Muəllif:

Bitməyən köçün tarixçəsi

Azərbaycanda məcburi köçkünlər üçün bu günədək 100-ə yaxın qəsəbə salınıb. Daha əvvəllər vaqona oxşayan “fin evlərində”, ondan da əvvəl “çadır şəhərciklərində” məskunlaşıblar. Əsl vaqonlarda məskunlaşanlar da az olmayıb. Bu qırmızı vaqonların bir hissəsi Tərtərin dörd yol deyilən ərazisində hələ də qalır. Uzun müddətdir orada insan yaşamasa da, onlara aid əşyalara indi də rast gəlinir. Yəqin ki, dünyada “analoqu olmayan” bir dövlətin bir vətəndaşının həyatına 4-5 dəfə evini dəyişmək qisməti yalnız bizə məxsusdur. İnsan öz doğma torpağında nə qədər köçkün həyatı yaşayar?!

Hər köç zamanı nizam-intizamları pozulub, planları dəyişib, dostlarını-qonşularını itiriblər.
Bu yaxınlarda Tərtərdə məcburi köçkünlər üçün növbəti qəsəbə tikilib istifadəyə verildi. Tezliklə ora da böyük köç başlanacaq. Bu proseslər bütöv bir köçkün nəsli formalaşdırdı – yaşlıların çoxu həyatda yoxdur, o vaxt gənc olanları artıq qocalıb, müharibəni görməyənlərin də artıq 25 yaşı var; onlar da gözlərini açıb ora-bura köç etdiklərini görüblər. Bu insanlar hər dəfə müxtəlif yerlərə səpələniblər, ömürlərindən ömür gedib.

Bir aydan sonra 2018-ci ilə qədəm qoyacağıq. Əlqərəz, bu il də Qarabağa qayıda bilmədik. Nəzərə alsaq ki, hələ də Bakının və digər şəhərlərin sovetdənqalma yataqxanalarında, yarımtikililərdə məcburi köçkünlər məskunlaşıb, deməli, bu tip qəsəbələr yenə də inşa olunacaq. Təbii ki, onların da yaxşı yaşamağa haqqı var, onlar üçün də normal şərait yaradılmalıdır.

*****
Onlar öz doğma torpaqlarına nə zaman qayıdacaqlar?! Bu sualın cavabı proqnoz mərhələsindən keçib, arzular-istəklər mərhələsinə qədəm qoyub. Qarabağ elə bir məsələdir ki, çoxdan siyasət “şinelindən” çıxıb ictimai məsələyə çevrilib. Hər il Azərbaycan büdcəsindən təhlükəsizlik və müdafiə sektoruna milyardlarla vəsait ayrılır. Müharibə şəraitində olduğumuz üçün haradasa anlayış göstərmək olar, amma nəzərə alsaq ki, bu pul orta statistik azərbaycanlının vergiləri hesabına formalaşır, o zaman sorğulamaq haqqımızı da özümüzdə saxlayırıq. Münaqişənin həlli ilə əlaqədar elə bağlı qapılar arxasında yüzlərlə görüş keçirilib. Məhz bu qapılar arxasında kimin nəyi danışması məsələsi şəffaf və açıq olmalıdır. Amma bunun əvəzində, “Qarabağ münaqişəsinin həllinin açarı Rusiyadadır”, “bu il 7 rayon qaytarılır” kimi əhvalatlar eşidirik. Bir də, hər ilin yekununda “bu il Qarabağ münaqişəsinin həlli istiqamətində bir addım irəli getmişik,” sözləri isə artıq ənənə halını alıb. Məntiqlə, bu 25 il ərzində bu addımları toplasaq artıq Qarabağa da getmişdik, üstəlik o tərəfə də.

*****
Ötən ilin aprelində Azərbaycan ordusu uzun müddətli durğunluqdan sonra bəzi əraziləri geri qaytara bildi. O qısa zaman ərzində cəmiyyətdə müəyyən müharibə eyforiyası yaransa da, vətəndaşların yeni vəziyyətə uyğunlaşması qısa çəkdi.

*****
ATƏT-in Minsk qrupunun dəyişən tərkibdə, Azərbaycan hökumətinin dəyişməyən tərkibdə, Ermənistan iqtidarının isə dəyişkən olması nəticəsində, hələ ki, hansısa ciddi töhfə görməmişik. Necə ki, Azərbaycan dövləti suveren sayılan bu ərazilər üzərində nəzarəti əldə etməli olduğunu bildirir, eləcə də Ermənistan bütün sazişlərdə müqəddəratını təyinetmə və Azərbaycandan ayrılma qərarından başqa hər şeyə yox deyir. Proses onu göstərir ki, illərlə aparılan danışıqlar da sonunda işıq olmayan bir tunelə girib, özünə yol axtarır. Dünyanın Ermənistana hansısa təzyiqi də yoxdur, üstəlik Rusiya da bu dövlətin arxasındadır. Ermənistan Rusiyanın müəllifi olduğu Avrasiya İttifaqının, Kollektiv Təhlükəsizlik Şurasının üzvüdür. Üstəlik, sürpriz şəkildə bu il Avropa ilə Assosiativ Sazişi də imzaladı. Yəni, Rusiyanın yanında ola-ola Avropaya inteqrasiya kursunu da qəbul etdi. Azərbaycan növbəti dəfə də bu sənədi imzalamadı.

*****
2015-ci ilin 1 dekabrında Nardaranda xüsusi əməliyyat keçirildi və ora Azərbaycanın üçrəngli bayrağı sancıldı.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 207