Muəllif:

Tarixi dəyişdirən jurnal

(VERNER FON BRAUN -2)

Məktəbli ikən hər il sentyabr ayının sonlarında evimizdə gələn il üçün qəzet və jurnallara abunə təlaşı başlayırdı. Bütün ailə fərdləri toplanır, hər kəs istəyini dilə gətirirdi. Abunəlik kağızlarını doldurarkən hamının zövq və maraqları diqqətə alınırdi. Seçim haqqıma baxmayaraq atamın məcburi gördüyü çap orqanları da vardı. Onlardan birini sevmirdim, yolda itib-batmasını arzulayır, poçt qutumuza düşməsini istəmirdim. “Kvant” jurnalının yeni nömrəsi çıxanda ən az 2-3 yuxusuz gecə məni gözləyirdi…

“Kvant” Sovetin ən məşhur elmi-populyar, fizika-riyaziyyat jurnalı idi. Gənclər üçün fizika-riyaziyyat təmayüllü jurnalın nəşri fikri görkəmli sovet fiziki, Nobel mükafatı laureatı, akademik Pyotr Kapitsadan (1894-1994) çıxmışdı. 1970-ci ildən çıxan “Kvant” qısa müddət ərzində Sovet İttifaqının ən elitar çap orqanından birinə çevrildi. Jurnal Sovet İttifaqında dəqiq elmlərə olan sevginin yaranmasında müstəsnə rol oynamışdı. Təsadüfi deyil ki, jurnalın ilk baş redaktoru görkəmli fizik, akademik İsaak Kikoin (1908-1984), baş redaktorun 1-ci müavini isə tanınmış alim, dünya şöhrətli riyaziyyatçı Andrey Kolmoqorov (1903-1987) idilər.

Aylıq 250-300 min tirajla çıxırdı. “Kvant”da elmi-populyar məqalələrlə yanaşı məsələ və problemlər də çap olunurdu. Onları həll etməkçün çox yuxusuz gecələr keçirmişəm. Kabus kimi idilər, həllini tapmaqda çətinlik çəkdiyim misal və məsələlərə görə zaman-zaman atam tərəfindən məzəmmət edildiyimi xatırlayıram. Hardasa 9 və ya 10-cu sinifdə oxuyurdum, qəzetlərdən birində çıxan bir məqalədə müəllif Amerikada “Kvant”a bənzəyən bir jurnalı yerlə-bir edərək, onu “qadın alt paltarı və qəhvə makinası reklam edən aşağı çeşidli makulatura” adlandırmışdı. Müqayisənin nə qədər qüsurlu olduğunu illər sonra anladım. Səbəb tamamən ideoloji idi. Ehtimal ki, “O jurnalı vurun” deyə bir əmr verilmişdi, hakim rejimin qələmlə “başkəsənləri” də fərsiz olduqlarından belə idbar üsula baş vurmuşdular.

Tənqid və təhqir obyekti “Kolyers” adlı Amerika jurnalı idi. Atamın ovqatı təlx olmasaydı, nə bu məqalə yadımda qalacaqdı, nə də “Kolyers” jurnalının adı. Onun ABŞ-da ciddi jurnal olduğunu,  məqalədə yazılanların həqiqətdən uzaq olduğunu dedi atam. Atam evimizə qonaq gəlmiş fizik və riyaziyyatçı dostlarına o məqalədən bəhs edəndə hamısı bir ağızdan gülüşmüş, “Kvant”la “Kolyers”in oxşar tərəflərinə rəğmən fərqli yayınlar olduğunu demişdilər. İki jurnal arasındakı olmayan rəqabət mənə Brejnev-Nikson görüşündən bir epizodu xatırladır. 1969-cu ilin 20 iyul tarixində amerikalılar tarixdə ilk dəfə olaraq Aya astronavt endirəndən sonra Sovet İttifaqı kosmosdakı yarışda ABŞ-ın gerisinə düşdü, nüfuzu ciddi şəkildə zədələndi. Prezident Riçard Niksonun Moskvaya səfəri zamanı Sovet lideri Leonid Brejnev gözü götürmədiyi üçün üzünə belə demişdi: “Siz Aya insan endirdiniz, amma hokkeydə bizimkilər sizinkiləri udur”

* * *

Həftəlik “Kolyers” jurnalı (ing. Collier’s Weekly) Piter Kolyer tərəfindən 1888-ci ildə təsis olunub. Ayrı-ayrı vaxtlarda bir çox tanınmış insan jurnala müxtəlif mövzularda məqalə və oçerklər yazıb. Uinston Çörçill  I Dünya muharibəsi zamanı Kolyerslə əməkdaşlıq edib, Marta GelhornErnest Heminquey isə İspaniyadakı vətəndaş muharibəsindən reportajları məhz bu jurnala göndəriblər. Bir çox yazıçı ədəbiyyata məhz “Kolyers” jurnalı ilə gəlib.

