Muəllif:

25 nəfərə 1 kitab

Pyer Burdye (Pierre Bourdieu — 1930-2002) görkəmli fransız sosioloqudur, poststrukturalizmin ən parlaq nümayəndələrindən biridir. Onun kitabları sosiologiyada ən çox müraciət edilən təməl əsərlərdən sayılır. Burdye «Dünyanın yoxsulluqları», «Hərəkət üçün səbəb» kimi kitabları və vətəndaş mövqeyinə görə bəzi alimlər tərəfindən kəskin tənqid edilmişdir.
Onun «Simvolik kapital» və «Simvolik şiddət», «Habitus», «Sosial mühit» kimi qavramları qloballaşan dünyamıza işıq tutaraq onu anlamağa yardım edir. «Sosial mühit» qavramına futbol örnəyindən baxsaq, görəcəyik ki, bu termini bütün sahələrə tətbiq etmək mümkündür. «Bir ölkədə futbol klublarının olması və bu klubların çempionatda iştirakı o ölkədə futbol var, futbol inkişaf edir demək deyil. Futbolun inkişafı üçün qəzetlərin yaxşı idman səhifələri, yaxşı idman jurnalistləri, atəşli fanatları, futbol dedi-qoduları və s. olması lazımdır. Bunlar varsa, futbolun «sosial mühit»i yaranır və nəticədə futbol inkişaf edir».
Burdyenin kitabını bir sərgi ərəfəsində vərəqləmişdim. Onun «sosial sahəsi» ilə tanışlıqdan sonra bəzi məsələlər mənim üçün daha anlaşılan oldu.
Keçən ilin sonlarında Büyükçekmecedəki 31-ci TÜYAP kitab sərgisinə getmişdim. Getməyimə də min peşman olmuşdum — ziyarətçi əlindən tərpənmək mümkün deyildi. İzdihamdan sərginin, yeni kitabların kefini istədiyim kimi çıxara bilməsəm də, önəmli bir xüsusi müşahidə etmişdim — türk insanı oxuma çılğınlığına düçar olub. Bəli, yanlış oxumadınız — türk insanı. O türklər ki, daha dünənə qədər bütün araşdırmalarda dünyanın ən az mütaliə edən millətləri içində idilər…
Cəmi 2-3 il əvvəlki statistik göstəricilər tükürpərdicidir, dəhşətə gətirir insanı. Mədəniyyət və Turizm nazirliyi tərəfindən 2012-ci ildə aparılmış «Türkiyədə oxuma mədəniyyəti xəritəsi» adlı araşdırmaya görə, ölkə əhalisinin 30(!)%-i oxuma-yazma bilmir. Mütəmadi kitab oxuyanlar isə əhalinin 0.01 (!) faizidir. Müqayisə üçün bu rəqəm İngiltərə və Fransada 21%-dir.
«Cahillik mütaliə etməklə tərs mütənasibdir» kimi çox bəyəndiyim bir deyim var. Hərçənd ki, bəzi pedaqoq və psixoloqlar bu fikri qəbul etmirlər. Olsun, qoy etməsinlər, amma statistikanı ciddiyə almamaq olmur — Türkiyədə 25 nəfər ildə 1 kitab oxuyur, Yaponiyada isə 1 nəfər ildə 25 kitab oxuyur.
25 nəfərin «yığışıb» 1 (bir) kitab oxuduğu ölkədə statistik göstəricilər başqa sahələrdə də ürəkaçan deyil. Səhiyyə müəssisələri və Allah evləri arasındakı nisbətə baxaq:
Almaniyada 70 min səhiyyə müəssisəsi var, 8 min kilsə…
Fransada 60 min səhiyyə müəssisəsi var, 9 min kilsə…
Türkiyədə 7 min səhiyyə müəssisəsi var, 78 min məscid …
Elə bu nisbətə görə də bir almanın ildə kitab almaq üçün ortalama 138 dollar xərclədiyi təəccüb doğurmur. Amma bir türk ildə cəmi 0.44 dollarlıq kitab alır.
Bu rəqəmlər 3-4 il əvvələ aid statistikadır. Amma artıq Türkiyədə vəziyyət düzəlməyə başlayıb. Son 3 il ərzində sürətli bir böyümə görülməkdədir. 2009-da 700 milyon dollar olan Türkiyə kitab bazarı keçən il 2.5 milyard dollara yüksəlib.
Kitab sərgisində izdihamdan gəzmək olmur, kitab mağazalarında insan qaynayır, böyük qəzetlər ayda bir dəfə pulsuz «kitab» əlavəsi çıxarırlar, indi bir çox qəzetin xarici siyasət, idman, iqtisadiyyat yazarı kimi kitab yazarı da var, TV-də sabun-şampunla bərabər artıq az da olsa, yeni çıxan kitablar da reklam olunur, TV-dəki «söhbət proqramları»na, nəhayət ki, yazarlar da dəvət edilirlər (hətta bəzi yazarların reytinqli müəllif proqramları da var) və kitab deyəndə ağla ilk gələn, sadəcə, romanlar, hekayələr deyil, elmi-kütləvi ədəbiyyat da gəlir. Bütün bunlar «sosial sahə»nin yaranmasına işarə deyilmi? Bu sadaladığım faktlar kitaba, elmə, irfana olan marağın, tələbatın artması üçün sosial şəraitin, yeni «sosial mühit»in xəbərçisi deyilmi?
Bu şərait yaranmadan, yəni «sosial sahə» formalaşmadan milyonlarla kitab nəşr eləsən də, mütaliə edənlərin sayı artmayacaq. «Böyüyürük, tirajlarımız artır» deməklə oxuyan insanların sayı artmır. Bir də baxırsan ki, «böyüyürsən, amma geriyə gedirsən». Pyer Burdye və onun tələbələri bugünkü qloballaşan dünyada «İnkişaf etmədən, modernləşmədən böyümək olmaz» deyir, modernləşmənin özünün isə fərdə verilən dəyərlə, cəmiyyətin fərdə nə qədər fərd olma haqqı verməsiylə, fərdin haqq və hüquqları ilə, fərdin özünü realizə etməsi üçün yaradılan şəraitlə ölçüldüyü tezisini müdafiə edirlər. Bunlar olursa, modern olmanın «sosial sahəsi» yaranır.

[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 411