Muəllif:

Son yarpaq

Bu günlərdə Rusiyada dəbdə olan yazıçı Boris Akuninin «Financial Times» qəzetinə verdiyi müsahibəylə tanış oldum. Diqqətimi onun söylədiyi bir fikir çəkdi. Deyir, bəxtim gətirib ki, SSRİ-də anadan olub da, hal-hazırda Rusiyada yaşayıram. Yoxsa sakit və rahat ölkədə doğulan adamlar kimi 90 yaş yaşayıb necə insan olduğunu bilməyə bilərsən, çünki həyat səni əməlli-başlı sınağa çəkmir.
Qəribə məntiqdir — dünya-aləm Rusiyada insan haqlarının pozulmasından, demokratiyanın boğulmasından, ölkənin totalitarizmə yuvarlanmasından, millətin zillət içində yaşamasına rəğmən bir ovuc insanın ölkəni talan edib kef çəkməsindən, korrupsiyadan və ən nəhayət, söz və ifadə azadlığının heç səviyyəsində olmasından danışır, yazıçı isə sanki bunlarsız yaşaya bilmədiyini söyləyir, deyir ki, 56 yaşım olsa da, Rusiyada artıq 5-6 həyatlıq ömür sürmüşəm.
Rusiyada, lap elə Azərbaycanın özündə sosial sorğu keçirə bilsəydim, bir sual verərdim — 90 yaş rahat həyat sürüb nəyə qadir olduğunuzu bilmədən ölə biləcəyiniz, yoxsa sizi 56 yaşa çatanda 5-6 ömür sürmək məcburiyyətində qoyan bir ölkədə yaşamaq istərdiniz? Zənnimcə, böyük əksəriyyət 90 yaşadək firavan yaşamaq imkanı yaradan ölkəyə səs verər və həmin səsvermənin nəticələri heç kimdə şəkk-şübhə doğurmazdı. İnanın ki, özünün nə kimi bir insan və nəyə qadir olduğunu bilmək istəyənlərin sayı heç dərəcəsində olacaq. Hamı firavan həyatı seçəcək. Bax problemin kökü də elə bundadır.
Bu yerdə yadıma dünya ədəbiyyatına hekayə ustası kimi möhürünü vurmuş böyük Amerika yazıçısı O`Henrinin «Son yarpaq» əsəri düşdü. Hekayənin iki əsas personajından danışacam. Hər ikisi rəssamdır, yəni bizim dillə desək, ziyalıdır, özü də yaradıcı ziyalı. Yaşadıqları ölkə də bu gün, qeyd edirəm, bu gün, rahatlıqla 90 yaş ömür sürüləsi bir yerdir, amma hadisələr XXI deyil, XIX əsr Amerikasında cərəyan edir — hələ sətəlcəmin belə insanları öldürdüyü bir ölkədə.
Soyuq noyabr günlərinin birində Nyu-Yorkun rəssamlar məhəlləsi kimi tanınan Qrinviç-Villicdə yaşayan iki gənc rəssam xanımdan biri — Consi sətəlcəm olur. Sağalma şansları 1:10 nisbətindədir. O yeganə şans da xəstənin yaşamaq istəyidir. Amma Consi nədənsə həyatı uğrunda çarpışmaq istəmir, bu azmış kimi, beyninə pəncərəsiylə üzbəüz binanın divarını sarmış sarmaşığın son yarpağının düşəcəyi gündə öləcəyini də salır və beləliklə gözünü sarmaşıqdan çəkmir. Yarpaqlar töküldükcə qızın gözündəki həyat eşqi də öləziyir.
Consigildən bir mərtəbə aşağıda ömür boyu misilsiz rəsm əsəri yaratmaq istəyən, lakin bunu bacarmayan Berman soyadlı qoca rəssam yaşayırdı. Çörək pulunu həmkarlarına «naturşik»lik etməklə qazanan qoca Berman Consinin yarpaq şakərindən xəbər tutanda sarmaşığın son yarpağı da düşməkdəydi… Və qoca Berman, nəhayət ki, ŞEDEVR yaradır. Soyuq havada, şıdırğı yağışın altında gecəykən yuxuya dalmış Consi üçün SON YARPAQ çəkir və qıza həyat eşqini qaytarır, onu ölümün caynağından qoparır. Özü isə… sətəlcəm olub ölür. Qoca Berman şedevrini həyatı bahasına yaradır… Əslində, ŞEDEVR onun çəkdiyi YARPAQ deyildi, ŞEDEVR onun Consini həyata qaytarmasıydı.
90 il rahat yaşayıb ölə bilmək üçün ŞEDEVR yaratmaq lazımdır, əziz oxucu, ŞEDEVR. Özü də hər kəs özünün, lap balaca da olsa, şedevrini yaratmağa hazır olmalıdı. Əks təqdirdə, rahatlıqla 90 il ömür sürülə biləcək məmləkətdə deyil, 56 yaşında 5-6 ömür yaşanan bir coğrafi məkanda itib-batacağıq, özü də nəyə qadir olduğumuzu ayırd etməyə macal tapmamış…
[email protected] 

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 563