Muəllif:

Türk Hava Yolları «havaya girdi»

«Havaya girmək» türkcədə bir deyimdir. Uğurdan başı hərlənənlərə, özünü bəyənib gözü heç kimi görməyənlərə «havaya girdi» deyirlər. Bu aralar Türk Hava Yolları da (THY) yamanca «havaya girib», «burnu» təyyarələri kimi «göynən gedir». Özündən razı olmasına da xeyli əsası var…
1933-də cəmi 5 təyyarə ilə qurulan THY bu gün 202 təyyarəlik dev bir parkla dünyanın 9-cu böyük hava yolları şirkətidir. THY 183 xarici və 36 daxili səfərlə keçən il 40 milyon (!) sərnişin daşıyıb. İki ildir dalbadal Avropanın ən yaxşı hava yolu seçilir. Manchester United və Barcelonalı, tennisçi Caroline Wozniackili reklam filmlərini, Kevin Costnerli tanıtım filmlərini TV ekranlarında tez-tez görmək olar. Bütün bunlar THY-nin modern imic qazanmasında önəmli rol oynayıb.
Zaman-zaman THY ilə də uçuram və onun son illərdə bir dünya markasına çevrilməsinin çoxları kimi mən də şahidiyəm. Həm yerdə, həm də uçuşda verdiyi xidmət və servislə THY dünyanın öndə gələn şirkətləri ilə ciddi rəqabət aparır. Bu yüksəlişinin davam etdiyi bir vaxtda THY-nin başı «gicəlləndi». Əvvəlcə, geyimdən başladılar — təyyarə bələdçilərinin uniformasından. Tanınmış modelyer Dilek Hanif THY-nin elan etdiyi tenderi qazandı. Amma hazırladığı eskizlər mətbuata sızdı və yer-yerindən oynadı. Dünyaya açılmış bir şirkətin təyyarə bələdçilərini yerləri süpürən geyimlərdə, qalın corablarda təsəvvür etmək çətindir. Bu süni mühafizəkarlığı gözə soxmağı da anlamaq mümkün deyil. D.Hanif ictimai fikirdəki narazılığı görüb, «Bu modellər kolleksiyanın ancaq bir hissəsidir» deməklə tozu-dumanı yatışdırmağa çalışdı. Toz-duman da yatışacaqdı, əgər növbəti addım olaraq THY bəzi xarici və daxili səfərlərdə içki servisini yasaqlamasaydı. THY bu ilin əvvəlindən Karaçi və İslamabad, Qahirə və İskəndəriyyə, Bağdad və Ərbil, Moqadişu, Dakar və Küveyt uçuşlarında spirtli içkilər vermir. Daxili uçuşlarla bağlı alınan qərar daha gülməlidir — ölkənin şərqindəki Diyarbakır, Adana, Erzurum və Vana olan səfərlərdə içki yasaqdır, amma İstanbul, İzmir, Antalya və Dalamana isə sərbəst.
THY-nin öz imici və öz marka dəyəri ilə belə oynamasının pərdəarxasında nələr yatır? Kimdir belə səfeh təkliflər hazırlayan? Bu suallara cavab axtarmayan media orqanı qalmayıb. Üç həftədən çoxdur ki, uniforma və içki yasağı daha vacib məsələlərin olmasına baxmayaraq, gündəmdən düşmür…
Türkiyədə yeni trend var — modern mühafizəkar olmaq. Bu trendin təmsilçiləri həqiqi mühafizəkarlar deyillər, onlar hakim partiyaya yarınmaq üçün özlərini dindar göstərib gözə soxanlardırlar. Son zamanlar onlara hər yerdə rast gəlmək mümkündür — yerdə, göydə, yolda, ictimai nəqliyyatda, böyük ticarət mərkəzlərində. Tanımaq da asandır onları — bahalı markalar geyinirlər, son model maşınlar sürürlər, amma zövqsüzdürlər, içləri də boş. Bircə fərqləri var — içki içməzlər. Onlar bu fərqlərini göstərmək, gözə soxmaq, yerli-yersiz sərgiləmək üçün dəridən-qabıqdan çıxırlar. Səmimi deyillər dindarlıqlarında, sünidirlər, ikiüzlüdürlər. Həqiqi dindarlar kimi İslamı öz içində yaşamırlar. Və modern mühafizəkarlar «əl-ayağa düşərək» iqtidardakı klerikallara xoş görünmək üçün «uçuşlarda spirtli içkilərə tələb yoxdur» deyə dəridən-qabıqdan çıxırlar. Bəzi THY məmurları da öz növbələrində «yuxarılara quyruq bulamaq» üçün geyimə və içkiyə əl atdılar. Həm də necə — insanları sizlər və bizlərə ayıraraq, fərdin seçiminə qarışaraq, hər kəsi özlərinin istədiyi şəklə, qiyafətə soxmağa çalışaraq. Tək tip insan yaratmaq üçün.
Uçuş fobisi olan bir dostum var, işindən dolayı tez-tez səyahət edir. Qorxusunu təyyarədə bir-iki duble viski içməklə yenir. Deyir içki yasağı gətirməyə lüzum yox idi, çünki Hanifin hazırladığı əlbisələrdə bələdçilər əcinnəyə bənzəyəcəklər, onların əlindən içki nədir, heç su da içmək istəməz insan. Oxuduğunuz bu yazını bitirirdim ki, «qorxaq» dostum zəng elədi. Xoş-beş, on beş, söhbət fırlandı gəldi bizim mövzuya, bir az deyindi, sonra səsini alçaldıb «Bunlar göydən başlayıb yerə enəcəklər, görərsən» dedi. «Bunlar kimdi, nəyə başlayacaqlar, nə demək istəyirsən» sualıma «Telefonda belə şeylər soruşma» deyib telefonu qapatdı…
İstanbul

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 216