Muəllif:

Kral ölkəsində yaşamaq

Niderland

Bu ilin aprel ayı niderlandlılar üçün hər zamankından bir qədər fərqlidir. Artıq neçə illərdir qeyd etdikləri bir bayramı, 30 aprel Kraliça Gününü qeyd etməyəcəklər. Ötən il tacı anası kraliça Beatriksdən (Beatrix) təhvil alan oğlu Aleksandrın (Willem Alexander) doğum günündə, 27 apreldə qeyd ediləcək bu bayram (27 aprel həftənin istirahət gününə təsadüf etdikdə, bayram başqa gündə qeyd ediləcək). Təbii ki, daha Kraliça Günü olaraq yox, Kral Günü kimi. 1890-cı ildən ötən ilə kimi Niderlandda taxt-tac Kraliçalarda, qadınlarda olub. Bəlkə bu səbəbdəndir ki, bəzən Niderlandı zarafatla «qadınlar ölkəsi» kimi də adlandırırdılar. Nəhayət ötən il, 1980-ci ildən «taxt-tac» sahibi olan kraliça Beatriks öz tacından könüllü olaraq oğlu Aleksandrın xeyrinə əl çəkdi.
Doğrudur, Niderlandda Kral ailəsinin bir o qədər də səlahiyyəti yoxdur. Hətta mənə görə, «bir o qədər də» yazmaqla onları bir qədər səlahiyyətli kimi təqdim etmiş oldum. Bu mövzu ilə bağlı, sizlərə maraqlı olacağı halda, növbəti yazıların birində daha ətraflı bəhs edərəm. İndilikdə isə bu günlə, Kral (yaxud Kraliça) günü ilə bağlı bir qədər ətraflı bilgi vermək istəyirəm. Niderlandın ilk kralı Villem Frederik (Willem Frederik, Prins van Oranje-Nassau) (1795 — 1815) olub. Maraqlı faktlardan biri də odur ki, bu ölkənin kral ailəsinin yadellilərlə nikah faktlarına çox rast gəlinir. Məsələn, Villem Frederik Xeorge Lodevəykin (Willem Frederik George Lodewijk) (1815-1840) xanımı rus çarı birinci Pavelin qızı Anna olub. Kraliça Beatriksin həyat yoldaşı, Claus von Amsberx (Claus von Amsberg) isə Alman olub. Ümumiyyətlə, kral ailəsinin tarixində müxtəlif vaxtlarda almanlarla nikah bir neçə dəfə müşahidə olunub. Hazırkı kral Aleksandrın xanımı, kraliça Maksima (Koningin Maxima) isə Argentina əsillidir. Bəlkə bu faktlar da niderlandlıların (əksəriyyətinin) tolerant olmalarından irəli gəlir və yaxud onları tolerant olmağa yönləndirir.
Bu bayram Niderlandda ilk dəfə 31 avqust 1885-ci ildə «Prinses Günü» (Prinsessedag) olaraq qeyd olunub. Sonradan isə adı dəyişdirilib. 1891-ci ildən isə hakimiyyətdə qadın, kraliça olanda Kraliça Günü, kişi, kral olanda isə Kral Günü kimi qeyd olunur. Bu gün niderlandlılar üçün həqiqətən özəl bir gündür. Niderlandlılar krallarını, kraliçalarını sevirlər. Hər il 30 apreldə Niderlandı narıncı rəngə boyanmış görmək mümkün idi. Niderland sözün gerçək mənasında başdan-başa narıncı, yaxud da bu ölkənin bayrağının üstündəki rənglərlə (qırmızı, ağ, göy) bəzədilir. İctimai nəqliyyat o gün pulsuz, necə deyərlər, havayı işləyir. İnsanlar küçələrə axışır, alış-veriş edir, dincəlirlər. Bu gündən istifadə edib qazanc əldə edənlər də var. Ancaq məmurlar deyil, sıradan insanlar. Belə ki, kimin evində istifadə etmədiyi, işlənmiş, yaxud təzə satlıq bir əşyası və s. varsa, o gün heç bir vergi ödəmədən, icazə almadan ölkənin istənilən şəhərində, küçəsində satışa çıxara bilər. Könüllü, peşəkar, həvəskar musiqiçilər, mahnı ifaçıları ölkə boyu öz bacarıqlarını nümayiş etdirir, insanları əyləndirirlər. O gün günəşli olarsa, bu, ikiqat bayram olur niderlandlılara.
Kral Gününü qeyd etmək niderlandlılara heç də ucuz başa gəlmir, ötən il tək Amsterdamda yeddi milyon avro xərclənmişdi bu bayramı qeyd etməyə. Bundan əlavə təhlükəsizlik və s. tədbirlərə də xeyli vəsait sərf olunmuşdu. Ancaq niderlandlılar bunun hesabını sormurlar. Onlar krallarını, kral nəslini sevirlər. Bu nəsil onlara bugünkü Niderlandı bəxş edən nəsildir. Bu nəslin Niderland tarixində özəl yeri var.
Ancaq buna baxmayaraq müxtəlif zamanlarda kral ailəsinə, monarxiyaya qarşı çıxan qüvvələr olub və bu gün də var. Onlar kral ailəsinə il ərzində xərclənən milyonları lazımsız hesab edirlər. Bir ildə kral ailəsinə nə qədər pul ayrılır? Bu və digər bu kimi sualların cavabları sizə maraqlıdırsa gələn yazılarımın birində oxuya bilərsiz.
P.S. Bu yazını yazmazdan bir neçə gün öncə yerli qəzetlərdən birindən Kral Günü ilə bağlı məndən müsahibə götürmək istədiklərini dedilər və suallardan biri belədir: «Sizcə, bu gün önəmli bir gündürmü və əgər elədirsə, səbəbi nədir?» Bu suala belə cavab verməyi düşünürəm: Mən Azərbaycandan gəlmişəm və bilirsiz ki, Azərbaycanda monarxiya yoxdur, bizdə respublikadır və mən ömrümdə kral görməmişdim. Nağıllarda isə krallar barədə çox oxumuşam. Niderland öz inkişaf səviyyəsinə görə olduqca irəli getsə də, kralın olduğu bir ölkədə yaşamaqla özümü nağıllarda hesab edirəm…
[email protected]  

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 552