Muəllif:

Facebook-da İnqilab kabusu

«Alə, qərar verin də, Rusiyadır burada inqilab eləyən, ya Amerika?»
Neçənci dəfədir ki, Facebook-da inqilab hazırlığı barədə xəbərlər yayılır və «sosial şəbəkə»nin nə demək olduğunu dəqiq təsəvvür etməyən bir çox siyasətçilərlə yanaşı, mötəbər yerli, xarici təşkilatların da narahatçılığına səbəb olur.
Bu dəfə Azərbaycanda rəsmi fəaliyyət göstərən ABŞ Milli Demokratiya İnstitutunun yerli bölmə rəhbərinin hesabdan 2 milyon dollar pul çıxardığı və onunla Facebook əhlini inqilaba qaldıracağı haqda həyəcan siqnalı verildi.
«Lazımi instansiyalar» dərhal siqnalı qəbul etdilər. Telekompaniyalar ard-arda fərziyyələr, qınaqlar, ittihamlar səsləndirdi. İki milyondan 94 mininin «Molotov kokteyli» ilə dövlət çevrilişi hazırlayan «Nida»çılardan birinin evindən çıxdığına ehyam vuruldu. Martın 10-da gənclərin «Əsgər ölümlərinə etiraz» aksiyasının da məhz həmin 2 milyonun hesabına təşkil olunduğu güman edildi. Rayonlarda mitinq eləyənlər də yaddan çıxmadı, qəzetlərdən biri yazdı ki, yoxlamaq lazımdır, görək, bu puldan oralara nə qədər gedib çıxıb? Həmin pula «iddialılır» arasında müxalifət partiyalarının da adı çəkildi. Qanunverici orqanımızın bəzi nümayəndələri icra strukturlarını Facebook-u ciddi nəzarətə götürməyə çağırdılar.
Amerika səfirliyi bütün iddiaları əsasız adlandırdı: «NDİ… Azərbaycan hökuməti qarşısında fəaliyyəti ilə bağlı tamamilə şəffafdır, onun fəaliyyəti Ədliyyə Nazirliyi tərəfindən qeydiyyat haqqında saziş çərçivəsində həyata keçirilir».
Əlbəttə, Azərbaycanda rəsmi qeydiyyatda olan bir təşkilatın öz hesabından nə vaxt, nə qədər pul çıxardığını və hara yönəltdiyini yoxlamaq su içmək kimi bir şeydir. Lazım gəlsə (yenə «lazım gəlsə»!) «lazımi instansiyalar» bunu eləyəcəklər.
Amma inanmıram ki, «inqilab» söz-söhbəti NDİ-la bir yerdə yığışdırılsın. Facebook-u «cəzalandırmaqla» insanların get-gedə daha açıq formalarda təzahür edən narazığılını aradan qaldırmaq mümkün olsun.
Facebook nə səbəbdir, nə də nəticə. Facebook bir vasitədir. İnqilabın qarşısını almaq üçün Facebook-la vuruşmaq yox, narazıların səbrini daşdıran səbəb, nəticələri araşdırıb, real tədbirlər görmək lazımdır. İndiyədək xoruz yox idi, səhər açılmırdı? Facebook yox idi, üsyan olmurdu? Bəlkə İsmayıllıda, İmişlidə, Balakəndə də adamları Facebook-la çağırıb icra hakimiyyətlərinin qabağına etiraza toplamışdılar? Onların əksəriyyətinin sosial şəbəkələrdən xəbəri yoxdur, bəziləri elə bilir, Facebook yeməli şeydir. Ona qalsa, həmin Facebook-dan daha yekəsi Amerikanın özündə də var. Niyə orada heç kimin ağlına Facebook-la inqilab eləmək gəlmir? Bəlkə də gəlir, amma hökumət buna görə həbslər keçirmir, deputatlar «Facebook təhlükəsi»ndən təşvişə düşmürlər, telekompaniyalar və qəzetlər Mark Zukerberqin milyardlarından xoflanmır?
Bizdə isə cəmiyyətin bütün təbəqələrində — hakimiyyətdə də, müxalifətdə də, ziyalılarda da, qeyri-ziyalılarda da bir üsyan qorxu-ümidi, inqilab kabusu var. Media tez-tez bundan yazır, bundan danışır. Biri həvəsləndirir, o biri çəkindirir. Rəsmilər hər etiraz aksiyasında daxildən təxribatçı, xaricdən düşmən əli axtarır. Əvvəl, «Eurovision» vaxtı, İngiltərənin adı pis çıxdı. Sonra Almaniya şübhəli görsəndi. Daha sonra Rusiya söhbəti ortaya düşdü. İndi də Amerika. Belə çıxır ki, bütün qüdrətli ölkələr bizimlə düşməndirlər. Yəni Azərbaycanda stabillik buncamı kövrəkdir ki, gözü bizə sataşanın burada aranı qarışdırmaq üçün əli gicişir?
Bu inamsızlıq və kölgədən qorxaqlıq, hakimiyyətin Azərbaycanda hələ ki, şükür, zəif titrəyişlər törədən «yerüstü təkanların» real mənbəyini müəyyən edə bilməməsi, yaxud etmək istəməməsi, medianın da ona qoşulub xarici düşmən axtarışına çıxması, əlbəttə, Facebook əhlinin, xüsusilə də onun gənc hissəsinin əhval-ruhiyyəsinə təsir edir. NDİ-nin «2 milyonluq inqilab» məsələsi ətrafında qaldırılmış hay-küyə reaksiya verən Facebook istifadəçilərinın çoxsaylı söyüş-qarğışları içərisində Bozqurd Türkoğlu ayamalı bir sosial şəbəkə fəalının istehza dolu sualı diqqətimi cəlb elədi: «Alə, qərar verin də, Rusiyadır burada inqilab eləyən, ya Amerika?»
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 168