Muəllif:

KTMT tələdir, kimin üçün qurulduğu bilinmir…

Hə, rus demişkən, “priyexali”. Azərbaycanın Moskvanın hegemonluq aləti olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünün mümkünlüyü məsələsi gündəmə gətirildi.

Əslində söhbət böyük mənada gündəmdən getmir. Media və sosial mediada ajiotajı yaradan Haqqin.az saytının Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlidən aldığı müsahibədir.

Lap əvvəldən onu deyək ki, bacarıqlı siyasətçi və diplomat kimi tanınan Əli Hüseynli bu uzun müsahibədə bircə dəfə də olsun, “Azərbaycan KTMT-yə girməlidir” bəyanatını verməyib.

О Qarabağ münaqişəsinin ədalətli həlli baxımından bu təşkilatda üzvlüyün mümkün faydalarından, güzəştli silah qiymətlərindən və sairdən danışıb. Bunlar isə başqa-başqa şeylərdir.

O, israrlı və yönəldici sualların axırında deyib ki, Azərbaycanın KTMT-də, başlanğıc üçün ən azı müşahidəçi qismində olmasını NƏZƏRDƏN KEÇİRMƏK olar və bu məsələyə ciddi yanaşılmalıdır.

Burda dərhal bir məsələyə toxunmaq lazım gəlir. İş burasındadır ki, Azərbaycan 1993-1999-cu illərdə bu təşkilatın üzvü olub və 1999-cu ildə üzvlüyünün müddətini uzatmayıb. Amma həmin altı il ərzində Rusiyanın Qarabağ münaqişəsində Azərbaycanın tərəfini saxlaması nəsə yada düşmür. Bundan başqa, son illərdə Ermənistan və Rusiya KTMT tərkibində daha dərin əməkdaşlıq və hətta silahlı qüvvələrinin birləşdirilməsi barədə müqavilə imzalayıblar. Yəni, Azərbaycanın KTMT-yə yenidən daxil olması ona Ermənistanla eyni imtiyazı verməyəcək. Rusiya Azərbaycanla da silahlı qüvvələrinin birləşdirilməsi haqqında müqavilə imzalamayacaq ki…Belə olsa, Azərbaycan və Ermənistan silahlı qüvvələrinin birləşməsi kimi absurd bir vəziyyət yarana bilər.

Necə olursa, olsun bu müsahibənin məhz indi dərc edilməsi düşündürməyə bilməz.

Bu gün Azərbaycanda itirilmiş torpaqların qaytarılması naminə səmimi şəkildə Rusiya ilə hərbi ittifaqı arzulayan, bunu istəyən və buna ümid edən siyasi fiqurlar var. Amma itirilmiş torpaqların bir qarışı  qaytarılmasa da, belə bir ittifaqı istəyənlər yox deyil.

Moskvaya güvənən Azərbaycan siyasətçilərini başa düşmək olar. Rusiya ilə Ermənistan arasında qəliz vəziyyət yaranıb və bəlkə də bu qəlizlikdə ölkənin itirilmiş torpaqlarını qaytarmaq mümkün oldu. Lakin məsələ bu qədər də bəsit deyil.

1999-cu ilin parlament gülləbaranı

Əgər KTMT-nin bu günlərdə başına gələnləri, onun rotasiyalı erməni baş katibi Yuri Xaçaturyanın Yerevanın yeni hökuməti tərəfindən həbs edilməsini və sonradan Moskvanın təzyiqi ilə azad olunub “metropoliyaya” aparılmasını yada salsaq, bu təşəbbüsün də Bakıya Moskvadan gəldiyini düşünmək olar.

Ermənistanın yeni hökuməti təkcə Xaçaturyanı yox, həm də keçmiş prezident Koçaryanı həbs etmişdi və onu da Moskvanın təzyiqi ilə azadlığa buraxdı. Lakin ermənilərin Koçaryana bundan dərhal sonra mətbuat konfransı keçirməyə imkan verməməsi Moskvanı bir daha inandırdı ki, bu ölkədə əməlli-başlı anti-Rusiya və anti-Qarabağ ab-havası hökm sürür.

Moskvanın, bu hökuməti, onun başçısı Nikol Paşinyanı devirmək istəməsi tamamilə təbii görünə bilər. Moskvanın Paşinyanın antirus mövqeyi barədə heç bir illüziyası yoxdur. Paşinyan gəncliyində o vaxtkı prezident Levon Ter-Petrosyanın komandasında olub. O Ter-Petrosyanın ki, Qarabağ münaqişəsində Azərbaycana güzəştə getməyə hazır olduğunu açıq bəyan etmişdi.

