Muəllif:

Ümidlərin dəfn olunduğu paytaxt

Bu ölkədə yüzlərlə adam Covanni Droqonun taleyini yaşayıb və yaşayır.

Covanni Droqo italiyalı yazıçı Dino Bussatinin “Tatar çölü” əsərinin baş personajıdı. Hərbi akademiyanın yenicə məzunu olmuş Droqo ideal hərbçi xəyalları qurur və ölkənin sərhədlərində yerləşən Bastiani qalasına təyinat alır. Bir gün də burada qalmaq istəməyən, ancaq məcburiyyətdən qalada dörd ay xidmət edəcəyini düşünən gənc leytenantın buradakı ayları illərə dönür. Və o, 15 ildən çox xidmət etməli olur. Onu da başqa zabit yoldaşları kimi tatar çölünün vəhşı cazibəsi özünə çəkir.

Roman gənc leytenant Covanni Droqonun yaşantılarından, onun bir ömür boyu düşmənlə döyüşəcəyi günü səbirsizliklə gözləməyindən və bu illər ərzində nələrini itirməyindən bəhs edir. Hamı kimi Droqonun da burada qalmasının yalnız bir səbəbi var: düşmən gəlsin və döyüşsünlər. Onlar üçün qələbənin, yaxud da müharibədə ölməyin heç bir mənası yoxdur. Əsas məsələ illərdir döyüş görməyən balaca və elə o qədər də möhtəşəm olmayan Bastiani qalasında bir savaş baş versin. Hamı bu ümidlə yaşayır, amma heç nə baş vermir, onlar yaşa dolurlar və təqaüdə göndərilirlər.

Bir gün bu arzu çin olur. Səbirsizliklə gözlənilən an gəlib çatır. Droqonu qalaya xidmətə yollandığı gündən son ana qədərki həyatı ərzində bəlkə də ilk dəfə fərəh hissi bürüyür. Amma qocalığı, xəstəliyi döyüş arzusunu puça çıxardır və polkovnik Simeone onu şəhərə, müalicəyə göndərir. İllərini qalada çürüdən, xəstəliyə mübtəla olan Covanniyə bu cür haqsızlıq edilməməliydi. Axı, hamının arzusu savaşda iştirak etmək idi. Ancaq Simeone onun xəstələndiyini, otaqda əlavə yer tutduğunu əsas gətirərək yola salır. Droqo getmək istəmir, bu halıyla vuruşmaq arzusundadı, amma Simeone sonda qalib gəlir, onu müalicə müəssisəsinə göndərir.

Azərbaycanda da nə qədər insan Droqonun taleyini yaşayıb. Son anda onları “təqaüd”ə göndəriblər. “Gərəkli deyilsən” deyib gülə-gülə vidalaşıblar. Əmr verənlərin içində bir Simeonenin əclaflığı, qovulanların taleyinə isə Droqonun həyatı yazılıb.

Paytaxta gözəl günlər görmək ümidiylə gələrək işsizlikdən küçələrdə veyillənənləri, Bakının tozunu udaraq məhrumiyyətlərə düçar olanları, “bu, alın yazımızdır” deyib Xəzərin çirklənmiş suyunu üzünə çəkənləri, neftdən bir damcı xeyir görməyənləri həlledici anda yola salıblar.

Zaman heç kimi nəzərə almadan, qayğısına qalmadan öz axarında gedir. Böyük ümidlərlə yaşayanları, ürək çırpıntılarını heç kim eşitməsin deyə əliylə sinələrini sıxanları hündür mərtəbəli binalardan elə guppultuyla aşağı atırlar ki, yerə çatmamış bağırları çatlayır. Ya da müalicə müəssisəsinə göndərib Droqo kimi intihara sürükləyirlər.

Aldanış, qaçış və son anda ondan imtina Droqonun alın yazısı idi. Ümidsiz halda qalaya gələn Covanni orada qalmağı özü seçdi. Ona deyilən yalanlara özünü inandırdı və ömrünü tatar çölünü qorumağa sərf etdi.

Hər şey özünə aldanışdan başlayır. Sən deyilənə inanmasan da, ümidlə yaşayırsan. Bir gün söylənilənlərin gerçək olacağını arzulayırsan. Nəyinsə müqabilində, nələrəsə görə Bakıya Droqonun Bastiani qalasına gəldiyi kimi pənah gətirirsən. Və illər gedir, gedir, sən mübarizə aparırsan, savaşırsan, ac-susuz, cibində qara qəpik olmadan döyüşürsən, amma arzular çin olmur, puça çıxır. İnqilab baş vermir, gözləntilər yavaş-yavaş neft kimi tükənir, yox olur. Bir yanda məişət qayğıları, atalar-oğullar savaşı, sosial ədalətsizlik, o biri yanda da psevdoinqilabçıların vədləri, dırnaqarası vətən sevgisi, illüziyası… Bir gün gəlir, ya səni özlərindən qaçırırlar, ya da özləri qaçırlar vətəndən — qapıları bağlamadan, işıqları söndürmədən.

Ümidlə gəldiyin Bakı səni kirayə qaldığın evdə də rahat buraxmır. Hər gün yanından ötdüyün göydələnlərin çirkli şüşələrini təmizləyən işçilərin xoşbəxt olduğunu sanır, utanmadan əl açıb dilənən qarılara isə paxıllıq edirsən. Çünki onların yalnız yaşamaq istədiyini, bunun üçün savaşdıqlarını anlayırsan. Sənin kimi milyon-milyon arzuları ürəklərində dəfn etməyiblər.

Tatar çölü Droqodan imtina etdiyi kimi Bakı da səndən üz çevirir. Gəldiyin ilk illərdəki kimi bir gün obana qayıdacağını, qələbədən sonra gedəcəyini düşünürsən, amma illər Droqonun ömrünü yediyi kimi sənin də həyatın məhv olur. Ya əliboş, başı aşağı elinə qayıdırsan, ya da kirayə haqqını ödəyə bilmədiyin mənzildə intihara əl atırsan. Bakıdan biryolluq qaçırsan, tatar çölü Droqodan imtina etdiyi kimi.

Bakının vəhşi cazibəsi yoxdur, yalnız adı var. Әyalətdə yaşayanlar paytaxtı arzuların mərkəzi sayır. Amma Bakı sadəcə paytaxtdı. Arzuların, ümidlərin dəfn olunduğu paytaxt…

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 472