Muəllif:

KİMİN GÜNAHI YOXDURSA…

Bəzən yazılarda konkret ad çəkməməyə görə qınayırlar məni. Etiraf edim, bunun ən əvvəl subyektiv səbəbləri var, xüsusilə diqqət çəkməyi sevmirəm. Birini bir az tərifləyəcəksən, digərinin xoşuna gəlməyəcək və yaxud çaşıb kimin haqqındasa ehtiyatsız söz yazacaqsan, müxtəlif adlarla azı on cavab yazacaq — indi gəl, sən də bunların hamısına cavab ver…

O ki qaldı obyektiv səbəblərə, bunlar daha çox tənqidi, irad xarakterli yazılarla bağlıdır. Düşünürəm ki, əgər orta səviyyəli məmurun belə adını çəkmək iqtidarında deyiləmsə, niyə və ələlxüsus da, hansı haqla durub başqalarının adını hallandırmalıyam?

Ona görə də publisistika istəyənçün publisistik, analitika istəyənçün analitik yazılar yazıram, amma imkan daxilində adsız-filansız, yalnız o halda ad çəkirəm ki, artıq bunsuz mümkün deyil.
Elə bu yazı da belə səpkidə olacaq. Yaxın günlərin söhbətidir, bir tanınmış jurnalistlə gənc fəalın yazışmasını-deyişməsini oxudum. Hər ikisi diqqətəlayiq insanlardı — biri etdiklərilə, digərisə etmək istədiklərilə, necə deyərlər, axtarışları ilə…

Amma sözüm bunda deyil. Diqqətimi çəkən o, idi ki, hər ikisi ittiham edirdi biri–birini. Yaşlı həmkarım gəncləri vəziyyətdən çıxış yolu axtarmaq əvəzinə izafi çək-çevirlə məşğul olduqlarına görə, gənc dost isə özündən yaşlıları hamını gətirib dalana çıxardıqlarına görə qınayırdı və hər birinin də sözündə razılaşmalı məqamlar vardı.
Üstəlik, bu söhbətlər yeni şey də deyil, demək olar, ən azı 24-25 ildir ki, dövriyyədədir. Elə bu səbəbdən heç ağlıma da gəlmədi ki, durub bu məsələdə tərəf tutum. Onların biri-birinə yazdıqlarını oxuya-oxuya bir də gördüm, eyni cümləni monoton şəkildə təkrar edirəm:“Kimin günahı yoxdursa… Kimin günahı yoxdursa…”

Daha bir qəfil fikirsə, ümumiyyətlə, oxuduğum yazıdan ayırdı məni. Bilirsiniz, ağlıma nə gəldi? Blimirəm, İsa-Məsih nə vaxt yaşayıb, amma əgər o dövrün insanlarına onun bircə cümləsi:“Kimin günahı yoxdursa…” sözləri təsir edibsə və hamı da daşı-kəsəyi ətəyindən atıbsa, Vallah, o insanlar bizdən daha səmimi olublar…

Bizsə neçə illərdir, bunu bacarmırıq, ölkədə bu qədər xoşagəlməz olaylar, uğursuzluqlar, hətta böyük biabırçılıqlar olub, amma heç birimiz zərrə qədər olsun, özümüzdə günah görməmişik!

Azərbaycanda hələ alababat televiziyalar olan vaxtlarda siyasi tok-şouların birini də buraxmırdım, amma baxıb görürdüm ki, bu ölkədə hamı haqlıdır — bəli, hakimiyyətdəkilər də haqlıdır, müxalifətdəkilər də, üstəlik, həm birincidən, həm də ikincidən narazı-gileyli cəmiyyət də…

Bəs onda kimdir günahkar? Bu qədər günahı kimin adına yazaq? Bəlkə elə Allah da bəndələrinin xislətini bildiyindən Şeytanı ona görə yaradıb ki, o yazıq onun ərköyünlərinin bədəlini ödəsin?!.

Deyim, heç düşünmürdüm ki, iki nəfərin yazısında etirafa bənzər şey tapacam, yox, buna ümidli deyildim. Daha katarsisə-filana da inanmıram və fikirləşirəm ki, Aristotel də onu hissə qapılaraq yaradıb.

Baxıb görürsən ki, nə faciələr, nə müharibələr, nə sarsıntılar, nə ağır həyat insanları mənəvi cəhətdən saflaşdırmır, əksinə daha da qəddar edir və bəlkə də daha naqis cəhətlərini üzə çıxarır.

Amma o da var ki, insanlıq, bəşəriyyət tamamilə məhv də olmayıb, üstəlik, böyük zaman intervallarından baxanda hətta tərəqqi də var və nə qədər nihilist olsan da, bunu inkar edə bilməzsən.

Bəs onda nə baş verir? Əgər katarsis də kömək etmirsə, bəs onda insanlığı bütün hallarda məhv olmaqdan saxlayan, hifz edən nədir? Ola bilsin, sadəlövhlük kimi görünəcək, amma düşünürəm ki, sualın cavabını Hüqo verdi: bəli, şəxsi nümunə, xeyirxahlıq və insanlıq nümunəsi! Bir keşiş Jan Valjana insanlara təkrar sevgi və inamı qaytardı — sadəcə, şəxsi xeyirxahlıq nümunəsilə…

Ona görə də son nəticədə hər şey gəlib əxlaqa dayanır, çünki yalnız əxlaq xeyir əməllər törədər, yalnız əxlaq etiraflara və paklaşmağa doğru apara bilər.

