Muəllif:

Rusiyalı jurnalistlər: «Ağdam şəhəri artıq yoxdur, bura daşlıq səhradır»

«Avtorevyü» Rusiya-Ukrayna jurnalının 23-cü sayında nəşrin əməkdaşlarının Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfərindən hazırlanmış reportaj dərc olunub. Bu barədə APA-ya Krımın azərbaycanlı icmasının rəhbəri Rəhim Hümbətov məlumat verib. Onun sözlərinə görə, reportajda işğal altında olan ərazilərdə real vəziyyətlə bağlı məlumatlar yer alıb:
«Müxbirlərin Ermənistan sərhədindəki təəssüratlarına dair bir neçə sitat təqdim edirəm. «Xarici pasportlara möhür vurulması bir neçə dəqiqə çəkdi. Gömrükdəki formal proseduraların yerinə yetirilməsinə isə 3 saat sərf olundu. Yox-yox, səbəb konyak deyildi, sadəcə, burada belə işləyirlər. Kompüter məftilləri dolaşmış masaların arxasında qaşqabaqlı adamlar oturub, ətraf isə heç nə anlamayan sürücülərlə doludur. Məlumat kitabçası var, amma hamısı erməni dilindədir. Surətçıxarma aparatları cırıldayır, çap maşınları kağızları çeynəyir, möhürlər blankların üzərinə enir, çap olunmuş qəbzlər bir masadan o birisinə uçur. Və birdən — sakitlik! Serverlə əlaqə yoxdur. Gözləyin! On dəqiqə, iyirmi, qırx… İkinci dəfə rabitə sığortanın sənədləşməsi zamanı kəsilir, vəd olunan 10 dəqiqə əvəzinə kontorda bir saatdan çox vaxt itiririk. Sərhəddə hər avtomobilin xərci təxminən 65 dollar tutdu».
Bir neçə avtomobildə Qarabağa gedən səyahətçi jurnalistlər yolun əvvəlində üzləşdikləri maraqlı epizodu yazıblar:
«Siz hara gedirsiniz? İstisuya? Bəlkə Kəlbəcərə kimi aparım? Yolumuzun üstüdür. Başımı tərpədərək razılıq verirəm. Kim bilir, bu dağ kəndində növbəti maşın nə vaxt rast gələcək? «Mazda»nın sərnişin oturacağında o qədər də gənc olmayan, arıq erməni qadın oturub. Dəqiqləşdirməyə çalışıram: «Kəlbəcər? Bəlkə Karvaçar demək istəyirsiniz? Xəritədə məhz belə göstərilib. Bu adlardan hansı doğrudur? Cavab — sükut. Hiss edirəm ki, cavab verməyə çətinlik çəkirlər. Kəlbəcər və İstisu — Azərbaycan adlarıdır, lakin hazırda bu yerlərdə yaşayanlar yenə də həmin adlardan istifadə edirlər».
Reportajdan daha bir sitat: «Bütün günü yol getmək olar, amma bir nəfərə belə rast gəlməzsən, sonra isə gecənin qaranlığında xarabalıqlar arasında dolana-dolana qalırsan». Jurnalistlər Ağdam şəhərinin artıq mövcud olmadığını yazırlar: «Bir zamanlar sovet dövrünün ən məşhur portveyninə adı verilən Ağdam şəhəri artıq yoxdur. «Qrad» qurğularının dağıtmadığı hər şey tikinti materialı kimi sökülüb. Hazırda bura Əskəran rayonunun inzibati mərkəzidir, amma faktiki olaraq daşlıq səhradır. Burada yalnız metal qırıntıları toplayan minaaxtaranlara rast gəlmək olar. Bütün siyasi xəritələrdə və rəsmi sənədlərdə bura — Qarabağ Azərbaycanın suveren ərazisidir. Gerçəkdə isə — Ermənistan dövlət nömrə nişanlı avtomobillər, erməni pasportları, erməni pulları… Fərq yalnız dildədir. Əgər İrəvanda hərdən adamlarla ingilis dilində danışmaq mümkündürsə, Stepanakertdə demək olar ki, bütün danışıq və elanlar rus dilindədir. Hətta qraffiti də.».
Jurnalistlər separatçı rejimin açıqlamalarının da həqiqəti əks etdirmədiyini yazır: «Qarabağ hökumətinin xəbər lentini vərəqləyirəm. «2012-ci il büdcə proqnozları özünü vaxtından əvvəl doğrultmaqdadır». Büdcənin həcmi 175 milyon dollardır, buna rəğmən təkcə Stepanakertdən Qandzasara çəkilən Şimal-Cənub şosesinin tikintisinə 30 milyon «xeyriyyə dolları» sərf olunub. Xarici İşlər Nazirliyində deyirlər ki, respublikaya lazım olan vəsaitin 60 faizini diasporun topladığı ianələr təşkil edir».
Rəhim Hümbətovun sözlərinə görə, bir zamanlar ümumittifaq əhəmiyyətli kurort sayılan İstisunun dağıntıları rusiyalı jurnalistlərdə ağır təəssüratlar doğurub:
«Ümumilikdə tarixlə bağlı bəzi nüansları nəzərə almasaq, rusiyalı jurnalistlər öz məqalələrində tərəfsiz olmağa çalışıblar və zaman-zaman buna nail olublar. Jurnalın Ukrayna filialının şef-redaktoru Maksim Kadıkovla söhbətim oldu, o dedi ki, onlar siyasətdən uzaq sürücülərdir və heç bir dövlətin ərazi bütövlüyünü pozmaq istəməzlər».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 517