Muəllif:

Sizi bilmirəm, mən bezmişəm…

Niderland
Azərbaycansayağı siyasətdir bu. Müşahidə etdiyim dövlətlərin heç birində görmürəm bu siyasəti, hər halda, Azərbaycanın özünü müqayisə etdiyi ölkələrdə. Müxalifət hakimiyyəti düşmən elan edib, iqtidarın dəyişilməsinin vacibliyini deyir. Ancaq bunun üçün — iqtidarın dəyişməsi üçün atdıqları addımlar yetərlidirmi? İqtidar isə öz növbəsində müxalifəti düşmən elan edib və onların hakimiyyətə gəlməməsi üçün lazım bildiyi (lazım olanları deyil!) hər şeyi edir.
İlk növbədə düşmənçiliyi düzgün hesab etmirəm. Daha sonra, mən heç bir tərəfdə konkret proqram görmürəm. Hələ bir yerdə qarşıma çıxmayıb ki, müxalifətdən kimsə hakimiyyətə gələcəkləri halda hansı addımları atacaqlarını desin və dediklərini sübut etsin. Təbii ki, dediklərini sübut etmək üçün hakimiyyətə gəlmələri lazımdır. Ancaq proqram(lar)ı hardadır bu müxalifətin? Təbii ki, «sübut» deyərkən mən əsaslandırılmış proqramı, bütün sahələri özündə əks etdirən proqramı deyirəm, daha kiminsə çıxıb edilməsi mümkün olmayan vədlər verməsini deyil. İqtidara gəlincə, hakimiyyətdə qalmaları üçün onların «lazım bildikləri» içərisində müxalifəti pisləmək, həbslər və s. digər bu kimi hərəkətlərdən başqa bir şey görmürəm, şəhərin (Bakının) mərkəzində salınmış yolları, ucaldılmış binaları (yerli-yersiz) və bir də bəzi görülmüş işləri çıxmaqla. Ancaq müxalifətin hakimiyyətə gəlməsinin qarşısını almağın bir yolu, daha doğrusu, lazım olan bir yolu var ki, o da əhalinin iqtisadi vəziyyətinin yaxşılaşması istiqamətində gerçək addımların atılmasıdır. İqtisadiyyatı tək neftdən asılı etmək yox, kənd təsərrüfatını, sənayeni və s. inkişaf etdirmək, bir sözlə, iş yerləri açıb insanları işlə təmin etmək lazımdır. Belə olan halda, müxalifət tərəfdarlarını çıraqla axtarmalı olar iqtidar. Başqa ölkələri deyə bilmərəm, Azərbaycanda belə ola biləcəyinə şübhə etmirəm. Əlbəttə ki, Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərimizin geri qaytarılması istiqamətində atılmalı olan addımları da unutmaq olmaz. İndilikdə isə, yumşaq desək, yalnız qarşılıqlı ittihamları müşahidə etməkdəyik. Bu isə, obrazlı yanaşsaq, hər hansı bir düz xətti pozmaqla qısaltmağa bənzəyir ki, pozulmuş yerlər açıq görsənməkdədir. Ancaq hər hansı bir xətti qısaltmaq üçün, sadəcə, yanında ondan da uzun bir xətt çəkmək yetərlidir ki, digəri «qısalmış» olsun. Biz isə azərbaycanlı sayağı siyasət aparırıq…
Burdan, kənardan baxanda Azərbaycandakı siyasi durum necə görsənir? Mən öz yanaşmamı deyəcəm, yenə də obrazlı. Hər iki tərəfin məşqçi korpusu olduğu kimi qalıb. İqtidar tərəfdəki oyunçular arasında çox da hiss olunmayan dəyişiklik var, taktika isə eynidir. Müxalifət tərəfdən oynayanlar isə vaxtaşırı dəyişir: bir qrup yorulmuş, inamını itirmiş gənclik gedir, yerinə başqaları yeni inam, güclə gəlir. İndi də mübarizə əsasən meydanda, müxalifət tərəfdən yenicə çıxmış gəncliklə, qocaman, təcrübəli, ola bilsin ki, yorulmuş iqtidar komandası arasında gedir. Kim qalib gələcək? Eyni, neçə illərdir uğur qazana bilməyən məşqçi korpusuna malik, əllərində heç bir təbliğat imkanı, fikrimcə, artıq əvvəlki gücünü itirmiş sosial şəbəkələri və bir-iki qəzeti çıxmaqla, gənclikmi, yoxsa əllərində hər cür imkanı olsa da, işlədəcəkləri bütün fəndlər, atacaqları addımlar öncədən məlum olan iqtidarmı? Çox qalmayıb, az müddətdən sonra hamılıqla bunu biləcəyik.
Niderlandda da, təbii ki, iqtidar və müxalifət partiyaları var və təbii ki, burda da seçkilər keçirilir. Burdakı seçkilərdə səs verməyə gedənlərin barmaqlarını mürəkkəbə batırmırlar. Səbəbini izah etməyə ehtiyac görmürəm. Ancaq fərq tək bu deyil. Seçkiyə gedən bütün partiyalara təbliğat üçün bərabər şərait yaradılır, debatlar keçirilir və s. Məğlub olan partiya rəhbərləri qalib gəlmiş partiya(lar)nın rəhbərini təbrik edir və bunun səbəbi də aydındır: hər kəs seçkinin obyektivliyinə inanır və məğlubiyyətlərinin səbəbini xalqı inandıra bilmədikləri və seçicilərin də onlara səs vermədiklərində görürlər. Buna görə də məğlub partiyaların liderləri seçkidən dərhal sonra istefa verir və yerlərini partiyalarını qələbəyə aparacaq kəslərə buraxırlar. Bu isə ona görə baş verir ki, yuxarıda qeyd etdiyim kimi, onlar düzgün seçkidə məğlub olduqlarını bilirlər.
Azərbaycanda müxalifət partiyalarından, sədr səviyyəsində, Etibar Məmmədov istisna olmaqla, istefa görmədim. Hazırkı iqtidar 1993-cü ildən hakimiyyətdədir və təbii ki, bacardıqca bu müddəti uzatmağa çalışır. Hansı yolla olmasından asılı olmayaraq, hələlik ki, istədiklərinə də nail ola bilir bugünkü iqtidarımız. Yuxarıda qeyd etdiyim tarixdən də bəlli müxalifət partiyalarımız və onların rəhbərləri var, tək AXCP sədri Əli Kərimli sonradan bu posta seçilib və hələ də prezidentliyə namizəd olmayıb. Müxalifət indiyə qədər olan heç bir seçkidə uğur qazana bilməyib. Çox səbəb göstərmək olar, nəticə isə dəyişməyəcək. Müxalifətin prezidentliyə daimi namizədi İsa Qəmbər isə hələ də Müsavat Partiyasının başqanıdır və bu il də prezidentliyə namizədliyini vermək istəyir. Bir sözlə, Azərbaycanda heç nə dəyişmir, nə iqtidar, nə müxalifət, nə də namizədlər. Bu il də başqa cür olacağını düşünmürəm. Hətta hər iki tərəfin danışdıqları da eynidir: eyni sözlər, şablon tənqidlər və s. Bəlkə heç olmasa çıxışlarınızın mətnini dəyişəsiz? Axı onları əzbər bilirik, həm də yorulmuşuq, özü də çox. Sizi bilmirəm, mən bezmişəm…
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 186