Muəllif:

Türkiyədə türk olmaq

İstambul
İlber Ortaylı Türkiyənin məşhur tarixçilərindəndir. Populyar tarix kitabları, hazırladığı tv proqramları, xarizmasıyla seçilən və bəyənilən professor Ortaylının «millət» qavramı bu günlər xüsusi ilə aktualdır:
«Özlərinə xas dili olanlara millət deyilir. Sonu «lı», «li» ilə bitənlərin soyu bəlirsizdir, qeyri-müəyyəndir. Amerikalı, kanadalı, perulu, pakistanlı, avstraliyalı, argentinalı, çilili, isveçrəli demək olar, çünki özlərinə xas dilləri yoxdur. Amma almana almaniyalı, fransıza fransalı, italyana italiyalı, ingilisə ingiltərəli, rusa rusiyalı, yapona yaponiyalı demək olmaz. Türkə türkiyəli demək yanlış olduğu kimi…».
Türkiyə Anayasasının 66-cı maddəsinin ilk bəndində belə yazılır: «Türk dövlətinə vətəndaşlıq bağı ilə bağlı olan hər kəs Türkdür». Bunu dəyişmək üçün fürsət bu fürsətdir deyə bəzi çevrələr hərəkətə keçib. Etnik kürd milliyyətçilərinin yeni Anayasa layihəsində hamını «Türkiyəli» etmə təşəbbüsü (ki dünənə qədər bunu nəinki qanuniləşdirmək, heç tələffüz belə edə bilmirdilər) çoxluğun səbir kasasını daşırıb. 300-dən çox tanınmış elm və incəsənət xadimi, siyasətçi, işadamı və yazarı Atatürkün qurduğu milli dövlət quruluşu dəyişdirilə bilməz düşüncəsi ilə «Türk Millətinə Çağırış» adlı bildiriş imzaladılar.
Xəbərdarlıq mahiyyətindəki bu bildiriş cəmi 3 maddədən ibarətdir:
1. Türkiyə Cumhuriyyəti dövlətinin qurucusu və sahibi olan Türk Millətinin adı vətəndaşlıq tərifindən və Anayasadan çıxarıla bilməz.
2. Dövlətimizin bərabərhüquqlu və şərəfli üzvləri olan əziz vətəndaşlarımız irqlərə və məzhəblərə bölünə bilməz.
3. Anadolu coğrafiyasından Səlcuqlu ilə başlayan, Osmanlı ilə davam edən Türk Millətinin fasiləsiz hakimiyyətini əsas alan Atatürkün qurduğu milli dövlət quruluşu ortadan qaldırıla bilməz.
Kürd probleminin çözümü dolambaclı və yoxuşlu bir yoldan keçir. Və bu yolda irəlilədikcə sağ-milliyyətçi cəbhə də sükunəti pozmağa başladı. Bursada bir mitinqdə çıxış edən Dövlət Baxçalının nitqi «Vur de vuraq, öl de ölək» şüarları ilə kəsildi. Milliyyətçilərin lideri gözlənilmədən «O günlər də gələcək» hayqırdı. 1980-lərin canlı şahidləri olan orta nəsil bir an içində «o qaranlıq hadisələr yenidən geri gələcək» deyə əsəblər tarıma çəkildi. Cəmiyyət 2-yə bölünüb. PKK-nın, indi isə Barış və Demokratiya Partiyasının tərəfdaşları olan kürdlər hər fürsətdə «türk» sözünə olan neqativ münasibəti dilə gətirirlər. Türklər isə «Türkiyədə türk olmaq günah oldu» deyə etiraz səslərini hər keçən gün daha yüksəkdən bildirirlər.
Baş nazir R.T.Ərdoğan bu həssas günlərdə gərginliyi azaltmaq üçün Anayasadan «Türk Milləti» ifadəsinin çıxarılacağı haqda söyləntiləri uydurma adlandıraraq «Bu ifadə çıxarıla bilməz. Türk Milləti bir irqi deyil, vətəndaşlığı ifadə edir» dedi. Bu sözlər milyonlarla insanı razı salıb sakitləşdirəcəkmi? Çox çətindir müsbət cavab vermək. Tanınmış ziyalılar çıxış yolunu Milli Dövlət yolunda görür, türklərin mədəni irslərini, kimliklərini bir tərəfə buraxacağı təqdirdə ölkənin Yaxın və Orta Şərqdəki burulğanın içinə düşəcəyindən, türk-kürd və sünni-alevi kimi qarşıdurmaların alovlanmasından ehtiyat edirlər.
«Millət dil, mədəniyyət və ideya birliyi ilə bir-birinə bağlı olan vətəndaş toplusudur», — bu sözlər Atatürkə məxsusdur. Burada irqçilik, separatçılıq, etnik ayrı-seçkilik tapa bilməzsiniz. Türkiyəni unitar və milli dövlət kimi qurmuş Atatürk. Fransa da milli dövlətdir, amma 17 etnik azlıqdan ibarətdir. Türkiyədə Anayasaya görə Türk kimliyi qurucu kimlikdir. Ölkənin 91 faizi türkcə danışır. Və əgər indi qalxıb bütün azlıqları Anayasaya daxil etsən, işin içindən çıxmaq olmaz.
İspaniya Anayasasının 1-ci maddəsinə görə, «Xalqın hakimiyyəti dövlətin gücünü aldığı İspaniya xalqınındır». Yəni hər hansı bir etnik vurğu olmadan ölkədə yaşayan xalqlara bir ad verilmişdir — İspaniya xalqı.
Rusiya Anayasasında «Rusiya Federasiyasında hakimiyyətin tək qaynağı onun çoxmillətli xalqıdır» yazılıb. Burada da xalqın etnik baxımdan çoxmillətli olduğu vurğulanır, amma tək-tək adları çəkilmir.
Belçikada isə bu məsələyə yanaşma bir qədər fərqlidir. Əsas Qanununda ölkənin 3 toplumdan — flamand, fransız və almanlardan ibarət olduğu deyilir, arxasınca da hamısını «Belçikalı» adı altında birləşdirir. Bir sonrakı maddədə isə «Dövlətdə sinif fərqi yoxdur. Belçikalılar qanun qarşısında bərabərdirlər» deyilir.
3 fərqli ölkə, 3 fərqli yanaşma. Amma üçünün də bir ortaq tərəfi var — Heç bir etnik qrup gözardı edilməmiş və ya hansısa bir irqin üstünlüyü vurğulanmamışdır. Bu müqayisələrə baxandan sonra Türkiyə Anayasasını belə oxumaq lazımdır güman ki: «Türkiyədə etnik olaraq hamı Türk deyil, amma hamımız Türkük».
Çox qarışıq və qəliz oldu, elə deyilmi? Elə mən də bayaqdan bunu yazmaq istəyirdim — bu xamırın hələ çox su aparacağını…
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 335