Muəllif:

Daha bu ölkədə jurnalist işləmək olmur

Daha bu ölkədə jurnalist işləmək olmur. Niyəsini deyim. Bir həftə ərzində özümün yaşadığım, şahidi olduğum 3 məsələni yazacağam.

Bildiyiniz kimi freelancer kimi bir neçə yerli və beynəlxalq media ilə əməkdaşlıq edirəm. Yazı vərdişimi ununtmamaq üçün hərdən həmin media orqanlarına yazılar göndərirəm. Bu ölkənin mediasında yazmaq istədiyim, görmək istədiyim yazılardan. Bizim mediada belə mövzular yayımlanmadığı üçün bu cür yazıları əsasən beynəlxalq mediada dərc etdirirəm. Son yazılarımdan biri Vəkillər Kollegiyasının fəaliyyətinə həsr olunmuşdu. Daha doğrusu qurumu tənqid etmişdim. Oxuyanlar oxuyub. Yenidən yazıda yazdıqlarımı burda təkrarlamaq istəmirəm. Yazıdan dərhal sonra həngamə başladı. Əvvəlcə Vəkillər Kollegiyasının sədri zəng vuraraq məni bir az danladı, bir az hədələdi, bir az da öz peşəmdən dərs deməyə çalışdı. Adam bildirirdi ki, niyə tənqid edirsiniz, niyə görülən pozitiv işlərdən danışmırsız. Mən də adama izah edə bilmədim ki, medianın vəzifəsi tərif yazmaq yox, nöqsanları yazmaqdır. Görünür Azərbaycan mediası həqiqətən məmurları, vəzifəli şəxsləri pis öyrədib. Tərifə öyrədib.  Həqiqi medianın funksiyaları unudulub. Nəysə ki söhbətimiz xoş atmosferdə keçmədi. Bundan sonra facebookda, hökumətyönümlü mediada bəndeyi-həqiriniz haqda kampaniya başladı. Sağdan da döşədilər, soldan da. Məni tərəfli, qərəzli, qeyri-peşəkar jurnalist adlandırdılar. Bir sözlə mən belə yazılarla düşmən dəyirmanına su tökürəmmiş, kimlərinsə məqsədlərinə xidmət edirəmmiş. Və s. və i.a.

İkinci məsələ. Elə bu günlərdə REAL partiyasının sədri İlqar Məmmədov həbsdən sonra ilk mətbuat konfransını keçirdi. Jurnalistlər çoxdandır İlqar bəyin fikirlərini öyrənmək istəyirdilər. Məhz bu səbəbdən mətbuat konfransı qələbəlik idi. Mətbuat konfransının necə keçməsi ilə bağlı sosial şəbəkələrdə kifayət qədər yazıldı. Jurnalistlərin peşəkarlığı məsələsi, sualvermə qabiliyyəti, eləcə də qarşı tərəfin cavabları xeyli çək-çevir edildi. Bundan yazmayacam. Mənim gördüyüm və yazmaq istədiyim odur ki, təşkilatçıların konfrans başlamazdan öncə jurnalistlərə yönəlik davranışları heç ürəkaçan olmadı. Konfransa başlamazdan öncə jurnalistlərə yönəlik “hər kəs ancaq bir sual verə biləcək” bəyanı jurnalistləri narazı saldı. Və jurnalistlərdən bəziləri buna etiraz etdikdə təşkilatçılardan birinin, “kim razı deyilsə, konfransı tərk edə bilər” bəyanatı verməsi mənə elə bil daş kimi dəydi. Gözümdə canlandı ki, indi jurnalistlər buna cavab olaraq konfransı tərk edəcəklər. Və siyasətçilər də başa düşəcəklər ki,  medianın fikir almaq, mövqe öyrənmək, rəy almaq üçün siyasətçilərə ehtiyacı varsa, siyasətçilər də medianə cəmiyyətlə körpü gözündə görməlidirlər, mediaya həm də bir vasitəçi gözündə baxmalıdırlar. Ona görə media ilə mümkün qədər yaxşı davranmalıdırlar. Əgər media olmasa, siyasətçiləri də kimsə tanımaz, kimsə onların mövqelərini, hansı məzhəbə xidmət etdiklərini bilməz. Yəni media sizdən asılı deyil. Siz mediadan asılısız. Yaxşı olar ki, bunun üçün bütün siyasətçilər media ilə davranmağı öyrənsinlər. Onlara hörmətlə yanaşsınlar. Qarşılıqlı münasibət və hörmət.

