Muəllif:

TARİXİ DƏYİŞDİRƏN SS ZABİTİ

 

(VERNER FON BRAUN -1)

Alman krallarının sülaləsindəndir. Dünya şöhrətli alim və mühəndis, rəssam, təyyarəçi və dalğıc, çox sayda elmi-populyar məqalə, fantastik hekayə, kitab və ssenari müəllifi, virtuoz piano və violonçel ifaçısı idi. Ona kosmik eranın qapısını açan bir messiya deyirlər. Mənim üçün hər zaman sirli və əsrarəngiz bir dahidir o…

2017-ci ilin oktyabr ayında “İlon Mask. Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə” kitabının tərcüməsinə başlamışdım. Elə ilk səhifələrdə onun adına rast gəldim. Kitabın orijinalında müəllif Maskın heyran olduğu bu böyük insanın adını çəkərkən onun kimliyi haqda heç bir məlumat vermir. Çünki, ingilisdilli oxucuya “Werner von Braun”u tanıtmağa ehtiyac yoxdur. Bizim oxucuların onun haqda çox az bilgiyə sahib olduğu düşüncəsilə “fon Braun”un üstünə “ulduz” (asterisk) işarəsi qoyub,  səhifənin altına bunları əlavə etdim:

“Verner fon Braun (alm. Werner Magnus Maximillian Freihher von Braun, 1912-1977) alman və Amerika konstruktoru, 1955-ci ildən Amerikanın raket-kosmik texnikasının banilərindən biri, raketqayırmanın əsasını qoyan görkəmli alim və mühəndis, ilk ballistik raketlərin yaradıcısı, ABŞ kosmik proqramının “atası”; 1943-1945 illərdə Alman ordusunun zabiti, şturmbannfürer SS – İ.N.”

* * *

II Dünya müharibəsi bəşəriyyətə vurduğu dəhşətli maddi və mənəvi zərərə rəğmən elmi-texniki tərəqqiyə də böyük təkan verdi. Daha əvvəl fantastik görünən ideyalar 1940-larda həyata keçməyə başladı. Ancaq atom bombasının ixtirası bir çox elmi-texniki yenilikləri ikinci plana atdı. Hesablama texnikası, reaktiv təyyarələr, televiziya və xüsusilə də raketlərin bəxti gətirmədi. Maraqlıdır, o dövrün iki qüdrətli hərbi gücü olan ABŞ və SSRİ raket texnologiyasının önəmini çox gec dərk etdilər. Müharibə illərində ağır ballistik raketlər üzərində çalışan yeganə ölkə Almaniya idi. Verner fon Braunun konstruktoru olduğu “Fau-2” adlı raket “möcüzə-silah” adlanırdı. O, zamanı qabaqlamış, müharibələrin gedişatını dəyişdirəcək qədər böyük gücə sahib bir silah oldu…

O, Hitlerin “göz bəbəyi” idi. Atası Magnus fon Braun (1878-1972) Veymar respublikasının 1930-larda ərzaq və kənd təsərrüfatı naziri idi və Hitler də ailəni yaxından tanıyırdı. Gənc yaşda bu qədər uğur qazanmış, şturmbannfürer rütbəsinə qədər yüksəlmiş bir zabitə Hitler nədənsə sona qədər dəstək vermədi. Ona ancaq “Fau-2” raketinin istehsalı tapşırıldı. Ordu içərisindəki daxili intriqalar hökm sürməsəydi, müharibənin və dünyanın taleyi başqa cür olacaqdı. 1944-də sınaq buraxılışlarına başlandı. Fon Braunun hesablamalarına görə raket qitələrarası məsafəni (5 min km) aşaraq, Amerikanın şərq sahillərini vura biləcəkdi. Ancaq müharibə başa çatmaq üzrə idi, raketlərin istehsalı üçün Almaniyaya cəmi bir neçə həftə çatmadı. Hitler “Fau-2”-yə sahib olsa, dünyanın başına nə oyunlar açacağını düşünmək belə istəmirəm.

