Muəllif:

SÖZÜN İNFLYASİYASI…

Gər çox istərsən, Füzuli, izzətin, az et sözü

Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz

 

Özündən üstündən irəli keçməyin iki yolu var. Biri daha çox çalışmaqdır, digəri isə səndən irəlidəkiləri bir-bir “zərərsizləşdirmək” və bu yolla özünü öncül kimi təsdiq etməkdir.

Bilirsinizmi, bunları niyə deyirəm? Hakim partiyanın təbliğat sistemi məni daim düşündürübdür və aydın məsələdir ki, təbliğat prosesinin də yükünün ən böyük hissəsi KİV-lərin üzərinə düşür.

Elə ona görə də illərlə onun himayəsində olan media strukturlarını yaxından və kənardan müşahidə edən zaman bir sualı özümə verməkdən heç cür dayana bilmirdim: əcaba, belə təbliğatla bunlar hara gedəcək?..

Məsələ bundadır ki, 25 il ərzində əlində çox böyük resursların cəmləşməsinə baxmayaraq hakimiyyət hətta ən orta səviyyəli müstəqil media strukturu ilə rəqabət aparmaq iqtidarında olan hansısa qəzet, radio və ya televiziya qura bilmədi. Ən çoxu da bizi təəccübləndirən bu idi ki, bu səmtdə 25 il ərzində ciddi bir cəhd də sezmədik.

Amma təxminən beş-on ildən sonra nəhayət ki, bu istiqamətdəki siyasətin məğzini tuta bildik: dəyişməmək, əksinə elə etmək ki, müstəqil media özü dəyişib hakim partiyanın qanadı altındakı media strukturları ilə bərabərləşsin və hətta onların səviyyəsindən də aşağı ensin.

Bəli, illər ərzində elə belə də edildi; hakim partiya öz mediasını qaldırmaq üçün əlini əlinin üstünə qoymadı, amma ən müxtəlif maneələr, yasaqlar və hətta təqiblər ona gətirib çıxardı ki, “müstəqil media” ifadəsindəki birinci sözə — “müstəqil” sözünə daha ehtiyac qalmadı və beləcə bir də ayılıb gördük ki, biz artıq əski sovet təbliğat sistemilə işləyirik – qəzetlər, jurnallar o qədər çoxalıbdır ki, köşklərdə onları hara yerləşdirməyi bilmirlər, amma bir kimsə hətta ayaqqabısını silmək üçün belə onlar tərəfə əl uzatmır, çünki bu qəzetlərdə əvvəlki illərdən fərqli olaraq daha heç nə yazmırlar, redaktorlar “Cəhənnəmə ki!” deyib gündə ziyana düşərək 1000-2000 nüsxə kağız çap edirlər ki, heç olmasa, dövlətin qəzetlərə ayırdığı yardımı ala bilsinlər.

Düzdür, bu arada elektron media önə keçdi və məlum oldu ki, saytlar heç də az oxunmurlar. Amma onların iki ciddi “əmması” aşkar oldu. Biri budur ki, saytlardan gəlir götürməyin yolu əməlli-başlı tapılmayıb.

İkincisi, onları sıradan çıxarmaq, zərərsizləşdirmək daha asan, hətta su içmək kimi bir işdir; bir neçə dəqiqənin içində ən çox oxunan saytı belə qapatmaq heç bir problem deyil.

Bunun “əsaslandırma”sını tapmaq da çox asandır; “müharibə aparan ölkə”yik və çox kiçik “ehtiyatsızlıq”, məsələn, şəhərdən aeroporta gedən avtobusların nömrəsini vermək belə ölkəmizin təhlükəsizlik sistemini tamam “iflic” edə bilər, hətta Mingəçevir İstilik Elektrik stansiyasındakı qəza nəticəsində dəymiş 500 milyon manatlıq ziyan da bunun yanında heç olar.

Fəqət, biz bu “sistem”in daha mükəmməlini görmüşük. Üstəlik, həmin “mükəmməl sistem” – böyük institutların üzərində işlədiyi sovet təbliğat sistemi belə o cür qüdrətli dövləti və hətta hakimiyyəti cəmi yetmişcə il saxlaya bildi…

İndiki ideoloqlar deyir ki, əsas təbliğatdır və təbliğatda da əsas baş sındırmaq yox, başqalarının təbliğat maşınını birdəfəlik sındırmaqdır ki, lap “Kor ərəbin mahnısı”nda deyilən kimi: Nə eşq olsun, nə də aşiq…

Əlbəttə ki, təbliğatın guya hər şeyə qadir olduğunu düşünməyin özü bir yanlışlıqdır. Sovetlər 70 il “Dünya imperializmi çürüyür” dedi, amma axırda məlum oldu ki, çürüyən bizim dişlərimizdir, özü də şor yeməkdən və yaxud da ki, dişlərimizi daim qıcımağımızdan.

Burada yadıma bir detal düşür. 1993-cü il idi. AXC sədrinin müavinlərindən biri dedi ki, təbliğat işini pis qurmuşuq, buna da vəsait ayırmaq lazımdır. O vaxtki prezident Ə.Elçibəyin buna çox maraqlı  reaksiyası oldu:“Bəy, təbliğata verəcəyimiz pulu bəlkə ərzağa verək?”…

Əlbəttə, bu da ifratçılıqdır. Təbliğata olmasa da, insanlar arasında bir maarifçilik işinə, hökumətin fəaliyyətini işıqlandırmağa ehtiyac olur. Gəl, bunu ifrata aparıb çıxarmaq, “Hökumət nə edirsə, düz edir!” demək və yaxud hər səfəri tarixi bir səfər, hər qərarı cahanşümul bir qərar kimi qələmə vermək artıq nəinki təbliğat deyil, adicə gülünclükdür.

Ona görə də gəlin beysbol və ya qolf kepkalarımızı (Mirzə Cəlil rəhmətlik vaxtilə “motal papaqlarımızı” demişdi! Gəl, ay Mirzə, gəl, yerlilərinin cəlalına bir bax!) qənşərimizə qoyub əməlli-başlı düşünək: “Sən məni təriflə, mən də səni!” siyasətinin axırı nədir, hara aparır bizi o?..

Tərifin bayağılaşma mərhələsi olur. Biz artıq onun bayağılaşma mərhələsinə qədəm qoymuşuq–ta Dünyada elə bir bərbəzək, elə epitet qalmadı ki, hakimiyyətimiz özünə yapışdırmasın. Amma axırda sözlər – təriflər təsirini itirməyə, hətta əks nəticə verməyə başlayır. Yavaş-yavaş bu mərhələyə adlayırıq. Düşünürük ki, qüdrətli, ağır-batman müxalifətimiz də bundan bir nəticə çıxarmalıdır – daha tənqid etmək, gecəbəgündüz qaralamaq yox, əksinə tərifləmək lazımdır. Daha sözlər  sehrini itiribdir, çünki sözün də inflyasiyası olur.

Əslində bütün bunları heç deməyə də bilərdik – jurnalist babayıq, necə deyər, üçdə alacağımız yox, beşdə də verəcəyimiz.

Amma ürək dözmür, çox istəyirsən ki, buralarda da hər şey qeyri yerlərdəki kimi olsun, tərifdən, boğazdanyuxarı sözlərdən ötrü ürəyimiz getməsin, qəbul edək ki, bizə kömək edənlər tərifləyənlər yox, nöqsanlarımızı deyənlərdir. Həm də sözün inflyasiyası olan yerdə sözlə əməl arasında nəinki bərabərlik, Vallah, heç mütənasiblik də olmur…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 136