Bu bəyanat Ter-Petrosyanın devrilməsi, hakimiyyətə Azərbaycanla barışmaz mövqe tutan Qarabağ klanının gətirilməsi, ardınca isə 1999-cu ilin payızında Ermənistan parlamentinin güllələnməsi ilə başa çatdı. Həmin qətliamın arxasında kimin dayandığı bu gün də rəsmən açıqlanmayıb. Lakin Rusiyanın keçmiş agentlərindən Aleksandr Litvinenko bu əməliyyatın Rusiyanın Baş Kəşfiyyat İdarəsində hazırlandığını iddia edirdi. Londonda zəhərlənərək öldürülmüş Litvinenkonun da taleyi bəllidir.

Qarabağ klanı Moskvanı Azərbaycanla barışmaz mövqeyinə görə tam qane edirdi, çünki Rusiya iki qonşunun barışmasını istəmir. Bu, Rusiyanın dəyişməz siyasətidir.

Moskvanın çətinliyi bundan ibarətdir ki, iş Paşinyanı devirməklə bitmir. Ümumilikdə erməni xalqı Qarabağ ermənilərinin siyasi girovu olmaqdan, yoxsulluq və razalətdən yorulub.

Paşinyanı Azərbaycanın əli ilə aşırmaq

Buna görə də Moskvanın Ermənistana dərs vermək üçün Azərbaycan kartından istifadə edəcəyi də gün kimi aydın idi. İndi Moskva birinci gedişi edib. Media vasitəsi ilə olsa da, bu məsələni ortalığa atıb. Ola bilsin ki, Moskvanın səbr kasasını daşıran son damla bu yaxınlarda Ermənistan hərbçilərinin də Azərbaycan hərbçiləri ilə yanaşı NATO təlimlərində iştirakı olub.

Azərbaycanın KTMT-yə üzvlüyünün mümkünlüyü məsələsinin müzakirəsinə erməni cəmiyyətinin təbii reaksiyası bu ola bilər ki, görəsən Moskva Bakıya nə vəd edib? Həqiqətən də nəsə vəd edə bilər.  Məsələn, işğal altındakı bir-iki, lap elə beş rayonun qaytarılması kimi…

Moskva belə bir xəbərin Ermənistanı qarışdıracağına və bu qarışıqlıqda Paşinyan hakimiyyətinin devriləcəyinə inanır.

Rusiya son vaxtlar keçmiş sovet məkanında, mənəvi baxımdan şikəst, lakin diplomatik baxımdan itkisiz oyun oynamağa başlayıb.

Xəzər Konvensiyasının qəbulu buna misal ola bilər. Bu Konvensiya Rusiyaya Xəzərdə indi və dərhal tam hərbi ağalıq verir. Qalan dörd keçmiş sovet respublikasına isə daha bir düdük verilir: Xəzərin sahil məsələsini həll etdik, dibinin bölüşdürülməsini də “dast boq” həll edərik.

Azərbaycanın KTMT üzvlüyü də buna bənzər bir farsla nəticələnə bilər: siz hələlik təşkilata girin, işğal olunmuş ərazilərinizi “dast boq” qaytararlar.

Putin Rusiyasının son illərdə yürütdüyü siyasət nəzərə alınarsa, Azərbaycana pay kimi, ən yaxşı halda itirilmiş ərazilərinin yalnız bir hissəsi geri qaytarıla bilər. Lakin unutmaq olmaz ki, bu halda o qaytarılmayan ərazilərin həmişəlik itirildiyi rəsmən təsdiq edilmiş olacaq.

Facebook-da itən dostlar

Bu günlərdə bir yaxın dostumla Facebook-da çox xoşagəlməz bir mübahisəmiz oldu. Bu mübahisə mənim bloklanmağımla nəticələndi. Bu çox yaxın rusofil dostum yazırdı:“Mən Azərbaycanda bir ovuc adamın Putinə bu qədər nifrət etməsinin mənasını başa düşə bilmirəm”. Mənsə yazdım ki, “bəlkə sən bir ovuc adamın Putini sevməsini” yazmaq istəmisən?

Sonrakı dialoq köhnə dostumu itirməyimlə nəticələndi. Sonra hətta peşman da oldum. Bəlkə siyasi söhbətlərə görə dost itirməyə dəyməzdi. Və hətta dostumun sözündə bəlkə həqiqət də vardı. Məni onun bütün xalqın adından danışması əsəbiləşdirmişdi. Amma düşünürəm ki, mənim də axı xalqın adından danışmaq səlahiyyətim yoxdur…

Arabir Azərbaycanda olanda, xüsusilə də köhnə adamlardan “heyif deyildi SSRİ, heç olmasa onda Moskvaya şikayət edə bilirdin…” kimi sözlər eşidirəm. Kədərlidir ki, bunu bəzən gəncliyini müstəqillik hərəkatına həsr etmiş adamlardan da eşidirəm.

