Muəllif:

AY TANRISI ÇANYE

Uzaq keçmişlərdə, göydə on dənə Günəşin olduğu zamanlarda Çin torpaqları istidən yanırmış. Xalq su və məhsul qıtlığından məhv olmağa məhkum olmuşdu. Hou İ adlı bir oxatan xalqına kömək üçün Kunlun dağının zirvəsinə çıxaraq bir oxla doqquz Günəşi vurub yerə salır. Qalan tək Günəşə isə gecə gedib, şəfəqdə gəlməyi əmr edir. Hou İ xalqı xilas etdiyi üçün İmperator onu ölümsüzlük eliksiri ilə mükafatlandırır. Oxatan da mühafizə üçün eliksiri gözəllər gözəli arvadı Çanyeyə (Chang’e) verir.

Hou İnin Pen Men adlı şagirdi onun yoxluğunda evə gəlib, Çanyenin üstünə qılınc çəkərək eliksiri istəyir. Çanye də namərd adamın əlinə keçməsin deyə eliksiri özü içir. Bir an içində havaya qalxıb göylərin ənginliyində gözdən itir, Tanrılar onu  Aya çıxarırlar. Çanye artıq ölümsüzdür, ancaq əbədi olaraq yalnızlığa məhkumdur…

Yeni ilin ilk günlərində Çinin «Chang’e 4» adlı kosmik gəmisi Ayın Cənub qütbünə — onun arxa, qaranlıq tərəfinə endi. Gəmiyə qədim Çin mifologiyasında Ay Tanrısı olan Çanyenin adı verilib. Tarixdə ilk dəfə idi ki, bir kosmik gəmi Ayın ən sirli və ən az tədqiq olunan qütbünə enirdi. Və Çin alimləri böyük bir uğura imza atmış oldular. Ancaq bu hələ başlanğıc idi. Çinlilərin əkdiyi pambıq toxumu cücərməyə başladı. Ayda yetişən ilk bitki bütün dünyada görülməmiş bir rezonansa səbəb oldu.

Pambıq toxumu “Lunar Micro Ecosystem” adlı mini-biosfer yaratma eksperimenti çərçivəsində əkilmişdi. “Chang’e 4” zondundakı hermetik konteyner içərisində pambıqdan başqa kartof, raps (kələmin bir növü) toxumları və maya da var. Bunlarla bərabər çinli alimlər konteynerə  milçək yumurtaları da yerləşdiriblər ki, yumurtadan çıxan milçəklərin nəfəs almaları ilə karbon dioksid hasil olunsun. Bu da bitkilərin yetişməsi üçün son dərəcə vacibdir. Məqsəd yerdəki şərtlərə bənzər mini-biosfer yaratmaqdır. Və bütün bunlar Aydakı kiçik qravitasiya (Yerin 1/6-i)  və Ayın qaranlıq tərəfində işığın az olmasına baxmayaraq əldə ediləcək. Bu sətirlər yazılanda konteynerə yerləşdirilmiş kiçik kamera cəmi bir toxumun cücərdiyini göstərir.

İnsan Ayda bitki yetişdirir. Lakin söhbət heç də göründüyü kimi sadə bioloji eksperimentdən getmir. Ayda bitki yetişdirmək əslində daha böyük bir planın ayrılmaz parçasıdır. Bu gün Bəşəriyyət qarşısındakı ən vacib vəzifələrdən biri uzunmüddətli planetlərarası kosmik səfərlərdir. İndiki mövcud imkanlarla Mars səyahəti gediş və dönüşlə 2.5 il sürəcək. Ancaq Ayda müsbət nəticələr əldə edilsə, Mars səyahəti üçün bura kosmik baza kimi istifadə edilə bilər, məsələn, ərzaq üçün Yer kürəsinə qayıtmağa ehtiyac qalmaz. «Chang’e 4» missiyasının rəhbərlərindən professor Şi Gengsin bunlar haqda belə deyir:“Cazibə qüvvəsinin kiçik olduğu şəraitdə bitki yetişdirməyə nail olmaq gələcəkdə kosmosda quracağımız bazalar baxımından bizə faydalı olacaqdır”

* * *

2018-ci ilin əvvəlində “İlon Mask. Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə” kitabını ana dilimizə tərcüməsini bitirmək üzrə idim. Fikrim bir tərəfdən də SpaceX-in ən iddialı layihəsi olan Falcon Heavy raketinin kosmosa göndəriləcəyində idi. Doqquz mühərrikli Falcon Heavy İlon Maskın Mars xəyallarının gerçəkləşməsi yolunda atılacaq ilk addım olacaqdı. 6 fevral 2018 tarixində SpaceX Maskın albalı rəngindəki Roadstar elektromobilini Falcon Heavy ilə uğurla kosmosun ənginliyinə göndərdi.

Tarixdə yeni bir səhifə açıldı. Dünya sevinirdi, ancaq bir müddət sonra bizim sosial şəbəkələrdə Maskı lağa qoyub, onu avantürist adlandırmağa başladılar. Səbəbini təxmin etmək çətin deyildi – Gənc bir adam və onun SpaceX şirkəti Rusiya kimi bir kosmos ölkəsini yarışda geridə qoyurdu. Rus mediası gecə-gündüz Maskı və onun Tesla elektromobillərini qaralamaqla məşğuldu. SpaceX və SolarSity, habelə Qlobal İnternet layihəsinin adlarını isə dillərinə almırdı. “Tesla”da bəzi maliyyə və satış problemləri vardı, Maskın digər şirkətləri isə uğur üstünə uğur qazanırdı. SpaceX 2018-də kosmosa 18 raket qaldırdı, bununla da nəinki şirkətlər, hətta ölkələrlə də müqayisədə birinci oldu.

