Muəllif:

Ağ ilan, qara ilan…

Azərbaycanlıların minlərlə ata sözləri var. Bəzilərinin qiyməti elə hikmətli söz olmasındadır, bəzilərindən fayda da götürmək olar (istəsək), amma elə ata sözləri də var ki, faydası bir yana, milləti fəlakətə sürükləyə bilər. Bu ata sözlərini elə bil hansısa düşmən qüvvə bioloji silah kimi dilimizə tullayıb.

Söhbət “ilanın ağına da lənət, qarasına da…” atalar sözündən gedir.

Baxaq görək praktikada, real həyatda bu atalar sözü nədir? Bu odur ki, məsələn Qərbə də, Şərqə də tüpürürsən, “ilanın ağı-qarası” deyib, Bakını Avropa şəhəri edən, yaşı az qala 100-ü haqlamaqda olan tramvay yollarını sökürsən, relsləri, çuqun dirəkləri və vaqonları əridib gedirsən üçüncü istiqamət olan Dubaydan palma ağacları, bir də giləvar əsəndə əyilən işıq dirəkləri almağa…

Bu günlərdə Azərbaycanın sosial media platforması ölkəmizi tərifləyən, erməniləri pisləyən daha bir Rusiya “ekspertinin” videosu ilə dolub.
Şəxsən mən hansısa Rusiya eksperti, siyasətçisi və ya politoloqunun Azərbaycanı tərifləməsini eşidəndə diksinirəm. Ələlxüsus da bu adam paralel olaraq Ermənistan və erməniləri pisləyirsə.

Amma haqqında danışdığım videoda mənim üçün qaranlıq heç nə yoxdur. Söhbət telejurnalist Mixail Leontyevdən gedir. Leontyev ağzı köpüklənə-köpüklənə deyir ki, “rədd olsun ermənilər, nankorlar, biz olmasaq dünyada nə erməni, nə də Ermənistan olardı…”

“Onların təzə lideri aşkar Rusiyaya qarşı olan bir adamdır. Bizdən qopmaq istəyirlər ermənilər. Qoy kolbasa kimi dığırlanıb rədd olsunlar. Bizim qardaş Azərbaycan xalqı ilə münasibətlərimizi korlamasınlar..”, – deyirdi Leontyev.

Leontyev bəzi şeyləri düz deyir. Düz deyir ki, Rusiya olmasaydı, Ermənistan olmazdı. Əlbəttə onu düz demir ki, “biz olmasaydıq, erməni olmazdı”. Erməni olmasa da, Rusiya imperiyası başqa bir etnik qrupu tapıb Azərbaycanın üstünə qaldırardı.

Odur ki, gəlin təriflərdən xumar olmağı tərgidib, sakitcə analiz edək. Leontyev kimdir? Leontyev Azərbaycan xalqının dostudurmu?
Yaddaşı yerində olanlar Leontyevin Azərbaycanın dostu olmadığını bilirlər. Leontyev 1-ci kanalın xəbər proqramlarında bizə kifayət qədər lağlağı və təhqirlər yağdırıb.

İkincisi, mən indi bilmişəm ki, Leontyev hansısa bir məntiqlə Rusiyanın neft-qaz nəhəngi “Qazprom”un vise-prezidenti olub.
Bu isə ondan xəbər verir ki, Leontyevin jurnalistlik qabiliyyətindən başqa, həm də Rusiya dövlətini təmsil eləmək üçün xüsusi bir statusu olub.

Putin son bir neçə ildə çox sayda oliqarxı, jurnalist və yazıçını KGB agentinə çevirə bilib. Bütün dünya boyunca bəd əməlləri törətməyi onlara həvalə eləmək indi Putin xarici siyasətinin əsas elementidir.

Daha bir sual. Leontyev niyə hirslənib? Leontyev ona görə hirslənib ki, icevanlı Nikol Paşinyan Ermənistanı Rusiyanın cəngindən qoparmaq istəyir. İstəyirmi? Bəli istəyir.

Əvvəla ona görə istəyir ki, bunu dəfələrlə bəyan edib və bunun üstündə qarabağlı Serj onu həbsxanalara da salıb.

Paşinyan Ermənistanı niyə Rusiyanın cəngindən qoparmaq istəyir? Ona görə ki, bir az ağlı başında olan adamdır. O da istəyir ki, Ermənistan Avropaya, onun demokratiyasına və ən ümdəsi onun maddi sərvətlərinə yaxın olsun. Düşünürsünüz ki, gürcülər öz pasportları ilə Avropaya vizasız gedəndə erməniləri paxıllıq tutmur?

Paşinyan Azərbaycanla dialoq istəyirmi? İstəyir. Hətta ən sərt bəyanatlarında da istədiyi görünür. Amma Paşinyan 1999-cu ildə Ermənistan parlamentinin Kalaşnikovla biçildiyini unutmayıb. O vaxt Azərbaycanla dialoqa bir azca yaxın olanları güllələmişdilər. Çünki bu dialoqu ən ümdəsi Rusiya istəmirdi. Dialoq olsa, Rusiyanın əlində həm Azərbaycanı, həm də Ermənistanı kəmənddə saxlayan kəndir qırılar.

Ermənistanda Paşinyan kimi düşünənlər çoxdurmu? Bəli. Kütləvi etirazlar bunu göstərdi. Bu, hər şeydən əvvəl Moskvanın əsas aləti olan Qarabağ erməni liderləri və Qarabağ klanına qarşı üsyan idi. Qarabağın separatçı liderləri Moskvaya ona görə əl verir ki, bunlar konkret cinayət törətmiş adamlardır və geriyə yolları yoxdur.

