Muəllif:

Doktor Zehtabinin anım mərasimi keçirilib

Tehranda professor Məhəmməd Tağı Zehtabinin vəfatının 14-cü ildönümü münasibəti ilə anım mərasimi keçirilib. Mərasimdə bir qrup azərbaycanlı ziyalı, şair, yazıçı və milli-mədəni fəal iştirak edib. Mərasim iştirakçıları professor Zehtabinin Güney Azərbaycan və türk dünyasının oyanışında, gənclərin aydınlaşmasındakı xidmətlərindən danışıblar.
Mərasimdə doktor Hüseyn Məhəmmədxanlı (Güneyli) mərhum professor Zehtabi haqqında geniş çıxış edib və bir çox sualları cavablandırıb. Zehtabi, dünya şöhrətli mütəfəkkir, yazıçı, jurnalist, dilçi və tarixçi alim, dünya azərbaycanlıları üçün tanınmış simadır. Ədəbiyyat və tarixə dair onlarca dəyərli kitab müəllifidir. «İran türklərinin əski tarixi» isə bizim üçün ayrıca önəm daşıyır və professor Zehtabinin ən məşhur əsərlərindən biridir.
Doktor Məhəmməd Tağı Zehtabi (Kirişçi) 1923-cü ilin oktyabrında Təbriz yaxınlığındakı Şəbistər qəsəbəsinin Çay küçəsində dünyaya göz açmışdır. Orta məktəbi Təbrizdə başa vuran Məmmədtağı Zehtabi öz ana dili ilə yanaşı fars, ərəb, fransız, mühacirət dövründə isə rus dillərini mükəmməl mənimsəyə bilmişdir.
Zehtabi hələ 18 yaşlarında ikən (1939) Hacı Mirzə Əli Şəbistərinin təşəbbüsü ilə ana dilində nəşr olunan «Azərbaycan» qəzetində məqalə və şeirləri ilə çıxış etmişdi. 1946-cı ildə Azərbaycan Milli Hökuməti dövründə Güney Azərbaycanda açılmış Təbriz Universitetinin ilk tələbələrindən olub. Universitet təhsilini başa çatdırmaq və İrandakı rejimin siyasi təqiblərindən yaxa qurtarmaq üçün Quzey Azərbaycana mühacirət etmiş və orada qısa müddət ərzində Azərbaycan tarixi, dili və ədəbiyyatına aid bir neçə kitab çap etdirmişdir. 1979-cu ildə İranda Pəhləvi rejimi yıxıldıqdan sonra Vətəni Təbrizə qayıdan professor Zehtabi öz elmi tədqiqatlarını geniş aspektdə davam etdirmişdir. Vəfatınadək (1998, 23 sentyabr) Azərbaycan tarixi haqqında yazdığı əsərlər bütöv Azərbaycan tarixşünaslığında yeni bir cığır açmışdır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 260