Muəllif:

Nəşrlərimiz Budapeştdə XXI Beynəlxalq Kitab Festivalında sərgilənir

Budapeştdə XXI Beynəlxalq Kitab Festivalı açılıb və bu kitab bayramında Azərbaycan da təmsil olunur. Azərbaycanın Macarıstan səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə  Mədəniyyət və Turizm Nazirliyi Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu və nazirliyin mətbuat katibi İntiqam Hümbətov iştirak edir.

Azərbaycan stendində ölkənin nəşriyyat-poliqrafiya sahəsinin və kitab sənətinin son illərdə inkişafını nümayiş etdirən çap məhsulları yer alıb. Ziyarətçilərə Azərbaycan dövlətçiliyi, tarixi və Qarabağ haqqında, ölkənin zəngin mədəniyyət və incəsənətinə dair, eləcə də Azərbaycanın turizm imkanlarını təbliğ edən, ingilis, rus, alman və fransız dillərində nəfis tərtibatlı kitablar təqdim edilir.

Kitab festivalının rəsmi açılışından sonra Azərbaycan stendinə böyük maraq göstərilib. Ziyarətçilərə Azərbaycan kitab və poliqrafiya işinin inkişafı, bu sahədə əldə olunan nailiyyətlər, eləcə də Bakıda ənənəvi olaraq keçirilən beynəlxalq kitab sərgi-yarmarkası haqqında, ümumilikdə ölkənin inkişafı, respublikada keçirilən beynəlxalq tədbirlər barədə məlumat verilib. 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları barədə məlumatlar, tanıtım nəşrləri də maraqla qarşılanıb.

Azərbaycanın Macarıstan səfirliyinin əməkdaşları, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr də stendlə yaxından tanış olublar.

Sərginin ilk günü yaddaqalan tədbirlərdən biri Türkiyənin təşkil etdiyi təqdimat olub. Qardaş ölkə builki Budapeşt kitab festivalının fəxri qonağıdır. Təqdimatda Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelik çıxış edib.

XXI Budapeşt Beynəlxalq Kitab Festivalı aprelin 27-dək davam edəcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 421