Muəllif:

On yeddi il əvvəl dünya necə eybəcərləşdi?..

 

Öncə onu deyək ki, nə qədər eybəcərləşsə də, nə qədər dözülməz hala gəlsə də, bizim başqa Dünyamız yoxdur – çox təəssüf ki, insan yalnız yaşa dolandan sonra belə sadə həqiqətləri başa düşməyə başlayır və sənə ətrafdakı hər şey, hətta asfaltın altından boy atıb çıxan adicə ot və yaxud da yarpaqlar üzərində yığılan şeh belə möcüzə kimi görünür…

Bəlkə elə məhz bunun nəticəsidir ki, yaşa dolduqca Dünyanın nizamı bizi daha çox düşündürür, sanki hər birimiz haqqında özündə bir xatirəni yaşadan bu İlahi möcüzənin özümüzdən sonra da qalmasını hətta öz mövcudluğumuzdan daha çox istəyirik… Amma yox, mənim Dünya və insan haqqında fəlsəfi mükalimə açmaq fikrim yoxdur, güman, heç buna ağlımın qüdrəti də çatmaz.

Mənim bu yazıdakı “missiya”m daha kiçikdir. Soyuq müharibə bitəndən sonra Dünya bir müddət qlobal çağırışlar olmadan keçindi.

Amma aydın idi ki, uzun müddət belə davam etməyəcək, siyasət adamları, böyük biznes dairələri nəsə bir şey fikirləşib tapacaqlar, çünki böyük hərbi xərcləri və ya sifarişləri necəsə əsaslandırmaq lazımdır axı!

Üstəlik, Dünya nizamını özünə tədqiqat olbyekti edən politoloqlar da qəti boş dayanmır, yeni ssenarilər üzərində işləyirdilər; S.Hantinqnton ABŞ-ın dövlət kimi mövcudluğu üçün yeni “düşmən obrazı” uydurmağın vacibliyindən yazır, Z.Bjezinski isə özünün yeni geostrateji ssenarilərində ABŞ-a yeni missiya “toxuyurdu”…

Və “qəfil” bir gün 11 sentyabr baş verdi, hərçənd, hələ də hamı baş sındırır ki, baş verdi, yoxsa başa gətirdilər? Əgər həmin hadisələrdə həlak olmuş üç min insanın xatirəsi olmasaydı, mən ikinci versiyanın tərəfində olar və elə bu yazıda böyük siyasət adamlarının qarasınca bir xeyli deyinərdim — di gəl, nə edəsən ki, ortada üç minə yaxın adamın xatirəsi var və güman ki, bu insanların niyə və necə həlak olması hələ uzun müddət, bəlkə də əbədi olaraq sirr kimi qalacaqdır…

Qərəz, 11 sentyabrdan sonra yeni bir “düşmən obrazı” tapıdlı – terrorizm və böyük dövlətlər bunun ətrafında “koalisiya” qurmağa başladılar.

Üstəlik, əvvəlki yarım əsrlik düşmən modelindən — soyuq müharibədən fərqli olaraq yeni təhlükəni hansısa bir sistem deyil, az qala, bircə nəfər təcəssüm etdirirdi — o, da məşhur Bin Laden cənabları idi. Bəli, MKİ-nin “şinel”indən çıxan, hətta bir ara Əfqanıstanda ABŞ-la da yoldaşlıq edən, sonradansa Yeni Dünyanın bir nömrəli “düşmən”inə çevrilən Bin Laden cənabları…

Beləcə, ən zəhləm gedən kiçik Buş cənablarının iki prezidentlik müddətini “qlobal terrorizm”lə çarpışmada keçirdik, halbuki bu anlayış yenidən təftiş olunub dərk edilsə, çox şeyləri dəyişmək və çox ünvanları təzədən kəşf etmək olar.

Qərəz, kiçik dövlətlərin də işi həmişə böyüklərin “melodiya”sına oynamaq olub. Biz də çox şeyləri, hətta özümüzün Dağlıq Qarabağ siyasətimizi də yeni təhlükəyə, daha doğrusu, qlobal təhlükəsizliyə qarşı yeni təhdidə uyğun qurmağa, imkan düşən kimi, hamının diqqətini əski və müasir erməni terroruna yönəltməyə çalışdıq.

Amma böyük hesabla heç nə olmadı. Hakimiyyətə qaradərili B.Obama gəldi və bir gün B.Ladeni, səhv etmirəmsə, elə Pakistandaca, əsas hökumət obyektlərinin düz yanında həbs etdilər, sonra da nəşini əskiyə büküb okeana atdılar–beləcə, Dünya siyasətində daha bir dövr (əgər belə demək mümkünsə…) başa çatdı.

Fəqət, kiçik Buş dövrünün eybəcərliklərini, deformasiyalarını Dünya özündə saxladı – zaman keçdikcə onlar nəinki azaldı, bir az da çoxalıb artdılar.

Bəlkə də böyük soyuq savaşın özəlliyi onda idi ki, Dünyada iki ideoloji çağırış vardı və onlar arasında əsl çarpışma gedirdi – ideya olan yerdəsə hər şey bir az başqa cür olur.

İndi Dünyada daha alternativ qlobal ideoloji çağırışlar yoxdur. Zaman-zaman bunu Rusiyaya, İrana və Şimali Koreyaya sırımağa çalışsalar da tamamilə mənasız işdir: onların nə belə niyyətləri var, nə də bunun üçün zəruri gücləri.

Elə bu səbəbdən artıq Tramp Amerikası Dünya üçün təhlükədən daha çox ABŞ üçün “təhlükə”lərdən danışır, özünün proteksionist siyasəti ilə uzun illər ərzində formalaşmış qlobal modelləri bir-bir sarsıdır, onların hətta zəruriliyini də şübhə altına alır: bura NATO ilə bağlı mübahisələri də, Dünya Ticarət Təşkilatı ilə bağlı tərəddüdləri də əlavə etmək olar…

Fiziklər məchulluğa və yaxud da qeyri-müəyyənliyə bir az başqa cür baxırlar və bunun üçün hələ yüz əlli il bundan əvvəl entropiya deyilən bir  anlayış da uydurublar.

Amma insanları məchulluq həmişə çəkindirir, baxmayaraq ki, bəzən müəyyənliyin özü də cansıxıcı dərəcədə üzücü olur. Fəqət, bir daha ərz edirik ki, insanlar müəyyənliyə, proqnozlaşdırıla bilinən hakimiyyətə və hətta Dünyaya daha çox üstünlük verirlər. Dünya isə öz böyük və kiçik komponentlərilə birgə belə olmaqdan getdikcə uzaqlaşır.

Şəxsən bəndənizin yadına gəlir ki, gənclik illərində ABŞ deyəndə ürəklərimiz titrəyirdi və biz ABŞ-ı hər şeyin — azadlığın və ədalətin təcəssümü hesab edirdik. Daha belə eyforiya yoxdur, hətta deyərdik ki, daha ABŞ-a inam da yoxdur. Əlbəttə, Dünya tək ABŞ-dan ibarət deyil, X.Kolumba qədər insanlar Yeni Qitədən xəbərsiz yaşamışdılar, özü də pis yaşamamışdılar.

Amma “qlobal” sözü həmişə ABŞ-la assosiasiya olunub və ən azı V.Vilsondan başlayaraq məhz bu ölkə Dünyaya yeni prinsiplər, yeni qaydalar gətirməyə çalışıb. Son iyirmi ildə isə bunun yerini qlobal bir eybəçərlik tutub – bəli, heç nəylə ört-basdır edilə bilməyən eybəcərlik…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 131