Muəllif:

Hər gecə hücrəsinə çəkilib ağlayan analar

Çox uşaq idim, evdə bizə qədim bir rəvayət danışmışdılar. Anamın, yoxsa atamın danışdığını  xatırlamıram, çünki nənəmlə babamdan sonra estafeti hər ikisi almışdı. Bizə ədəbiyyatdan, tarixdən çox bəhs edər, bir də ibrətamiz rəvayətlər danışardılar. İndi də elədi, “qızım sənə deyirəm, gəlinim, sən eşit” “rədifli” hekayələri davam edir.  Sadəcə, o vaxtlar bilməzdik ki, bunlar hamısı bizim özülümüzü təşkil edən “materialdı”.

Qədim və məşhur (yəqin hamı bilir) rəvayətə görə, bir gün atasının qocalığından, çox danışmasından bezən oğul onu iri bir toxunma səbətə qoyub, oğlunu da yanına salıb uzun bir yol qət edib uca dağların arasına gəlib çıxırlar. Oğul lap hündür dağa çıxıb atasını orda qoyub düşür. Kənardan olayı seyr edən nəvə deyir ki, ata, səbəti götürəydin gərək. “Niyə?”, — deyə atası soruşur və ”Nə vaxtsa səni gətirib azdıranda mənə də lazım olacaq”,- cavabını alır.

Bilgəhdəki “Qocalar evi”nə getmişdim. Nə vaxtsa mətbuatdan başladığım missiyanı artıq 4 ildir ki, “Bilik Fondu”nda davam etdirirəm. Sonuncu dəfə oktyabrın əvvəlində “Müəllimlər günü” ilə bağlı ordakı 17 müəllimi təbrikə getmişdik. Müəllimlər yenə bizdən müxtəlif kitablar istədilər. Tahirə müəllimə isə Azər Turanın “Cavidnamə”sini rica etmişdi. Bu dəfə onlara istədikləri kitabları Azər Turanla (sağ olsun, sözümüzü yerə salmadı) birlikdə apardıq.

Tahirə müəllimə sevincindən yerə-göyə sığmırdı. Sinədəftərini açmışdı yenə -Hüseyn Cavidi əzbərdən deyirdi, hərdən də gah mənə, gah Azər bəyə təşəkkür etməyi də unutmurdu. Otağı-hücrəsi elə bil kitabxanadır, yenə doymur kitabdan, yaddaşı da, maşallah, yerində o kitabları zehninə də yığıb saxlayıb, yeri gəldikcə xırıd edir. Ən çox fəxr etdiyi isə müəlliflərin kitabları ona öz imzaları ilə bağışlamasıdır. Belə kitablar onun dolabında ən əziz-xələf yerdədir.

Bir də qızı ilə fəxr eləyir, deyir diplomatdır. Elə ürəkdolusu, fəxrlə danışır ki, adam beynində yaranan sualı boğazından güclə büküb geri qaytarır. Birdən yaralı yerinə toxunub incidərəm — deyə. Ona belə rahatdı, qoy, fəxrlə danışıb ürəyinin yanğısını soyutsun.

Kimisə qınamaq fikrindən uzağam, amma hərdən düşünürəm ki, görəsən, valideyini ahıl yaşında aparıb hardasa yad insanlara əmanət edib necə gəlib evində, isti ocağında rahat oturmaq olar? Elə övladını atan valideyinlər barədə də belə düşünürəm. Necə rahatlıq tapırlar, yedikləri loxma boğazlarında qalmır? Bəlkə, elələri dünyaya gələndə Tanrı kimlərinsə ruhunamı, cisminəmi yerləşdirdiyi, qoy, adı elə vicdan olsun, cihazı onlara da qoymağı unudub?

Həm də Tahirə müəllimə və onun kimi 16 müəllim (ümumilikdə orda 200-dən artıq valideyin var) adi, sıradan bir insan deyillər. Onların söhbətləri, hekayələri, təcrübələri gənc nəslin tərbiyəsinə xidmət edə bilər. Oturub evdə nəvələri ilə məşğul olsalar, həm onlara xoş olar, həm də övladları qazanar. Bu qədərmi bəsit olduq, bu qədərmi cılızlaşdıq, bizi sinəsinin altında gəzdirən anaya isti qucağımızı açmalı ikən, bir çarpayımız çatmadımı? Bəlkə, cahiləm, valideyinlərini soyuq divarlar arasında puç olmuş arzuları, ağrılı xatirələri, ümidli, amma qaranlıq  sabahları ilə baş-başa atanlar sivil insanlardı, onlar Avropa dəyərləri ilə yaşayırlar, biz anlamırıq?

Danışdıqca doymurlar, danışdıqları mətləb əslində özlərinə də etiraf edə bilmədikləri acı həqiqətlərdi. Çox ağrılıdı, çox.

Hər həftəsonu valideyinlərimə baş çəkməsəm, elə bilirəm yarımçığam, nə isə çatmır, darıxıram, qoxularını almaq istəyirəm. Qardaşımla olurlar, amma məni gözləyərlər, gözləri yolda qalar, deyə qorxuram. Qorxuram ki, incidərəm onları, uşaq kimi kövrək, xoş sözə möhtac vaxtlarında ehtiyatsız kəlməm qırar qəlblərini. Ayları, illəri uzatmaq istəyirəm ki, daha çox ünsiyyətdə olum valideyinlərimlə.

Nənəm yurdunu-yuvasını erməni yağmalayandan sonra Sumqayıtda xalamgildə qalırdı. Hər həftəsonu yanına gedirdim, elə bil, mənim gəlişimi gözləmək onun yaşamaq səbəbi olmuşdu. Bircə həftə gəlməsən, ölərəm, deyirdi. Bir həftə gedə bilmədim, həmin şənbə nənəm rəhmətə getdi, bu günə qədər özümə bağışlaya bilməmişəm.

Bu yaxınlarda internetdə bir süjet izləmişdim.  Gözləri tutulmuş ata bağçada quşun cəhcəhini eşidib oğlundan soruşur ki, bu hansı quşdur? Oğlu – sərçə deyə cavab verir. Ata bir də soruşur – bu nədi? Oğul bir az yuxarı tonla – sərçə deyir. Ata ani sükutdan sonra təkrar hansı quş olduğunu soruşanda oğlu bağırır – ata, sərçə-dedim, sən məni dolamısan… Ata sakitcə oğluna xatirə dəftərini verib filan səhifəni oxumasını xahiş edir.  Oğlan oxuyur ki, o, uşaq olanda bağçada oxuyan quşun hansı quş olması barədə əlli dəfə verdiyi sualı atası necə təkrar-təkrar, sevə-sevə, həm də izahlı cavablandırır. Oğlu kövrəlir, ayağa qalxıb atasını bərk-bərk qucaqlayır.

Bilgəhdə, gözdən-könüldən uzaq “Qocalar evi”ndə hər gecə öz hücrəsinə çəkilib göz yaşı tökən ahılların övladları, yaşınız artdıqca anlayacaqsınız, anladıqca vicdan əzabı sizi rahat qoymayacaq. Bir gün havaya atdığınız bumeranq mütləq qayıdıb alnınıza dəyəcək, möhkəm dəyəcək…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 7,50 из 10)
Oxunma sayı: 288