Muəllif:

Ayrılan yollar

Gülər Əhmədovanın həbsi məntiqəuyğun olduğu qədər də, gözlənilməz alındı. Keçən il sentyabrın 25-dən közərən alov, deyəsən, yandırmağa başlayır. Elşad Abdullayevin Kventin Tarantinosayağı sürrealist süjetlərini izləyən cəmiyyət bunun nə ilə nəticələnəcəyini səbirsizliklə gözləsə də, həmin tamaşanın istəmədikləri halda baş qəhrəmanlarına çevrilmiş simaları son zamanadək özlərini nə qədər tox tutsalar da, yalnız müdafiə olunurdular. Bunu təbii qarşılamaq gərəkdir, çünki indiyədək Azərbaycanda hamıya ümumən bəlli, amma yenə də cib telefonlarını gizlətdikdən sonra belə pıçıltıyla dilə gətirilən həqiqətlərin bu cür qızıl-qırmızı ictimailəşdirilməsi olmamışdı. Hamı çaşqınlıq içindəydi. Yuxarılarda hikkədən boğulurdularsa, aşağılarda kiminsə nəhayət sallaqxana keçisi kimi qabağa düşməsindən həzz alanlar üstünlük təşkil edirdi.
Əvvəlcə, videogörüntülərin saxta olduğu iddia edildi, sonra diqqət Elşad Abdullayevin özünün də düz adam olmadığına yönəldildi, amma bütün bunlar vaxt qazanmaq cəhdlərindən başqa bir şey deyildi. Nəhayət, «gülərgate» darvazasının paslanmış zirəzəsi cırıltıyla açıldı. Əvvəlcə, Gülər Əhmədova Milli Məclisi tərk etdi, sonra isə YAP «məclis»i onunla yollarını ayırdı. Amma videoların ardı-arası kəsilmək bilmirdi. Onlar sahilə çırpılıb geriyə çəkilən dalğalar kimi hər dəfə yeni-yeni simaları üzə çıxarırdı. Süjet artıq qurban tələb edirdi. Belə də oldu — Sevinc Babayeva ölkədən qaçırılsa da, İstanbulda dünyasını dəyişdi. Çərşənbəyədək bu, ən ağır itki idi, amma siyasi mənası və çəkisinə görə Gülər Əhmədovanın həbsi daha taleyüklü görünür. Bunun, zənnimcə, bir neçə səbəbi var. İlk növbədə, bu həbsin hansı hadisələr fonunda baş verdiyinə diqqət yetirmək lazımdır. Ölkədə son bir ay ərzində dalbadal bir yandan kortəbii xalq çıxışları, digər yandan da sosial şəbəkələr vasitəsilə təşkil olunduğu bildirilən etirazlar oldu. Kulminasiya İsmayıllıya təsadüf etdi. Orada baş verənlərin bir çox oxşar cəhətlərə baxmayaraq, Qubadakılardan xeyli fərqi var. İlk halda bir çoxlarının nəsə bir şuluqluq olacağından əvvəlcədən xəbəri vardısa, İsmayıllıda baş verənlər kortəbii xarakter daşıyırdı. Və elə buna görə də, İsmayıllı həyəcan təbili çalmağın əsl vaxtı olduğunu göstərdi, çünki nə Binə ticarət mərkəzində, nə əsgər ölümlərinə qarşı etiraz aksiyasında, nə də İsmayıllıda müxalifət deyə tanınan qüvvənin iştirakı vardı. Bu, nəydisə, heç cür ipə-sapa yatmaya biləcək dərəcədə təhlükəli bir təzahürdü…
Bu yerdə Əkrəm Əylislinin «Daş yuxular»ı ortalığa atıldı. Atıldı kəlməsini necə istəyirsinizsə, elə də yoza bilərsiz, amma burada bir şey danılmazdır ki, «əkrəmgate» «gülərgate»i kölgədə qoydu. Hətta Şeyx həzrətləri yazıçını «mürtəd» belə adlandırdı. Ondan əvvəlcə ölkə prezidenti Əkrəm Əylislinin, demək olar, bütün imtiyaz və fəxri adlarını əlindən aldı. Və belə bir məqamda «Daş yuxular»ın diqqəti yayındırmaq üçün ortaya atıldığı fikri tərəfdarlarına onlarla razılaşmayanlara tənə etməyə imkan verməyən bir hadisə baş verdi — axşamayaxın Gülər Əhmədovanın həbsi xəbəri yayıldı. Belə çıxır ki, Əkrəm Əylisli «təhlükə»sindən də böyüyü varmış. Başqa cür olsaydı, bağları belə qəfildən kəsib yolları ayırmazdılar. Bu ya, şahmatda olduğu kimi, piyadanı qurban verib təşəbbüsü ələ almaq cəhdidir, ya da endşpilə hazırlıq.
Kim bilir, bu qaranlıq və pusulu vadidə hələ nələr olacaq, amma bir çoxlarıyla yolların ayrılacağına şübhə yeri qalmamaqdadır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 295