“Kolyers” Amerikanın onlarla həftəlik jurnalından biri idi. Jurnalın Amerika xalqına, onun ictimai fikrinə təsir gücü sözlə ifadə edilməyəcək qədər çox olub. “Life”, “Look” kimi “Kolyers” də ölkənin sifəti idi, burada dərc olunmaq çox şərəfli idi. “Kolyers” nəinki dərc etdiyi materiallarla, gözəl dizayn və tərtibatı, yüksək poliqrafik keyfiyyətilə də seçilirdi. Ancaq Kremldəki ideoloqlar və sovet təbliğat maşını onu yüngül və düşük yazılar, “ucuz Amerika lətifələri” dərc edən jurnal adlandırırdı.

1957-ci ildə qapanan jurnal yayın həyatının son dövründə dərc etdiyi materiallarla gələcəyə işıq tutacaq qədər böyük rol oynamışdır. 1952-də jurnalda dərc olunan bir məqalə tarixin axışını dəyişdirdi. Onun müəllifi II Dünya müharibəsi zamanı Hitler ordusunun şturmbannfüreri olmuş XX əsrin ən böyük mühəndislərindən biri və bəlkə də ən böyüyü idi – Verner fon Braun. Ay epopeyasından sonra insanoğlu Marsa səyahət və Marsda koloniya qurmaq haqda daha çox düşünməyə başladı. Onun 10-15 yaşlarında Marsa səyahət haqda qurduğu xəyalları Aya insan ayağı dəydikdən sonra real görünməyə başladı. Lakin bu xəyalları gerçək etmək üçün fon Braunun zəkası ilə mühəndis təxəyyülü kafi deyildi. Hər şeydən əvvəl Aya səyahət xülyasını insanların beyninə yeritmək, bu macəranı sevdirmək lazımdı. Bu isə bəlkə də raket düzəltməkdən daha çətin bir işdi. Yenə də meydana Verner fon Braun çıxmalı idi, amma bu dəfə başqa bir ampluada.

* * *

XX əsrin ortalarına qədər kosmos mövzusu yazıçı-fantastların inhisarında idi. 1920-1930 arasında elm kosmosla maraqlanıb, ilk addımlarını atmağa başlamışdı. Ancaq II Dünya müharibəsinin başlaması ilə alimlər kosmosu fantastlara buraxdılar. Taleyin nə qəribə işidir ki, kosmosa marağı da elə müharibə məhsulu olan “Fau-2” raketləri oyatdı. Verner fon Braun və onun zamanı qabaqlayan komandası böyük raketlərin kosmosa çıxacağını müjdələdilər. Fon Braunun yaratdığı “Fau-2” raketi insanın uzaq planetlərə uçmasına ümid yaratdı.

1951-ci ildə Nyu Yorkdakı Hayden Planetariumunda keçirilən kosmik uçuşlarla bağlı elmi simpozium keçirildi. Simpoziumu “Kolyers”dən 2 jurnalist işıqlandırırdı. Onlar redaktorları Kornelius Rayana (tanınmış araşdırmaçı, yazar Cornellius Ryan) kosmosa səyahət mövzusunun böyük oxucu marağına səbəb olacağını dedilər. İlk başda bu mövzuya skeptik yanaşan Rayan daha sonra Harvard universitetindən professor Kaplan və fon Braunun təlqini ilə fikrini dəyişir. Rayan kosmos mövzusunda plan hazırlayıb fon Brauna jurnala məqalə yazmağı təklif etdi. 25 ildir raket quraşdıran, bu illər boyu ciddi nəzarət altında yaşayan dahi mühəndis birdən-birə geniş auditoriya qarşısına çıxacaqdı. “Kolyers”ə məqalə yazmaq onun üçün həm əyləncəli, həm də faydalı olacaqdı. Jurnal 5 min sözdən ibarət hər məqalə üçün fon Brauna 1000 dollar da qonorar verəcəkdi.

