Muəllif:

Qaşığımıza çıxan qazanımıza tökdüyümüzdür

 

“Yalan deyirsən, oxumamısan”, “Mənə fırıldaq gəlirsən, sən gedən yolu, mən qayıdıram”, “Sizdən oxuyan olmaz”, “Sizdən adam çıxmaz”,  “Sən dedin mən də inandım” və sair, və ilaxır bu qəbilli sözləri hər gün dəfələrlə övladlarına valideyinlər işlədir, tələbələrinə müəllimlər.Uşaq gözünü dünyaya açandan əvvəlcə ona ana yalan danışır, aldadır, harasa gedəndə uşaq məni də apar deməsin deyə “Həkimə gedirəm qayıdacam”, “Sənə konfet almağa gedirəm, indi qayıdıram”,-deyə yalan söyləyir.  Başından eləyir ki, serilaına rahat baxsın, mobil telefonu verir uşağın əlinə. Uşağın qulaqları eşidə-eşidə onun ata tərəf nəsil-kökünü nə qədər bacarır alçaldıcı ifadələrlə pisləyir, yəni onlar pisdi, mən yaxşıyam.  Eyni hərəkəti ata da eləyir. Bu gedişlə uşağını yalançı, yaltaq, özünə inamsız, nəslindən-kökündən dolayısı ilə… yox, daha doğrusu, birbaşa özündən bədgüman böyüdür.

Uşaq gedir bağçaya eyni münasibətlə tərbiyəçilər və dayələr  (texniçkalar) tərəfindən rastlaşır, onu yaşayır.  Görür ki, səhər valideynin yanında tərbiyəçi onunla tamam başqa cür rəftar edir, valideyin gedəndən sonra münasibət  90 dərəcəli bucaq altında dəyişir. İmkanlı atası olan uşağa münasibətlə digər uşaqlara münasibətin fərqinə varır. Anası ona “görüm-baxım” eləməsə tərbiyəçinin, dayənin ona necə təzyiq (tərs baxış, səs tonu, çimdik və s) göstərdiyini hiss edir.  Və bütün bunları valideynə danışacağı tərzdə sabah bağçada yaşayacağı təpkini bilir artıq. Bu münvalla uşaq məktəbə gedir. Eyni, ondan bir az daha yüksək və açıq formada məktəbdə yaşayır inamsızlığı, təpkini, psixoloji təsiri, yalana təhriki, yaltaqlığa sürükləməni.

Ali məktəb müəllimi də tələbəyə (əksər hallarda) fərdi yanaşmağı bacarmır, çünki özü yuxarıda təsvir etdiyimiz formada böyüyüb, tərbiyə alıb. Təbii istisnalar var, amma xarakterik cəhətlərdən danışırıq. Auditoriyada müəllimin gözündə tələbənin hamısı eynidi, bir gözlə baxmaq mənasında yox, kütlə mənasında.  Dünya miqyasında tanınan və qəbul edilən pedaqoq Amanaşvili deyir:“Hər bir insan fərd kimi dünyaya gəlir, yəni bioloji xüsusiyyətləri ilə insan kimi doğulur, lakin zaman keçdikcə o şəxsiyyətə çevrilir”.  Çevrilir, biz təkan versək, çünki fərddir, amma cəmiyyətdə yaşayır, təcrid olması mümkün deyil. Uşaqları müəllim fərd kimi deyil, kütlə kimi görür və kütlə kimi idarə etməyə çalışır, nə yazıq ki, əksər hallarda da ona müyəssər olur. “Mən sizin üçün əşya deyiləm, mənim hissim, duyğum, öz fikrim və nəhayət, şəxsiyyətim var”,- deyə müəllimə etiraz edən tələbənin gözlərindən öpürəm.

Tənqid, tənbeh uşağı məhv eləyir, həm də yalnız tərbiyəsini deyil, mənəviyyatını. Auditoriyada, məktəbdə, ailədə təhqir olunan uşaq, gənc, sabah cəmiyyət üçün yararlı deyil, onun şəxsindən, şəxsiyyət ola bilməsindən söhbət gedə bilməz.

  • Filankəs, dərsini danış
  • Müəllim, bu gün hazır deyiləm, olarmı sabah hər iki dərsi danışım sizə?

Bu halda müəllim müxtəlif cür cavab verib, münasibət göstərə bilər. Məsələn, “yaxşı sabah soruşacam səndən, inanıram ki, müəkəmməl cavabınla bu günkü hazırlıqsızlığını mənə unutduracaqsan”.  Yaxud, “niyə hazır deyilsən, guya sabah hazır olacaqsan, həmişə beləsən də, otur, iki alırsan”. İkinci cavabı alan uşaq əmin olun ki, sabah da hazır olmayacaq, müəllim məhv elədi onu artıq. Amma birinci cavabla və onun alt qatındakı insani, inamlı, güvənli münasibətlə müəllim o tələbəni cəmiyyət üçün qazandı. Tələbə hökmən hazır gələcək, çünki boynunda ona inam və güvən qoyulub, doğrultmağa çalışacaq.  Normal insandan söhbət gedir təbii ki. Normal insanı sənin, mənim, bizim, valideyin kimi, müəllim kimi, jurnalist kimi təşkil etdiyimiz normal cəmiyyətlər yetişdirir.

Uşağa, şagirdə, tələbəyə inanmaq, onu sevmək və bu sevgini göstərmək lazımdır. Ona inam, ona güvənmək, tərifləmək, bacarıqlı və istedadlı olduğunu demək  onda özünəgüvən formalaşdırır ki, bu da insana onun gələcəyi üçün çox vacibdir. Özgüvənsiz, uğursuz, kompleksli  gənclərin, insanların yetişdiyi cəmiyyət … bu gün yaşadığımızdır. Biz eləmişik, bizim məhsulumuzdur bu cəmiyyət. Qazana tökdüyümüzdür qaşığımıza çıxan.

Nə qədər gec deyil, əziz müəllimlər, valideyinlər bu gündən başlayaq, ona inanaq, onu sevdiyimizdən məhvə sürükləməyək, sadəcə sevgimizi və ona güvəndiyimizi büruzə verək. Dərs keçmək olmasın, sadəcə, Köçərlini, Uşinskini də, Amanaşvilini də oxumuş bir valideynin, müəllimin, jurnalistin təcrübəsidir bölüşdüm sizinlə. Bircə onu anlaya bilmirəm ki, tənbehlə, tənqidlə, təhqirlə uşaq tərbiyə etmək hansı “böyük pedaqoq”un metodu, təcrübəsidir ki, bizim təhsil ocaqları və ailələr ondan əl çəkə bilmir…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 5,50 из 10)
Oxunma sayı: 270