Savaşdan sonrakı illərdə ABŞ və  Sovetin istehsal etdiyi bütün raketlər “Fau-2”-nin kopiyası idi. Raket texnikasının əsasını təşkil edən fundamental prinsiplər indiyə kimi dəyişməyib. Bu gün də kosmosa göndərilən raketlərin əsasını “Fau-2” təşkil edir. Başqa sözlə, kosmonavtika hələ də “Fau-2”erasında yaşayır.

* * *

Maskın tərcüməsindən sonra fon Braunla bağlı müxtəlif mənbələr axtarmağa başladım. Bir təsadüf nəticəsində Dennis Pişkeviç (Dennis Piszkiewicz) adlı amerikalı bir müəllifin “Verner fon Braun: Ayı satan adam” (Werner Von Braun: The Man Who Sold the Moon) adlı bir kitabı olduğunu öyrəndim. Hər tərəfə xəbər saldım və dostlarımdan biri (ona xüsusi təşəkkür düşür) kitabı Minskdə tapdı – 2011-ci ildə belaruslar kitabı kiçik tirajla nəşr ediblər.

Dennis Pişkeviçin kitabı “Fau-2”nin ilk sınaqları ilə başlayıb, birbaşa 1945-ci ilin baharına – fon Braunun ABŞ əsgərlərinə könüllü olaraq təslim olduğu hadisələrə keçir. Verner fon Braun bütün həyatını həsr etdiyi işlə məşğul ola bilmək və ideyalarını həyata keçirəcək bir ölkə tapmalı idi. Əgər Amerikaya sığınmasa, rusların əlinə keçəcəkdi. Əsir düşəndə mətbuata verdiyi bəyanatda fon Braun belə demişdi:“Biz müharibə etmək üçün yeni vasitə yaratdıq və indi mənəvi seçim qarşısındayıq – yaratdığımız əsəri hansı qalib xalqa etibar etməliyik. Biz istəyirik ki, dünya yeni bir münaqişəyə cəlb olunmasın. Sülhü qorumaq üçün əmin olmalıyıq ki, bu silahı İncili əlində rəhbər tutan insanlara vermişik”. Savaşın bitməsinə iki həftə qalmış “Overcast” əməliyyatı ilə fon Braun bir neçə dindirmədən sonra böyük gizlilik içində Amerikaya aparıldı. Arxasınca isə raketin istehsalında fəal rol oynamış yüz on səkkiz alman alim və mühəndisi də ABŞ-a gətirildi. Onların içində Artur Rudolf (Alman raket sənayesinin pionerlərindən biri), Valter Dornberger (Alman ağır raket maşınqayırmasının əsasını qoyanlardan, Hitler ordusunun general-mayoru), Valter Ridel (mühəndis, fon Braunun yaxın silahdaşı), Gerbert Akster (Alman raket proqramının rəhbəri) kimi nəhəng mütəxəssislər vardı.

Almanları Texasın ilan mələyən, gözdən iraq Fort Bliss adlı qəsəbəsinə yerləşdirdilər. Dünyaya yeni şəkil vermək, onun inkişaf istiqamətini dəyişdirmək bu mütəxəssislərin üzərinə düşəcəkdi. Alman alim və mühəndislərilə bərabər Texas səhralarına faşist Almaniyasının Pomeraniya bölgəsindəki Penemyünde qəsəbəsində fəaliyyət göstərən raketqayırma zavodundan “Fau-2” raketinin gövdələri və 10 minlərlə çertyoj və texniki sənədlər də gətirildi. Onların qarşısına ABŞ-ın müdafiə sistemi ilə hücum gücünü artıracaq yeni raketlər quraşdırmaq tapşırığı qoyulmuşdu.

Verner fon Braunun miqyasını, onun mühəndis təxəyyülünü ən yaxşı Amerikada həyata keçirdiyi layihələr göstərir. ABŞ-da yaşadığı 32 il ərzində ballistik raketlər sahəsində qazandığı nailiyyətlər, Ay layihəsi XX əsrin ən nəhəng elmi-texniki yenilikləri oldu. Baş konstruktoru olduğu əfsanəvi “Saturn V” raketi 1969-cu ildə “Apollo 11” kosmik gəmisini orbitə çıxarıb, amerikalı astronavtları tarixdə ilk dəfə Aya endirdi. Bu hadisə fon Braun zəkasının təntənəsi idi. NASA-nın ona verdiyi xasiyyətnamədə belə yazmışdı:”Heç şübhəsiz ki, Verner fon Braun raket fizikası tarixində dünyanın ən dahi alimidir”.