3 milyon tirajı olan “Kolyers”də Fon Braunun ilk məqaləsi 22 mart 1952-ci ildə çıxdı. Redaksiya böyük reklam kampaniyası başladı. Bu kampaniyanın mərkəzində Verner fon Braun dayanmışdı. 7 böyük tv kanalı onunla geniş müsahibə yayınladı. “Sonuncu sərhəddi keçərkən” adlı ilk məqalədə fon Braun oxucunu qarşıdakı elmi-texniki yeniliklərə hazırlayaraq, onlara yeni Dünyanın ilk konturlarını cızırdı – “Yaxın 10-15 il ərzində Yer kürəsinin ətrafında peyklər hərəkət edəcək. Onlar ya sülhə və tərəqqiyə xidmət edəcəklər, ya da insanın əlində dəhşətli silaha çevriləcəklər”. Jurnalda Fon Braunla bərabər bir sıra görkəmli alim və mütəxəssislərin kosmos, kosmik təbabət və raket texnikası haqda böyük marağa səbəb  olan yazıları dərc olundu. “Kolyers” məqalələrə elə gözəl illüstrasiyalar vermişdi ki, jurnalın o sayı qısa müddət ərzində satıldı. Fon Braun populyar oldu, onu artıq elmi və siyasi dairələr deyil, bütün ölkə tanıyırdı. Onun məqalədə təsvir etdiyi raketlər, kosmik gəmilər və stansiyalar sonralar gerçək olacaqdılar.

“Kolyers”in kosmosla bağlı 2-ci buraxılışı 18 oktyabr 1952-ci ildə çıxdı. Fon Braun “İnsanın Aya səyahəti” adlı məqaləsini “Aya bax belə uçacağıq” sözləri ilə başlayaraq, Yerin təbii peykinə səyahətin detallarını açıqlayır. Bu məqalədə də dahi alimin uzaqgörənliyinə, parlaq zəkasına valeh olmamaq mümkün deyil. 1952-ci ildə 17 il sonra Aya enəcək “Apollon-11”in səyahətini bir kahin kimi əvvəlcədən xəbər verir. Bir həftə sonra – 25 oktyabrda isə “Kolyers” fon Braunun “Ayın tədqiqi” məqaləsini dərc etdi. Jurnalın oxucuları arasında böyük rezonansa səbəb olan ilk 3 məqalədən sonra fon Braunla artıq Hollivud və onun məşhur “Paramount Pictures” kino-studiyası da maraqlanmağa başladı.

Fon Braunun sonuncu – 8-ci məqaləsi jurnalın 30 aprel 1954-cü il sayında çıxdı. “Marsa gedə bilərikmi” adlı məqalədə fon Braun “Qırmızı planetə getmək zərurətdir, ancaq yaxın 100 ildə bu mümkün deyil” yazır. Daha sonra görkəmli konstruktor Mars missiyasına çıxacaq 10 kosmik gəmidən ibarət donanmanın 8 ay sürəcək uçuşdan sonra planetin şimal qütbünə — qarla örtülü, nisbətən enişə uyğun düzəngah hissəsinə oturacağını təsvir edir. Media tarixçiləri jurnalın bu sayının əldən ələ dolaşdığını və nadir arxiv nüsxəsinə çevrildiyini qeyd edirlər. Çünki fon Braun təkcə özünün uşaqlıq xəyallarının deyil, milyonlarla insanın arzu və istəyinə tərcüman olmuşdu.

Qısa müddət sonra fon Braunun “Kolyers”də dərc olunan 8 məqaləsi kitab halına salındı. Redaktoru Kornelius Rayan olan 3 cildlik kitab jurnallar kimi böyük hadisə oldu. Kitablar bir neçə dəfə təkrar nəşr olundu. Fon Braun artıq tanınmış bir alim və kosmos sahəsinin ən görkəmli mütəxəssisi kimi təqdim olunurdu. Cəmi iki il ərzində çıxan səkkiz məqalə Amerika ictimai rəyinə təsir edib, beyinlərdə inqilabi dəyişikliklərə təkan verdi. Artıq əfkari-ümumiyyə gözünü kosmik fəzanın dərinliyinə dikmiş, kainat sirlərinin çözülməsi üçün atılacaq elmi-texniki həmlələri gözləyirdi.

“Kolyers” jurnalı ABŞ-la Sovetlər arasındakı kosmik rəqabətdə güclü katalizator rolunu oynayıb. Amerika prezidentlərinin, xüsuslə də Con Kennedi və Lindon Consonun böyük mühəndisə sevgi və inamı sonsuzdu. Ancaq bunlar rəsmi Vaşinqtonun ABŞ-ın Kosmos Proqramına yüz milyardlarla dollar ayırması üçün kafi deyildi. Bunun üçün xalqın dəstəyinə ehtiyac vardı. Bu dəstək və marağın yaranmasında müstəsna rolu “Kolyers” jurnalı və fon Braunun məqalələri oynamışdı…

Bu minvalla deyəsən, Fon Braunla bağlı 3-cü yazı da yazmalı olacam.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (12 оценок, среднее: 9,83 из 10)
Oxunma sayı: 1268