəzalandırmaq qərarına gəldikdən sonra bu məsələni qohumu və AzTV-nin aparat rəhbəri Dəyanət Cəfərovla müzakirə edirlər. Sonra hüquq-mühafizə orqanlarındakı etibarlı tanışları ilə əlaqə yaradır, planı birgə cızırlar. Beləliklə, Alışanovu “məsum” durumda olan biri kimi cəmiyyətə sırımaq, “ciziğından çıxmış” Əkbərovu isə cəzalandırıb “dərinə” göndərmək üçün “təsirli” sui-qəsd planı işə salınır.

Materiallardan görünür ki, sui-qəsd ssenarisini reallaşdırmaq üçün əvvəlcə Müsabi əməkdaşlığa cəlb edilib (qanunsuz silah alverçisini qorxutmağa nə var ki?!), həbsindən sonra da Aqşini (Ş.Əkbərovun təsərrüfat işlərinə kömək edən şəxs) şirnikləndirici vədlərlə “ələ alıblar”. Bütün bu “əməliyyat” boyu (2017-ci il  yanvar ayının 14-dək) D.Cəfərov və A.Alışanov özü əməliyyatçı R.Camalovla telefonla dəfələrlə danışıb, görüşüblər. Yəni bu adamlar bir-birlərini Əkbərovun həbsinə qədər yaxşı tanıyıblar, sıx əlaqələri olub. Həbs günü isə Alışanovun Şücayətə çoxsaylı zəng vurması diqqəti özündən yayındırmaq məqsədi daşıyıb: yəni sonra deyə bilsin ki, bu işdən mənim xəbərim yoxdur, əməliyyat polislikdir. Bəs nə yaxşı Əkbərovun həbsindən dərhal – bir gün sonra bütün ailə üzvləri notariusla birgə polisə gətirilib və əmlakları Alışanovun nəslinə ötürülüb? Proseslər göstərir ki, AzTV sədri bu məsələyə çox hazırlıqlı olub. Həbs günü hadisələri Bakıdan diqqətlə izləyib, Şücayətin həbsinə əmin olduqdan sonra ertəsi gün elə görüntü yaradıb ki, guya hər şeydən xəbərsiz rayona gəlir.

Əkbərov “iş” başında yaxalanmayıb çünki o, qatil deyil, torpaq alverçisidir, pullu Alışanova pul “ata” bilərdi, amma çox yox. Alışanov şeytana papış tikər, 1000 manatlıq torpağı kim ona dəyərindən 50 dəfə baha sata bilər?! Alışanovun 530 minə aldığını iddia etdiyi torpaqlar onun adına ötürülən sənəddə niyə cəmi 50 min manatdır? Prokurorluq da, məhkəmə də rəsmi sənədlərə əsaslanıb işi aparmalıydı, Alışanovun qohum-əqrabasının sözlərinə güvənərək yox!

Nəhayət, sonuncu sual budur ki, bu “sui-qəsd” şousunda daha kimlər, hansı vəzifə sahibləri günahkardır?  Əslində burda xeyli  ad sadalamaq olar, amma hələlik söhbət əsas iştirakçı şəxslərdən gedir.

Maraqlıdır ki, qurama cinayət işinə cəlb olunan hər kəs – A.Alışanov, TV əməmkdaşları olan Dəyanət, Camal, Hacı, notarius Y.Eyyubov, əməliyyat müvəkkili R.Camalov, Şamaxı Rayon Polis İdarəsinin rəhbərliyi bilə-bilə ki, qanunsuz hərəkətlərə yol veriblər, bununla belə şahidlik edərkən də öz eyiblərini gizlətmirlər. Əslində ifadələrinin bir gün özlərinə qarşı çevrilə biləcəyi ağıllarına gəlmir, hamı Alışanovun sədrlik vəzifəsinə arxayın olub. İndi Alışanov haqlı olaraq taxtdan salınıb, bəs indi və bundan sonra necə olacaq? Doğrudanmı bu miqyasda ədalətsizliyə görə heç kimin vicdanı göynəməyəcək?

Əkbərovun bəlkə də dövlət tərəfindən müsadirə olunacaq əmlakları polisin müşayiəti ilə 15 dəqiqə içərisində Alışanovun nəslinə ötürülüb. Şamaxı Rayon Polisinin rəisi işin qanunsuz olduğunu bilə-bilə idarədə əməliyyatın bu idarədə aparılması üçün şərait yaradıb. Notarius Yaşar Eyyibov ifadəsində deyib ki, alqı-satqı əməliyyatını rəsmiləşdirmək üçün polis idarəsinə gəlib. Hələ üstəlik məhkəmədə ombudsmanlıq edərək bildirib ki, guya əmlaklarını satan Səlimə Sadıqova və həbsdən gətirilmiş (?!) Şücayət Əkbərovun üzərində təzyiq əlamətləri görünməyib… Məhkəmədə bu notariusdan soruşan olmayıb ki, alqı-satqı hansı gərəkcə ilə rəsmiləşdirilib və ödənişi hansı yolla aparıblar? Gərək notariusla bərabər polis idarəsinə bir bank işçisi də gələydi. Pul verilməyibsə, satış da olmayıb, sadəcə, “satıcılar”ın əmlakı rəsmən əllərindən alınıb.

Bütün bunlar ittiham aktında yer alıb və bu işin geri dönüşü yoxdur, kimsə dediyini artıq dana bilməz.

*  *  *

Və sonda…

Bütün bu yazılanlar məmur və məmur statusunda olanların özbaşınalığının, camaatla ədalətsiz davranmalarının kiçik bir nümunəsidir. “Sui-qəsd” məhkəməsi Alışanovun əmlaka xərclədiyi milyonların mənbəyinin korrupsiya olduğu qənaətini daha da möhkəmlətdi. Eyni zamanda, qurulan məhkəmə tamaşası sui-qəsd ittihamının uydurma və cəfəngiyyat olduğunu sübut etdi. Başlıcası da, ölkənin əsas televiziyasına rəhbərlik edən şəxsin hansı mənəvi-əxlaqi keyfiyyətlərə sahib olduğunu üzə çıxartdı. Bu məhkəmədə hansısa xanımı qətlə yetirdiyi barədə məhkəmədə səslənən ittiham Alışanov üçün ömür boyu qara ləkədir. Bu gün məhkəmə həmin ittihamın üstündən sükutla keçsə də, çoxları əmindir ki, “qara saçlı qızın ölüm” işi belə asanlıqla qapanmayacaq…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (4 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 569