Bir sözü qoyub, o birisinə keçirəm… Bu günlərdə ictimai maraq doğuran xəbərlərdən biri də növbəti ildən din xadimlərinin dövlət tərəfindən maliyyələşdiriləcəyilə bağlı rəsmi açıqlamalardır.
Bunun lehinə də, hətta əleyhinə də azı on arqument səsləndirmək olar. Sözüm bunda da deyil və ixtiyarsız olaraq beynimdən könisberqli tənha qoca Kantın xəbərdarlığı keçir: din elə əxlaqdır…

Bəli, yenə də əxlaq və əxlaq… Həqiqətən də, dinin əxlaq tərəfini görmürüksə, o, sadəcə, ritual, mənasız və mexaniki ayin, sadəcə, bir ənənədir — babalarımız və atalarımız belə edibdir, biz də ona görə belə etməliyik…

Bəli, oğurluq etmə, yalan şahidlik etmə, Allahdan savayı özünə kumir yaratma, Allahına şərik qoşma və s. və i…
Üç səmavi dinin üçündə də bu on prinsip əksini tapıb və əgər heç olmasa, onlara əməl etmirsənsə, istəyirsən, gündə 24 dəfə namaz qıl, lap hər il Həccə get, bunun nə bəndələrə xeyri var, nə də Tanrı məqamında dəyəri!

Yenə də yadıma başqa detal düşür. Bir iqtisadçımızın yazısından oxudum ki, 1993-2017-ci illərdə ölkədən qanunsuz yolla 48 milyard dollar çıxarılıb! Nüfuzlu xarici nəşrə istinad etsə də, mən yenə də deyə bilmərəm ki, bu, həqiqətdir və demirəm də! Amma təkcə bu son bir neçə ayda vəzifəsindən çıxarılan iki-üç nazir haqqında yazılanları oxuyanda düşünürsən ki, əgər iki-üç nəfər bu qədər oğurlaya bilibsə…

Nə isə. Məni başqa məsələ narahat edir: əgər iqtisadçı qardaşımızın dediyi doğrudursa, belə ölkədə əlini ürəyinin üstə qoyub həqiqi dindən- imandan danışmaq olarmı və yenə də məsələ gəlib elə bayaq dediyim söhbətə — əxlaq məsələsinə dirənmirmi?

Bir az yüngüllük olsun deyim ki, bu dərddə tək biz deyilik. İndi başqa adamdan misal gətirəcəm. Bir rusiyalı iqtisadçının ölkəsindəki iqtisadi islahatların 25 illiyinə həsr olunmuş qısaca təhlilini oxuyurdum. Bəli, bu adam da M.Veberin kapitalizmlə bağlı tipologiyasını yada salır.
Veberə görə, iki cür kapitalizm var: ticari-spekulyativ və bir də rasional-sənaye…
Bu dəfə artıq rusiyalı iqtisadçı qardaşımız yazırdı ki, onun ölkəsində məhz birinci kapitalizm, yəni ki, ticari-spekulyativ kapitalizm bərqərar olub və bu modelin də əsas cəhəti odur ki, ona etik dəyərlər və yüksək mənəvi kriteriyalar xas deyil.

Üstəlik, burada qazanc da azad və vicdanlı işgüzar fəaliyyət nəticəsində yox, ən yaxşı halda dövlət aparatı-məmurlarla yaxın iş birliyi və tamam rəqabətsizlik şəraitində əldə edilir. Əksər haldasa “azad işgüzar” təbəqə rolunda da ya oliqarx-məmurlar özləri, ya da onların ən yaxın adamları, necə deyərlər, “kölgə”ləri çıxış edirlər.

Məsələ yenə gəlib əxlaqa və etik dəyərlərə, təmiz əllərə və təmiz niyyətlərə dirənir. Dünyada da son zamanlar bu amil aktuallaşmaqdadır. Getdikcə siyasi ideologiyalar arasındakı fərqlər azalır, sosialistləri liberallardan, lberalları isə mühafizəkarlardan ayırmaq çətinləşir və belə halda önə yenə etik meyarlar çıxır.

İnsanlar bu və ya digər bir siyasətçiyə dəstək verməzdən əvvəl ona diqqət yetirməyə başlayırlar ki, bu insan, görəsən, nə qədər siyasətin çirkabına bulaşıbdır, adı korrupsiyada hallanmayıbdır ki?..
Üstəlik, “Korrupsiya bəzi dövlətləri idarə etmək üçün yaxşı vasitədir!” deyən qoca geopolitik, rəhmətlik Z.Bjezinskidən fərqli düşünənlər artır. Daha çox insan anlamağa başlayır ki, bəzi böyük trans-milli şirkətlərin avtoritar rejimlərlə sövdələşmələrini asanlaşdıran amil olsa da, əsl azad biznes qarşısında ən böyük əngəl yenə də korrupsiyadır…

Qərəz, hərlənib-fırlanıb gəldik yenə həmin nöqtəyə. O nöqtə də əxlaqla və mənəvi dəyərlərlə bağlı məqamlardır.
O, yoxdursa, istənilən niyyətin təməlində əyrilik olacaq və istədiyimiz alınmayacaq — sağlam olmayan valideynlərdən sağlam uşaqların dünyaya gəlməsi problemli olduğu kimi, elə sağlam olmayan cəmiyyətlərdə əlləş-vuruş, heç nə alınmayacaq, lap bir filmdəki mahnıda deyilən kimi:”Sanki anaları onları bazar ertəsi doğmuşdu…”

Beləcə, sən məni qınayacaqsan, mən səni və bir gün görəcəyik Əzrayıl da kəsdirib qapını, amma biz heç nə edə bilməmişik…

O dünyada isə, bəli, Tanrı məqamında kim kimi qınayacaq — bunu artıq din adamlarımızdan soruşmaq gərək. Dedim axı, gələn il hətta dövlətdən də maaş alacaqlar…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 230