Üçüncü məsələ yenə siyasətçilərin gözləntilərindən asılıdır. Deməli siyasətçi xanım Gültəkin Hacıbəylinin adının AŞPA-nın sanksiya siyahısından çıxarılması ilə bağlı ondan müsahibə istədim. Razılaşdıq. Müsahibəyə hazırlaşması üçün sualları da xanım siyasətçiyə göndərdim. Az keçmədi ki, xanımdan mənə ittihamlar dolu cavablar gəldi. Mənim verdiyim suallara deyil. Mənə yönəlik. Siyasətçi xanım sualları jurnalistikanın qeyri-peşəkar və tərəfsizlik prinsiplərinə cavab vermədiyini bildirdi və müstəntiq sualları olduğunu vurğuladı. Xanım bildirdi ki, bu kimi suallar hakimiyyətin mətbəxindən çıxır. Və müsahibədən imtina etdi. Özümdən şübhələnməyə başladım. Etiraf edim ki, suallar çox sərt idi. Amma suallarda qərəz, tərəftutma yox idi. Amma xanım məndən, illərdir tanıdığı jurnalistdən belə suallar gözləmirmiş və bu onu narazı salıb.

Demək ki xanımın məndən başqa gözləntisi varmış. Umacağı varmış. İllərdir bir-birimizi tanıdığımız üçün mən xanıma yumşaq suallar verməli imişəm. Sərt suallar verməli deyilmişəm.

Problem ondadır ki, bu jurnalistikanın və jurnalistlərin son vaxtlar yaşadığı problemlərdəndir. Jurnalistlərdən umacaq yaranıb. Kiməsə, hansısa siyasətçiyə xoşuna gəlməyən sual verən jurnalisti qeyri- peşəkar, qərəzli adlandırırlar. “Mənə xoşagəlməyən sual verirsənsə, deməli düşmənsən” yanaşması. İllərdir hakimiyyət də jurnlalistlərlə belə davranır. Bunların tərzinə xidmət etməyən media qurumlarını “düşmən dəyirmanına su tökənlər” adlandırır. İndi bu xüsusiyyət həm də müxalifətə keçib.

Olmaz belə. Bir sözlə, siyasətçilər, məmurlar, rəsmi şəxslər, deputatlar, vətəndaş cəmiyyətinin üzvləri, hamı, hər kəs jurnalistlərlə, media ilə davranmağı öyrənməlidir.

Və bir daha. Mən tərəfsiz jurnalistəm. Müstəqil jurnalist olaraq istədiyim sualı istədiyim şəxsə ünvanlaya bilərəm.  Cavab verib verməmək isə həmin şəxsin ixtiyarıdır. Yetər ki, ittiham səsləndirməsin. Və heç kim şəxsi münasibətlərə görə, mənim şəxsi mövqeyimə görə jurnalist olaraq məndən yumşaq sual və ya tərif ummasın.  Bunu bilsinlər, öyrəşsinlər.

Dediyim odur ki, daha bu ölkədə jurnalist işləmək də olmur. Tərəfsiz, peşəkar, jurnalistika prinsiplərinə uyğun fəaliyyət göstərən jurnalistlərə hər bir tərəfdən ittiham yağır. Hakimiyyət və hakimiyyətə xidmət edənlər bir tərəfdən, müxalifət isə o biri tərəfdən. Belə jurnalistlər heç kimə sərf etmir. Heç kimə lazım deyil.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (4 оценок, среднее: 9,25 из 10)
Oxunma sayı: 1096