Muəllif:

“Qarabağa azadlıq” və səmimiyyət

Qarabağın geri qayıtmasını istəyən 2 min nəfər. Bu rəsmi məlumatda göstərilən rəqəmdir. Bu rəqəm sizi bilmirəm məni çox düşündürdü.

Söhbət sentyabrın 29-da Qarabağ komitəsi tərəfindən Məhsul stadionunda keçirilən “Qarabağa azadlıq” mitinqindən gedir.

Qarabağ hamının, iqtidarlı-müxalifətli hər kəsin yaralı yeridir. Bir sözlə, ümummili məsələdir. Bəs onda niyə bu mitinqə bu qədər az adam toplaşmışdı?

Özü də Qarabağ ətrafında maraqlı proseslərin getdiyi bir dövrdə.

Yəqin ki, məhz buna görə indi bu mitinqi keçirmək, ümummilli məsələdən istifadə etmək, Qarabağın hələ də xalqın həssas yeri olduğunu kimlərəsə göstərmək, kimlərəsə mesaj vermək elə kimlərəsə lazım idi. Amma alınmadı.

Ona görə də əvvəl yazdım ki, bu məsələ məni çox düşündürdü.

Mitinqi bir neçə siyasi partiya və təşkilat təşkil etmişdi. Hətta hakim partiya nümayəndələri də bu mitinqə çağırış etmişdilər. Müxalif düşərgənin hakimiyyət tərəfindən radikal adlandırılan partiyaları isə bu mitinqdə iştirak etmədilər. İçində həmin təşkilatçı olan siyasi partiya və təşkilatçıların üzvləri olan və xalqın sadə nümayəndələri olmaqla cəmi 2 min nəfər iştirakı ilə bu mitinq keçirildi.

Amma mövzu Qarabağ idi.

Demək ki, bu xalqın Qarabağ dərdi olsa da, onlar bu problemin həllini mitinqin təşkilatçıları arasında axtarmırlar. Onlar mövzu Qarabağ olsa belə, mitinqin təşkilatçıları ilə bir sırada olmaq istəmirlər.

Niyə? Bəlkə məsələnin mahiyyətini açmaq üçün birinci  bu suala aydınlıq gətirmək lazımdır?

İllərdir ölkədə baş verən haqsızlıqlara, ədalətsizliyə göz yuman, yeri gələndə iqtidarın yanında duran, yeri gəlməyəndə müxalif donu geyinən bir çox  partiyalar, həmin partiyaların rəhbərlərinin 20 ildən çoxdur həyata keçirdiyi  və ya keçirə bilmədikləri siyasətləri elə özləri kimi bitib tükənib.  İndi onlarla birlikdə Qarabağ uğrunda mübarizə aparmaq sadəlövhlük olmazmı?

Vallah  bu cümləni sevmirəm. Amma “xalqın gözü tərəzidir” frazası burda çox yerinə düşür.

Bəlkə də bu mitinqi nüfuzlu və neytral, fəaliyyətinə dair heç bir şübhə olmayan, sözübütöv, Azərbaycanda baş verən haqsızlıqlar barədə qorxmadan, çəkinmədən öz obyektiv mövqeyini bölüşən hansısa bir vətəndaş cəmiyyətinin üzvü təşkil etmiş olsaydı, meydana həmin partiyaların çıxardığından daha çox adam toplanardı.  Səmimi olduğu üçün. Ürəkdən buna inandığı üçün.

Misalçün, mitinqdən sonra sosial şəbəkələrdə yayılan “Qarabağı qaytarmaq istəyirəm” deyib, ağlayan bir ortayaşlı dayının videosu hamının ürəyini dağladı. Hamı mitinq iştirakçılarının hansısa birinin çıxışını deyil, məhz o videonu paylaşdı. Çünki həmin dayı o kəlməni elə səmimi, elə ürəkdən deyirdi ki, onun səmimiyyəti gözlərindən hiss olunurdu. Onun söylədiyi pafos deyildi. Onun gözlərindən axan yaşlar “timsah göz yaşları” deyildi. O hönkürtü də, o hıçqırıq da içdən idi. Məncə, belə mitinqi kimlərəsə göstərməkdənsə, elə ancaq o videonu göstərsələr, kifayətdir. Qarabağı geri almaq istəyənlərin əsl səmimiyyət nümunəsi kimi.

İllərdir görürük ki, Qarabağ mövzusundan yeri gələndə Qərb və ya Rusiya, lazım gələndə Azərbaycan hakimiyyəti, gəlməyəndə Ermənistan hakimiyyəti istifadə edir. İndi hansısa maraqlar naminə bu məsələdən istifadə edilməsinə yol vermək, məncə, mövzunu gözdən salmağa yönəlik addımlardır.   Daha bir misal. Xatirinizə 2016-cı ilin aprel hadisələrini salmaq istərdim.  O günlər adi məktəblilər belə küçələrdə kor-təbii aksiyalar edirdilər. Qarabağ hayqırırdılar. Heç kimin çağırış və məcburiyyəti olmadan. Çünki yuxarıda yazdığım kimi Qarabağ balacadan böyüyə hər kəsin yüküdür, dərdidir, dağıdır.

Yəni dediyim odur ki, bu aksiyanın təşkilində bir şey çatışmırdı: Səmimiyyət.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 8,50 из 10)
Oxunma sayı: 173