* * *

Nə qədər acınacaqlı olsa da, ruslar bu gün də həqiqəti — kosmosa ilk almanların çıxdığını etiraf etmirlər. Almanlara kosmosdakı tarixi birinciliyi “Fau-2” gətirmişdi. Sual doğur – bəs Sovetlərin kosmik “nailiyyətlərini” kim qazanıb? Cavab çox sadədir – Sovet əsgərləri tərəfindən əsir alınmış 8500 (səkkiz min beş yüz) alman alim və mühəndisi! Onlar Aviasiya Sənayesi Xalq Komissarlığı nəzdindəki zavodlarda, Almaniya ərazisindəki 5 minə yaxın zavod və fabriklərdə çalışıraq Stalin rejimini “hazıra nazir” ediblər. Bunun üçün isə hər şey vardı — hazır sənədlər, patentlər və fon Braunun qurduğu sistem.

Bəli, necə də böyük bir ədalətsizlikdir ki, alman mühəndisləri alman texnikası ilə ruslar üçün “nəhəng sovet raketləri” inşa etdilər…

Sovet o qədər aciz durumda idi ki, mütləq bir “qəhrəman” yaratmalı idi və o, Sergey Korolyovu seçdi. “Dahi konstruktor” İosif Stalini inandırmağa çalışdı ki, onlar yeni raket layihəsi hazırlaya bilərlər. Stalin isə Sovetin “gücünü” və həqiqi imkanlarını yaxşı bildiyindən qərarını belə verdi – “Fau-2”-ni kopiyalamaq! Ölkə nə lazımi xəlitə əldə edə bilirdi, nə də rezin, plastmas hissələr, müasir kabel istehsalına malik deyildi, nəzarət-ölçü cihazları yox idi, raketin yanacaq baklarını qaynaq edə bilmirdi. Korolyov məsələyə dar pəncərədən baxdı, təşkilatçılıq qabiliyyətindən məhrum bu adam söyüşkən ağzı, kobud rəftarı ilə qul kimi çalışan ruslarla əsir alman mühəndislərin ən sevmədikləri adam idi. Bacarığı da göz qabağında – “P-1” adlı ilk sovet raketini kosmosa 300 uğursuz sınaqdan sonra (bunlar sovet mətbuatından gizlədilirdi) qaldıra bildi. Korolyov fon Braunla müqayisə edilməyəcək qədər cılızdı. “P-1” isə “Fau-2”-nin bərbad kopiyasından başqa bir şey deyildi…

Amerikalı astronavtların Aya ayaq basmasından sonra fon Braunun şöhrəti bütün dünyaya yayıldı. 1955-ci ildə ABŞ vətəndaşlığına keçən alim karyera pilləkənində yüksəlməyə başladı. O, NASA-nın “Kosmik uçuşlar mərkəzi”nin direktoru təyin edildi. 1972-ci ildə isə karyerasının kulminasiyasına çatdı – NASA-nın Baş direktor müavini və Kanaveral kosmodromunun rəisi oldu. Amerikalılar Aya enəndən bir müddət sonra NASA Ay layihəsini qapatdı. Amma Marsa səyahət – fon Braunun uşaqlıq xəyalı – insanların ən böyük arzusu olmağa davam edir.

Bütün bunları bir adam necə bacardı? Fon Braun Aya ayaq basmadan Ay macərasını insanların beyninə necə yeritdi, onu necə sevdirdi? Bəlkə də bunlar raket düzəltməkdən daha çətin idi…

Bir sonrakı yazıda bu suallara cavab verməyə çalışacam.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (13 оценок, среднее: 9,31 из 10)
Oxunma sayı: 1429