2018-in mart ayında kitabımız işıq üzü gördü, təqdimatını keçirdik, kitab satılmağa başladı.

İndilərdə isə hər kəs yenə SpaceX-dən danışır. Bu dəfə diqqətlər Maskın yeni Starship kosmik gəmisindədir. O qədər göstərişli, elə futuristik bir dizayna sahibdir ki, görəndə heyran olmamaq mümkün deyil. Bu göyçək kosmik gəmini fərqli qılan isə onun özündən əvvəlkilərinə bənzəməməsidir. Yeni gəmi insanı Marsa güvənli şəkildə aparıb, sonra da geri gətirməli və nisbətən də ucuz olmalıdır. Digər tərəfdən bu kosmik aparat çoxdəfəli olub, Qırmızı Planetə onlarla ton faydalı yük daşıya bilməlidir.

Marsa uçan gəminin geri dönməsi üçün orada yanacaq əldə edilməlidir. Çünki Yerdən Marsa ancaq gediş üçün yanacaq aparmaq mümkündür, dönüş yanacağını orada əldə etmək lazımdır. Planetə enən ilk insanlar yanacaq üçün zavod qurmalıdırlar.

Yerdən Marsa qədər minimal məsafə (Yer kürəsi Günəş ilə Mars arasında olanda) 56 milyon km, maksimal isə (Günəş Yer kürəsi ilə Mars arasında olanda) 401 milyon km-dir. Hesablamalara görə Marsa yolçuluq (tək gediş) ən az 210 gün (!), yəni 7-8 ay sürəcək. Ancaq dönüş daha uzun olacaq, çünki Marsda planetin Yer kürəsi ilə minimum məsafəyə yaxınlaşmasını gözləmək lazımdır.

Maskın layihəsi əvvəlcə “Planetlərarası Nəqliyyat Sistemi” (ITS — Interplanetary Transport System) adlanırdı. Sonra ona BFR, yəni Big Falcon Rocket deməyə başladılar. Maskın atdığı tvitdən sonra isə kosmik aparat iki pilləyə bölündü – Super HeavyStarship. Yerin qravitasiyası o qədər böyükdür ki, bir pilləli, kimyəvi mühərriklə “uzağa getmək” mümkün deyil – yanacaq sərfi çox, qaldıracağı faydalı yük isə az olacaq. Zatən Ay və Mars missiyaları üçün üç pilləli kosmik gəmilər lazımdır. Adətən raketin pillələri yanacaq bitən kimi baş hissədən aralanaraq itir. Missiyanın sonunda Yerə geri qayıdan da içində insanlar olan baş hissədir. Ancaq Mask mümkün olduğu qədər heç nəyi atmaq istəmir. 1-ci pillə — Super Heavy start meydançasına geri qayıdacaq, 2-ci pillə — Starship isə ikinci kosmik sürətlə (saatda 40320 km) atmosferə girəcək, xüsusi mühərriklə enişə keçib, özəl hazırlanmış meydana enəcək.

Aya və Marsa səyahət üçün 3-cü pilləyə də ehtiyac var. Mask Starship-i 2-ci ilə bərabər həm də 3-cü pillə olaraq görür. SpaceX mühəndis və konstruktorlarına görə Starship alçaq yerətrafı orbitə çıxandan sonra bütün yanacağını istifadə edib bitirəcək. Super Heavy isə Yerə qayıdıb Starship-in başqa modifikasiyasını – yanacaqdoldurma gəmisini götürüb birinci gəmi üçün yanacaq daşıyacaq. İnsanları və texnikanı başqa planetlərə daşımaq üçün yanacaqdolduran gəmi bir-neçə səfər etməlidir. Marsa ilk ayaq basan insanların qarşısındakı ilk iş buz kütlələrini çıxarmaq və sudan oksigen alıb, metan istehsal edən zavodu qurmaqdır. Oksigen mühərriklərlə bərabər insanların tənəffüsü üçün də lazım olduğundan istehsal durmadan davam etməlidir.

Bütün bunlar yaxın 5-10 il ərzində həll olunacaq məsələlərdir və göründüyü kimi artıq ABŞ-la bərabər Çin də iddialarını böyütməkdə və ciddi işlər görməkdədir. İlk baxışda sanki hər iki ölkə öz prioritetlərini ayırıblar – amerikalılar Marsa , çinlilər isə Aya indeksləniblər. Çin 2-3 il sonra Ayda baza inşa etməyə hazırlaşır, Mask isə Marsa ilk səyahətin konturlarını hazırlayır. Elm, texnologiya göylərdə əlləşərkən qəribə bir paradoks yaranır. Ağıl, zəka, bilik dünyanı ikiyə bölür — kimiləri ayda pambıq əkir, kimiləri isə yerdə…

*  * *

Çanye Aya uçduqdan sonra Hou İ dərin kədərə büründü, üzü heç gülmədi. Axşamlar baxçasında süfrə açdırır, sevimli arvadının bəyəndiyi yeməklər sifariş edir, masaya ətirli qətran qoyub, uzun-uzun Aya tamaşa edərdi. Çanyenin də ağlı ölümlü dünyada, İnin yanında idi.

Rüzgarla bir olub göylərə qalxmaq istərdim,

di gəl ki, qorxuram o soyuq saraydan.

Qorxuram yalnızlıqdan,

orda kölgələr rəqs edir,  

məhrumdur insanlardan…

Və zəkalı çinlilərin kosmik zondu min illər sonra Ay Tanrılarını yalnızlıqdan qurtarırlar – Bəşəriyyər gözəllər gözəli Çanye ilə görüşə tələsir…

[email protected]

twitter.com/ibrahimnebioglu

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (7 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 497