Rusiya ekspertləri və rəsmiləri indi Aərbaycanı və azərbaycanlıları inandırmağa çalışırlar və çalışacaqlar ki, Paşinyan da Serjin tayıdır və Azərbaycan hikmətində deyildiyi kimi “ilanın ağına da lənət, qarasına da…”

Amma biz bu hikmətəmi uymalıyıq, yoxsa, həqiqətən də qara ilanla ağ ilanın fərqi barədə təhlil aparıb nəticə çıxarmalıyıq? Məncə, biz ikincini etməliyik. Çünki ölkəmizin 20 faizini itirmişik, qaytarmaq üçün yol axtarmalıyıq. Amma “ilanın ağına da lənət, qarasına da” bizi heç bir axtarışa aparıb çıxarmayacaq. Bir sözlə, fors yeri deyil.

Ən maraqlısı isə budur ki, Paşinyanın Dağlıq Qarabağa səfərinin ardınca Azərbaycan mediası və sosial mediasında yenə də saxta və uydurma xəbərlər dalğası baş alıb gedir.

Paşinyanın Azərbaycan dövlətini və xalqını qorxaq adlandırdığını, təhqir etdiyini yazırlar. Az qala hər iki postdan birində də bu başabəla “ilanın ağına da lənət qarasına da” hikmətini oxuyursan.

Halbuki Ermənistanda Paşinyanı dəstəkləyən bütün saytlar bütün bunların uydurma olduğunu, özü də həyəcanla yazırlar. İş o yerə çətib ki, bəzi erməni saytları Paşinyanın Qarabağda etdiyi 58 dəqiqəlik çıxışının rusca tərcüməsini verməyə başlayıblar. Təxribatdan qorxurlar. Konkret Moskvanın təxribatından qorxurlar. Koçaryan-Sarkisyan klanının əlindən zorla aldıqları hakimiyyətin əldən gedəcəyindən qorxurlar.
Zəmanəmiz saxta xəbərlər zəmanəsidir və saxta xəbər varsa, deməli bu kiməsə lazımdır.

Daha bir sual qalır. Ermənistan erməniləri Azərbaycanla dialoqu niyə istəyirlər? Bunun da çox sadə izahatları var. Məsələn ömrü boyu Yeravan ziyalısının, aliminin, fəhləsinin evində böyümüş oğlan uşağını əsgər aparırlar. Hərbi komissarlıqda deyirlər ki, “oğlunuz məsələn Dilican rayonunda xidmət edəcək”. Üstündən beş-altı ay keçəndən sonra bu övladın meyiti Ağdarədən gəlir. Belə taleyi hansı valideyn istəyər?

Və yaxud elə Dağlıq Qarabağı götürək. Bu gün separatçıların əlində olan bu bölgə Ermənistan iqtidasiyyatının çəkdiyi bəlaların hamısını çəkir. Ermənistandan olduğu kimi Dağlıq Qarabağdan da əhali axını, xüsusən də gənc əhalinin axını var. Hakimiyyətinin son aylarında Qarabağ klanı bunun qarşısını almağa çalışırdı.

Adi Dağlıq Qarabağ ermənisini göz önünə gətirin. Hansı ağlı başında olan insan başqa bir dövlətdən işğal olunmuş, nəinki gələcəyi, heç sabahı günü də bəlli olmayan ərazidə Allahın bir dəfə verdiyi ömrü qorxa-qorxa vulkan üstündə yaşamaq istər? Hardan bilə bilərsən ki, Moskva sabah öz geostrateji maraqlarına görə Qarabağı Azərbaycana qaytarmaq istəməyəcək.

Ötən il baş vermiş 3 günlük “aprel müharibəsi” yerlilərin yadından çıxmayıb. O döyüşlər gedəndə Dağlıq Qarabağda başa düşdülər ki, Moskva işğal olunmuş əraziləri Bakıya qaytarmaq istəsə, Bakı Moskvanın bu istəyini 48 saat ərzində həyata keçirməyə qabildir.

Əgər xatırlayırsınızsa, onda da Yerevan kükrəyib coşurdu. Etirazçılar Sarkisyanın iqamətgahını blokadaya almışdılar, Rusiya bayraqlarını yandırırdılar və sonra…aprel döyüşləri oldu.

Ermənilər azərbaycanlıları yaxşı tanıyırlar. Onlar bilirlər ki, Qarabağ münaqişəsi, qaçqın problemi və sair olmasaydı, indi Rövnəq Abdullayevin yerində bəlkə də, hansısa Markaryan, Gülbadamyan və yaxud Canqardaşyan otura bilərdi. Rövnəq müəllimi misal üçün dedim. Azərbaycanda vəzifələr çoxdur.

Qaldı Leontyev, Şevçenko və bu qəbildən olan “canıyananlarımıza”, onlar bizi tərifləyəndə bir anlıq fikirləşək. Bəs bunlar və bunların dədələri Rusiya motoatıcı polkunun ən azı şahidliyi ilə Xocalı qətliamı törədiləndə harda idilər?

Mən demək istəmirəm ki, “Paşinyan gəldi Qarabağ qayıdacaq”. O qədər də sadəlövh deyiləm. Amma bildiyim budur ki, Nikol Serj deyil. Bunun işimizə yarayıb yaramayacağı isə, ingilis demişkən, cavabı 1 milyon dollarlıq sualdır.

Ermənistan Rusiya üçün çox böyük itki olardı. Ən başlıcası Böyük Azərbaycana görə.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (3 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 477