Muəllif:

«Zəngvari qövs»

«The Bell Curve» dilimizə «zəngvari qövs» kimi tərcümə edilə bilər. Bu, 1994-cü ildə ABŞ-da işıq üzü görmüş kitabın adıdır. Müəllifləri amerikalı professorlar — psixoloq Riçard Hernstayn və politoloq Çarlz Marridir. Deyilənə görə, kitab sırf elmi əsər mahiyyəti daşıyır. Kitab bütün elmiliyinə rəğmən vaxtilə çox böyük diqqət cəlb etməklə yanaşı, həm də qalmaqal doğurmuşdu. Özü də elmi dairələrdən çox, geniş ictimaiyyət arasında. Müəlliflərin gəldiyi nəticələr müasir Amerika cəmiyyətinin təməl sosial prinsiplərini alt-üst edirdi. Belə ki, müəlliflər marksizm-leninizm klassiklərindən fərqli olaraq insanları peşələri və tutduqları vəzifəyə görə deyil, anadangəlmə əqli keyfiyyətlərinə, yəni intellektlərinə görə siniflərə bölürdülər. İntellekt səviyyəsinin ölçülməsində isə İQ parametrlərinə istinad edirdilər. İQ ingiliscə insan əqlinin (intellektinin) kəmiyyət baxımından hesablanması anlamına gələn «intelligence quotient» söz birləşməsinin qısaldılmış variantıdır. İQ xüsusi testlər vasitəsilə insanın düşüncə və düşünmək imkanlarının (bilik səviyyəsi, erudisiya bu yerdə nəzərə alınmır) təyin edilməsidir. Bir sözlə, İQ testlərinə görə, ortalama 100 balı ABŞ əhalisinin böyük əksəriyyəti toplaya bilir ki, onların da 50%-nin göstəricisi 90-110, digər 50%-ninsə 25-i 90-dan az, o biri 25-i də 110-dan çoxdu. Bu minvalla, orta amerikalının və ya insan intellektinin göstəricisi 100-dürsə, 130-dan artıq toplayanlar istedadlı, 70-dən aşağı yığanlarsa əqli cəhətdən geri qalanlardır. Kitab müəllifləri geniş statistik göstəricilərə əsaslanmaqla Amerika cəmiyyətindəki müxtəlif zümrələrə aid insanların əqli göstəricilərinin müxtəlifliyini araşdıraraq aralarındakı dərin fərqlərin təhlükəli olduğu nəticəsinə gəlib, onlar ağır nəticələr verməmiş yürüdülən milli sosial siyasətə edilməli olan düzəlişlərdən söz açıblar. Professorların fikrincə, İQ göstəricisi az qala insanın alın yazısıdır. Bir sözlə, yüksək İQ sahibləri həyatda istədiklərinə əsasən nail olur və özləriylə yanaşı ətrafdakılar və ən əsası ölkəyə də yalnız və yalnız başucalığı və xeyir gətirirlər. Kitab müəlliflərinin gəldiyi digər nəticələrlə ictimaiyyətin liberal kəsimi kökündən razılaşmasa da, hər halda elmi nəticələr bambaşqa bir mənzərə yaradır.
«The Bell Curve» müəllifləri prezident Lindon B.Consonun zamanından tətbiq edilən «affirmative action», yəni müsbət tədbirlər və ya hərəkətlər kimi tərcümə edilən və «hamıya bərabər imkanlar verən böyük cəmiyyət» sosial proqramının əsaslarını da laxladırdı. Həmin proqrama görə, irqindən, dərisinin rəngindən və məxsus olduğu sosial zümrədən asılı olmayaraq hamıya eyni imkanlar və şərait yaradılmalı idi. Yəni bizə sovet dövründən çox yaxşı tanış olan kvota sistemi tətbiq edilirdi. Təəssüf ki, bu prinsiplərdən çıxış edərək hər hansı bir iş yerinə namizədlər arasından ən qabiliyyətlisi deyil, kvotaya və yaxud həmin məqamın konyunkturasına uyğun gələni seçilə bilir. Məsələn, müəssisədə ağdərililər çoxluq təşkil edirsə, həmin yerə mütləq qaradərili namizədi götürəcəklər ki, bəyan edilmiş sosial bərabərlik prinsipi pozulmasın.
Bu yerdə, ən azı 35 il bundan əvvəl iştirakçısı olduğum söhbəti xatırladım. Yenicə nişanlanmışdım. Tanışlarımdan biri təbrikdən sonra nişanlımın hansı millətdən olduğuyla maraqlandı və cavabında «özümüzünküdür» eşidəndə, tam səmimi şəkildə, «sənin kitabın bağlandı, daha səni heç cür Mərkəzi Komitəyə işə götürməyəcəklər» deyə heyfsiləndi. Doğrusu, tutuldum və ondan tezcə aralandım. Belə axmaq şeylərin olmasına heç cür inanmaq istəmirdim, amma elə həmin ildəcə başqa bir tanışımı elə həmin MK-yaca həyat yoldaşı rus, özü isə irəvanlı olduğuna görə asanlıqla işə götürdülər…
«Azərbaycan müharibə aparan ölkədir. Lakin bu müharibə səngərdə deyil, auditoriyalarda getməlidir. Azərbaycan müharibədə qalib gəlmək istəyirsə, bizim orta məktəblərin V sinif şagirdləri qonşu ölkənin V sinif şagirdindən üstün biliyə malik olmalıdır. Təəssüf ki, biz bunu reallıqda görmürük. Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramına (PİSA) əsasən, Azərbaycan 15 yaşlı uşaqların biliyinin səviyyəsinə görə 57 ölkə arasında 56-cı yerdədir».
APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Bakı Ali Neft Məktəbində çıxışı zamanı deyib. Onun sözlərinə görə, orta məktəblərdə savadsızlığa, nadanlığa və tənbəlliyə qarşı müharibə elan edilməlidir: «Biz qan tökməzdən əvvəl tər tökməliyik. Səngərdə olan əsgər bilikli əsgər olmalıdır. Çünki bütün müharibələri insanlar ilk növbədə öz bilikləri ilə udur».
Məleykə xanımın bu dediklərindən sonra düşündüm ki, deyəsən, Azərbaycanda İQ testi aparmağın lap vaxtıdır, çünki bu gedişlə məmləkəti İQ göstəricisi 70-dən aşağı olanların təmsil və idarə edəcəyi günü görmək təhlükəsiylə tək bizim övladlarımız deyil, elə özümüz də qarşılaşacağıq…

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 260