Muəllif:

Bu əbləh bizi hamıynan düşmən elədi…

Sənət camiasında tanınan dostlarımızdan biri Feysbukda təxminən belə bir status yazmışdı ki, bəs, bir neçə gün öncə filan yerdə, filan şöbədə işləyən məmurlardan biri işdən çıxdığı üçün masasını boşaldırmış. Siyirtməni açıb “screenshot” olunmuş statusların kağız variantını görüb və “direktorun” ünvanına bu sözləri işlədib:“Bu əbləh bizi hamıynan düşmən elədi”.

Mən burada skrinşotun üstəlik kağıza çıxarılmasının cahillik, geridəqalmışlıq yanından danışmaq istəmirəm. Nə bilim, gör indi direktorun səviyyəsi nədi ki, adam özü çağdaş rəqəmsal texnikadan nə qədər uzaqdı, piyadadı-filan, halbuki onun sənəti indi məhz bu rəqəmsal texnikayla ətlə dırnaq kimi bir-birindən ayrılmazdı. Məni düşündürən insan amili, onun ruhi durumu, bir də skrinşotdan çıxan çörəkdi. Və necə çörək…

Məlum olur ki, adam, yəni həmin məmur işdən çıxdığı günə kimi çuğulluqla məşğul olub. Belə baxanda “çuğulluq”la “skrinşot” sözləri arasında yerlə göy qədər fərq var.

Lüğətlərdə çuğulluğa belə izah verilir:

Çuğulluq rusca: донесение, ябедничество, наушничество.

Azərbaycan dilinin sinonimlər lüğətində isə bu yazılıb:

Çuğulluq — xəbərçilik, şeytanlıq, böhtançılıq, iftiraçılıq. Məsələn, Bayram Pərzada deyir:“İndi sən istərsənmi ki, mən özümü bədnam edib, çuğulçuluq adını üstümə götürüm?” M.F.Axundzadədəndi nümunə.

Hətta zalım oğlu Bayram, XIX əsrin adamı çuğulçuluğun çox iyrənc bir şey olduğunu bilir və onu boynuna götürmək istəmir. Bayram a, özü də Pərzada deyir.

Bəs bu skrinşot nədi? Dəqiq olsun deyə, vikipediyadan qısaca yazıram:

“Skrinşot və ya ekran görüntüsü – ayrıca anda kompüterin ekranında olan görüntünü, yaxud onun bir hissəsini köçürməklə (kopyalamaqla) yaradılan şəkil. Adətən, bu rəqəmli görüntü istifadəçinin komandası əsasında əməliyyat sistemi, yaxud başqa proqram vasitəsilə alınır. Ekran görüntüsü nadir hallarda foto-videokamera kimi xarici qurğunun köməyilə, yaxud kompüterdən monitora gedən siqnalı “yaxalamaq” yoluyla əldə edilir”.

Sözün (əməlin) izahında bircə kəlmə, bircə hərf belə çuğulçuluğa aid nəsə varmı? Yox, təbii. Ola da bilməz.

Çünki hərb sahəsini çıxmaqla heç bir texniki nailiyyət, kəşf ara vurmaq, ev yıxmaq, kiminsə enişi üzərində yüksəlmək, uşaqların gözünü dikdiyi çörəyə bais olmaq kimi əməllər üçün düşünülməyib. Məqsəd çox sadədi. İnsanların işini asanlaşdırmaq, vaxta qənaət, sürəti qabaqlamaq və s.

Lakin bizim parabeyinlər neynir? Girib kiminsə sosial şəbəkədə, mesaj qutusunda yazdığını skrinşot edir, ona müdirinə sevgi donu geyindirir, hələ sonra texnikanın daha bir imkanından – printerdən yararlanıb onu dədə-baba qaydasına qaytarır. Yəni nə edir? Kağıza çıxarır, NKVD-yə göndərilən donoslar şəklinə salır ki, urvatlı olsun.

Ədəbiyyat şifahi və yazılı olmaqla iki yerə ayrıldığı kimi, çuğulçuluq da iki yerə ayrılır: şifahi və yazılı. İndi bu yazılı da inkişaf edib rəqəmsal mərhələyə keçib. Ancaq girişdə verdiyimiz nümunədən görünür ki, effekt, xəlqilik itməsin deyə, adam (ki, o yazıq ömrü boyu, sonrakı yeni iş yerlərində də bu işlə çıxaracaq çörəyini) bir də kağızda çap edib çuğullayacağı şeyləri.

Bu bədbəxti hardasa başa düşmək olar: çox güman, istedaddan kasadlığı var, zavallıdı, natamamlıq kompleksində boğulur, istedadlıların cərgəsində ola bilmədiyinə görə xarakterində idrari problemi var, hətta çox mümkündü ki, qəbzlik işgəncəsi də yaşayır. Anladıq. Yaşamaq uğrunda mübarizə onu bu iyrəncliyə sürükləyir. Bəs bu direktorun nə daş düşüb başına? Onu iş maraqlandırır, yoxsa kimin hansısa fikri? Aha, deməli, o zavallı da yuxarıların çuğulçusudu. Məsələ bu cür zəncirvari şəkildə davam edir. İllah da bu bir sənət sahəsidisə, yaradıcılıq qalır bir qıraqda, quru idarəçilik mexanizmi mövcud olur, gəlişir. Ədəbiyyatda, kinoda, rəssamlıqda, musiqidə, mediada və nə bilim bütün başqa istehsalatda. Sadalananların özü yox, sadəcə, quru kəvərəsi, skeleti inkişaf edir, mövcudluğunu qoruyur. Sümük var, ət-qan yox!

Baxın, daha keyfiyyətli iş, nəhayət daha şirin çörək qazanmaq üçün düşünülən bir icad sonunda dönüb p…a çevrilir. Adamın illərlə araşdırma aparıb əldə etdiyi mütərəqqi kəşfin içinə bir yekə p… qoyulur.

Sadəcə, məni burası maraqlandırır yekunda: o zavallılar yedikləri çörəkdən gələn o qəhrolası qoxunu, tamı hiss edirlərmi hər dəfə?..

Gör Axundzadənin Bayramı, Pərzadı axırda nə oldu da. Eh, ay Bayram, ay Bayram! Pərzad Pərzaddı da, bədbəxt oğlu, bəs sənin kişiliyinə nə gəlib?

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (3 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 452