Belə bir münasibətin bəsit bir izahı budur ki, prezidentin bütün qulaqburma və xəbərdarlıqlarına baxmayaraq məmur özbaşınalığı baş alıb gedir. Bu özbaşınalıq hətta məmur zülmünə çevrilib. Gəncədə törədilmiş cinayət, baş vermiş faciə bunu bir daha təsdiq elədi.

“Heç bilirsiniz Heydər Əliyeviç mənə nə dedi?…”

Bundan 24 il əvvəl də Moskva Azərbaycanı ciddi şəkildə özünün hərbi nüfuz dairəsinə çəkmək istəyirdi.

1994-cü ilin yazında Moskvanın vasitəçiliyi ilə Qarabağda atəşkəs məsələsi müzakirə edilirdi.

Rusiyanın müdafiə naziri Pavel Qraçov Moskvada Azərbaycan nümayəndə heyətini qəbul etmişdi. O salam-əleykdən sonra dərhal mətləbə keçmişdi. Üzünü Azərbaycan nümayəndələrinə tutub demişdi:“Vəziyyət bilirsiniz necədir, cənablar? Vəziyyət çox pisdir. Biz Qarabağa, münaqişə bölgəsinə Rusiya sülhməramlılarını göndərmək istəyirdik. Lakin prezidentiniz bunu qəbul etmədi…”

Bu vaxt Azərbaycan nümayəndələrindən biri “bəlkə jurnalistləri çıxaraq” dedi. Amma Qraçov çox əsəbi idi. “Lazım deyil, qoy qalsınlar, mən burda deyilənlərin olduğu kimi mətbuata çıxmasını istəyirəm”, — dedi və davam etdi:

“Heç bilirsiniz Heydər Əliyeviç mənə nə dedi? Dedi ki, “mən belə bir şeyə icazə versəm, Azərbaycan xalqı məni başa düşməz!”

Sonra isə söhbətinə çox əsəbi şəkildə yekun vurmuşdu:“Sizin xəbəriniz varmı ki, bizim məlumatımıza görə, münaqişə bölgəsindəki azərbaycanlılar rus əsgərinin çəkməsini öpməyə hazırdırlar…”

KPSS-in Azərbaycanca açımı

Bir də tarixi presedent məsələsi var. Yəni, nəyinsə nə vaxtsa baş verməsi faktı. Azərbaycanın tarixində belə hadisələr olub.

VII əsrdə ərəblərin Azərbaycanı işğal etməsi ərəfəsində ölkə Xəzər dövlətinin nəzarəti altındaydı.

Lakin azərbaycanlılarla dili bir olan xəzərlərin, onlara qulluq edən feodalların zülmü elə bir həddə çatmışdı ki, adi insanlar yadelli, yaddilli və hələ o vaxt yaddinli işğalçını xilaskar kimi alqışladılar. Xəzər dövləti isə tarixin arxivinə verildi.

1920-ci ildə Azərbaycanın müstəqilliyinin itirilməsini xatırlayanda özümüzə tezcə də təsəlli veririk:“İndi başqa zamandır. Bu dəfə biz 27 ildir ki, müstəqilik. Bu qədər vaxt keçib…”

Təəssüf ki, tarixin belə məsələlərdə müddət uzunluğuna məhəl qoymadığı vaxtlar da olub.

İndi vaxtilə müstəqil Tibet dövlətinin olmasını əsasən tarixçilər bilirlər. Tibet 1912-ci ildə Çinin Tsin imperiyası çökəndə müstəqilliyini elan etmişdi. Lakin bundan 39 il sonra, 1951-ci ildə  Çin imperiyası yeni qiyafədə — Çin Xalq Respublikası kimi Tibet dövlətinin müstəqilliyinə son qoydu.

SSRİ vaxtında ruslar kommunist partiyasının qısaldılmış adını KPSS kimi yazırdılar. Çox adam dörd hərfdən ibarət bu abreviaturanın Azərbaycan dilinə niyə Sov.İKP kimi tərcümə olunmasına fikir vermirdi. Halbuki bir az diqqətli olmaq kifayət idi ki, KPSS-in Azərbaycanca dördhərfli tərcüməsinin biədəb bir sözə oxşamasını başa düşəydin.

Bu KTMT-nin də bir az əcayib səslənişi var. Heç bir söyüşə bənzədə bilmirəm, amma nədənsə söyüş kimi səslənir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (6 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 1572